AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov 2 beynəlxalq müsabiqədə mükafat qazanıb

AzərTAc-ın fotomüxbiri İlqar Cəfərov 2 beynəlxalq müsabiqədə mükafat qazanıb
 
 
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) himayəsi altında keçirilən iki beynəlxalq fotomüsabiqənin qalibləri sırasındadır.
Serbiyada təşkil edilən beynəlxalq rəqəmsal fotosalonda (2nd International Salon of Photography "Kula-Grand Prix 2014”) İlqar Cəfərovun "Zebrlər” adlı işi monoxrom fotoqrafiya nominasiyasında bürünc medala layiq görülüb.
Dünyanın 50-dən çox ölkəsindən 372 fotoqrafın iştirak etdiyi müsabiqə 6 nominasiyada keçirilib. "Zebrlər” fotoqrafiyası 2012-ci il sentyabr ayında Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda qızlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimində çəkilib.
FİAP-ın himayəsi ilə keçirilmiş ikinci fotomüsabiqə Rusiyada təşkil edilən və sözün hər mənasında sevgi mövzusuna həsr edilmiş "Love Story International Salon 2014” adlı beynəlxalq müsabiqədir. Dörd nominasiyada keçirilmiş bu müsabiqədə İlqar Cəfərovun "Paralimpiyaçının məhəbbəti” adlı işi Beynəlxalq Fotoqraflar Birliyinin (UPI - United Photographers International) fəxri fərmanına layiq görülüb.
Qeyd etmək lazımdır ki, fotomüsabiqəyə göndərilmiş çoxsaylı fotoqrafiyalar içindən təkcə final mərhələsi üçün dünyanın müxtəlif ölkələrini təmsil edən fotoqrafların 1102 işi seçilib. Fərəhli haldır ki, agentliyin əməkdaşı iki beynəlxalq müsabiqənin mükafatçıları sırasındadır.
"Paralimpiyaçının məhəbbəti” fotoşəkli 2004-cü ilin sentyabr ayında Afinada (Yunanıstan) Paralimpiya Oyunları dövründə çəkilib.