2014-cü ildə Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən bir sıra nailiyyətlər əldə olunub, müəyyən yeniliklər həyata keçirilib. İl ərzində görülmüş işlər, qazanılan uğurlar, təşkil olunan tədbirlər və digər məsələlər barədə məlumat almaq üçün federasiyanın baş katibi Bəhruz Nəbiyevlə görüşdük.
- Ötən il federasiya nə kimi işlər həyata keçirib? Çaparlarımız hansı yarışlarda mübarizə aparıblar?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın bütün sahələrinə olan diqqət və qayğısını Azərbaycan Atçılıq Federasiyası da öz üzərində hiss edir. Bu dəstəkdən yararlanaraq Azərbaycan atçılığını daha da zirvələrə qaldırmaq, dünyanın hər yerində Azərbaycan bayrağını qalib kimi ucaltmaq federasiyamızın ən vacib, ən qürurlu vəzifəsidir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Bildiyiniz kimi, ARAF 2009-cu ildən etibarən ölkə ərazisində beynəlxalq statuslu konkur yarışlarının keçirilməsinə start verib. Bu illər ərzində ən aşağı kateqoriya hesab edilən 1 ulduzlu yarışlarla yanaşı, yüksək kateqoriya hesab edilən 4 ulduzlu yarışlar da keçirilib və dünyanın bir sıra ölkələrinin idmançılarının həmin yarışlarda iştirakı təmin edilib.
2014-cü ildə də federasiyamız tərəfindən təşkil olunmuş yerli və beynəlxalq konkur yarışlarında Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, İran, Türkiyə, İtalya, Ukrayna, Luksenburq və Fransa idmançıları da iştirak ediblər. Yarışları idarə etmək üçün Türkiyə, İran, Bolqarıstan, Rusiya və başqa ölkələrdən hakimlər dəvət olunublar. İl ərzində ölkəmizdə 10 konkur yarışı təşkil edilib. Bunlardan 6-sı beynəlxalq, 4-ü yerli yarışlar idi. Beynəlxalq yarışların üçü 1 ulduz, ikisi 2 ulduz, biri isə 3 ulduz səviyyəsində keçirilib. İl ərzində ölkəmizdə keçirilən 28 beynəlxalq turnirlərlərdə 18 dəfə yerli idmançılar, 10 dəfə isə xarici idmançılar fərqləniblər. Ümumilikdə, bütün bu turnirlərdə 32 idmançı və 48-dək at iştirak edib. 2014-cü il ərzində təşkil olunmuş konkur yarışlarının ümumi mükafat fondu 248, 830 manat təşkil edib. Konkur turnirlərinin ümumi büdcəsi isə 350 min manatdan artıq olub.
2009-cu ildən etibarən hər il keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Beynəlxalq Heydər Əliyev Kuboku turnirləri artıq federasiyamız üçün ənənəvi hal alıb. Azərbaycan Respublikası ərazisində keçirilən ilk beynəlxalq atçılıq turniri də məhz bu ad altında təşkil olunub. Federasiyamız ötən il də bu ənənəni qorudu. Belə ki, 2014-cü ilin may ayında ARAF tərəfindən daha bir möhtəşəm Heydər Əliyev Kuboku turniri təşkil olundu. Turnir CSİ3* konkur yarışı kimi qeydə alınmışdı. Azərbaycan idmançısı Camal Rəhimov Heydər Əliyev Kubokunu qazandı.
Atçılıq üzrə milli komandanın kapitanı Camal Rəhimov 2013-cü ildə həm Dünya kubokunun final mərhələsində, həm də dünya çempionatında iştirak üçün vəsiqələri özü üçün təmin etmişdi. Xatırladım ki, 2013-cü ilin aprel ayında Fransanın Lyon şəhərində keçirilən Dünya kubokunun final yarışlarında idmançımız "Varrior” ləqəbli atla mübarizə aparmışdı. 4 gün davam edən yarışlarda Camal final mərhələsinə qədər yüksəlsə də, atının zədələnməsinə görə, həlledici mərhələdə iştirak edə bilməmişdi. Avqust-sentyabr aylarında Fransada təşkil olunan dünya çempionatında da ölkəmizi Camal Rəhimov təmsil edirdi.
- Gələn il çaparlarımız Olimpiya oyunlarında iştirak edəcəklər. Mötəbər turnirə hazırlıq aparılırmı?
- 2016-cı ildə Braziliyada keçiriləcək növbəti Olimpiya oyunlarına hazırlıq federasiyamız tərəfindən yüksək səviyyədə davam etdirilir. Belə ki, Braziliyada milli komanda şəklində iştirak etməyi qarşısına məqsəd qoyan ARAF idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakını təmin edib və həmin idmançıların Avropada təlimlər keçməsi üçün şərait yaradıb. Komandanın kapitanı Camal Rəhimov, üzvlər Patrik Mak Enti, Andre Şröder və Manuela Kisse Avropada təlimlər keçiblər. Yeri gəlmişkən deyim ki, milli komandamızın kapitanı Camal Rəhimov bugünlərdə İspaniyada keçirilən və Olimpiya oyunlarına lisenziya xalı verən "Oliva Nove” turnirində bütün rəqiblərini qabaqlayaraq birinci olub. Vaxtın nəzərə alınması ilə keçirilən bu yarışda çaparımız marşrutu 72.62 saniyəyə qət edib və 50 lisenziya xalı qazanıb. Qeyd edim ki, Beynəlxalq Atçılıq Federasiyasının 2014-cü ildə verdiyi qərara əsasən, komandaların Olimpiya oyunlarına vəsiqə əldə etməsi üçün xüsusi yarış 2015-ci ilin sonlarında Slovakiyanın Samorin şəhərində keçiriləcək. Rio-de-Janeyro Olimpiya oyunlarına fərdi vəsiqələrin əldə olunması üçün isə 14 aylıq müddətə ötən ilin yanvar ayından etibarən start verilib.
- Federasiyanın təşkil etdiyi cıdır yarışları da böyük maraqla izlənir. İstərdik ki, bu barədə danışasınız.
- Cıdır yarışları ölkəmizdə 2010-cu ildən etibarən keçirilir. Ölkə ərazisində qış aylarının sərt keçməsi səbəbindən cıdır yarışları aprel ayında başlayır və ilin ancaq 7 ayı ərzində keçirilir. 2014-cü ilin cıdır təqvimi ilin ilk ayı ərzində hazırlanaraq, təkliflərin verilməsi üçün at sahibləri və məşqçilərin nəzərinə çatdırılmışdı. Təkliflərə əsasən təqvimdə kiçik dəyişikliklər olunduqdan sonra cıdır mövsümünün illik proqramı tərtib edilmişdi.
Mövsüm ərzində ümumilikdə 14 cıdır günü, 89 fərqli qaçış təşkil olunmuşdu. Qaçışlar 2, 3, 4 və yuxarı yaşlı Qarabağ və Dilbaz, ingilis, ərəb və Axaltəkə cinsli atlar üçün keçirilmişdi. 2014-cü il cıdır mövsümü ərzində keçirilən 89 qaçışda 25-i Qarabağ və Dilbaz, 47-si ingilis, 21-i ərəb, 8-i Axaltəkə olmaqla, ümumilikdə 101 baş at iştirak edib. Bu göstərici isə ötən ilə nisbətən 20 faiz artım deməkdir. Mövsümün başlanğıcında cıdır yarışları üçün 568, 320 manat mükafat fondunun təsis olunmasına baxmayaraq, bəzi qaçışlarda at sayı yetərli olmadığı üçün həmin yarışlar ləğv edilmiş və nəticədə, cəmi 421, 620 manat mükafat fondu qaliblər arasında bölüşdürülmüşdü.
Keçirilən bütün cıdır yarışları Azərbaycan Respublikasının Atçılıq Federasiyasının hakimlər kollegiyası tərəfindən idarə olunub. Yarışlar zamanı qayda pozuntusu ilə bağlı yazılı şikayət qeydə alınmayıb. Ümumilikdə 2014-cü ilin cıdır mövsümünün ümumi büdcəsi 450 min manat təşkil edib. Məlumat üçün deyim ki, bu rəqəm 2011-ci ildə 59 min 400 manat, 2012-ci ildə 149 min 770 manat və 2013-cü ildə isə 200 min manat olmuşdu.
- Milli cinslərimizin yetişdirilməsi, şübhəsiz ki, vacib məsələlərdən biridir. Federasiya bu istiqamətdə hansı tədbirləri həyata keçirir?
- Azərbaycan Respublikasının Atçılıq Federasiyası 2009-cu ildən etibarən, əsas məqsədlərdən biri kimi, yerli cinslərimiz olan təmizqanlı Qarabağ və Dilbaz atlarının yetişdirilməsi, cinsin qorunub saxlanmasını, gələcək nəsillərə təmizqanlı cins kimi ötürülməsinin təmin olunmasını öz öhdəsinə götürüb. 2010-cu ildən başlayaraq, digər təmizqanlı cinslərlə yanaşı, yerli cinslərimizin də iştirakı ilə cıdır yarışları keçirilib və həmin atlar bu qaçışlarda sınanıb. Həmin dövrdən etibarən bütün tədbirlərimizdə yalnız DNT təhlilindən tələblərə uyğun keçmiş və valideyn mənsubiyyəti müsbət müəyyən edilmiş atlardan istifadə edilib. Bu tələblərin federasiya tərəfindən qoyulmasında əsas məqsəd təmizqanlı cinslərin yetişdirilməsinə zəmin yaratmaq idi. Hər il olduğu kimi, 2014-cü ilin də cıdır mövsümünün başlanğıcında at sahibləri və məşqçilərlə görüş keçirilib və bu tələblər onların diqqətinə çatdırılıb. At sahibləri və məşçilər tərəfindən daxil olan təkliflərə əsasən hər il cins atların özlərindən, valideynlərindən tük nümunələri götürülərək Almaniyada yerləşən Gene Kontrol laboratoriyasına göndərilir. Nəticələr barədə bizə məlumat verilir. Bu proses 2014-cü ildə də davam etdirilib. Qeyd edim ki, 2010-cu ildən bu günə kimi ümumilikdə 450-dən çox atın genetik araşdırması aparılıb. Əgər 2010-2011-ci illərdə valideyn mənsubiyyəti təsdiq olunmuş atlar 30-40 faiz idisə, bu rəqəm 2013-cü və 2014-cü illərdə 90-95 faizə qədər artıb. Bu isə təmizqanlı milli cinslərin yetişdirilməsi istiqamətində əsaslı dönüşə nail olunduğunun göstəricisidir.
DNT təhlilləri məsələsi ilə bağlı bu il yenidən at sahibləri və məşqçilərlə görüş keçiriləcək. İl ərzində yeni doğulan və yarış həyatına başlamağı planlaşdırılan yerli cinslərimizdən nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsi prosesi davam etdiriləcək. Bir daha vurğulamaq istərdim ki, bu işlərin aparılmasında əsas məqsəd yerli cinslərimizin inkişaf etdirilməsi, qorunub saxlanması və gələcək nəsillərə təmizqanlı cins kimi çatdırılmasından ibarətdir.
Yerli cinslərimizdən cıdır yarışlarından əlavə, milli atüstü oyunlarda və eyni zamanda, hazırda inkişaf etdirilən süvarilər dəstəsinin fəaliyyətində də istifadə olunur. Azarkeşlər 2014-cü ildə təşkil olunan bir sıra tədbirlərdə həmin süvarilərin Qarabağ atı üzərində çıxışlarını böyük maraqla izləyiblər. Bu layihə ilə bağlı gələcək planlarımızdan biri də, yerli cinslərimizin iştirakı ilə təşkil olunan bu möhtəşəm şounun beynəlxalq arenada nümayiş olunmasıdır.
- Qarabağ atlarının dünyada tanıdılması üçün addımlar atılırmı?
-Yerli cinslərimizdən olan Qarabağ atının dünyaya tanıdılması və nüfuzunun artırılması məqsədi ilə 2014-cü ildə tərəfimizdən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, İngiltərə Kraliçası İİ Yelizavetanın şərəfinə keçirilən tədbirlər silsiləsinə ARAF yenidən qoşulub. Ötən il tədbirlərin nümayəndə heyəti Bakı şəhərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyevlə görüşüb. Həmin görüşün əsas müzakirə məsələsi 2015 və 2016-cı illərdə keçiriləcək atçılıq tədbirlərində Azərbaycanın da iştirakının təmin olunmasından ibarət idi. Sevindirici haldır ki, atçılıq idmanını sevənlər 2015 və 2016-cı illərdə Azərbaycanın tarixi maddi irsi olan Qarabağ atlarının yenidən Londonda çıxışını izləyə biləcəklər. 2012-ci ildən fərqli olaraq, bu dəfə Qarabağ atları süvarilər qrupunun nümayiş təqdimatında çıxış edəcəklər.
Yeri gəlmişkən deyim ki, 2014-cü ilin əvvəllərində fransız yazıçı Jan Lui Qüronun şəxsi təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə "Qarabağ atı” adlı kitab hazırlanıb. Bu kitab Qarabağ cinsinin tarixi, kökləri, xüsusiyyətləri, istifadə olunduğu sahələr və bir sıra başqa məlumatları özündə əks etdirir. Bir neçə ay çəkən hazırlıq işləri tamamlandıqdan sonra kitabın çapı İsveçrədə həyata keçirilib. Ötən il Dünya Atçılıq Oyunlarının da təşkil olunduğu Fransanın Kan şəhərində təqdimatı keçirilən bu əsər artıq bir sıra beynəlxalq kitab sərgilərinə çıxarılıb.
- Xalqımızın milli atüstü oyunlarından biri də çövkən oyunudur. Bu oyunun inkişafı ilə bağlı nə deyə bilərsiniz?
- Çövkənin inkişafı hazırda federasiyanın diqqət mərkəzindədir. Federasiyanın qarşısında duran əsas məqsədin milli atçılığın inkişafı olduğuna görə, biz cövkən oyununun təbliğinə də xüsusi diqqət ayırırıq. 2009-cu ildə təməli qoyulan çövkən üzrə Azərbaycan çempionatı 2014-cü ildə artıq üçüncü dəfə təşkil olunub. Çempionatın mükafat fondu 50 min manat müəyyən edilmişdi. Ötən ilin may ayında keçirilən çempionatda ümumilikdə 8 komanda mübarizə aparıb. Bakı Dövlət Cıdır Meydanında təşkil olunan turnirdə rayonlardan gəlmiş komandalarla yanaşı, Bakını təmsil edən komandalar da gücünü sınayıb. Bakı Dövlət Cıdır Meydanının ərazisində hələ 2010-cu ildə inşa edilən çövkən meydanında mütamadi olaraq məşqlər keçirilir və oyunçuların bu növə olan marağı artırılır. 2015-cü ildə çövkən üzrə Azərbaycan çempionatı ilə yanaşı, bir sıra kubok və turnirlərin də keçirilməsi planlaşdırılır.
Bundan əlavə, 2014-cü ilin dekabr ayında ARAF və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Şəkinin Daşüz kəndində Prezident Kuboku yarışları keçirilib. Həmin turnirdə bütün ölkə üzrə ümumilikdə 24 komanda iştirak edib. Bu, Azərbaycanda ümumi atçılığın inkişafı ilə yanaşı, milli atüstü oyunlara da marağın artmasını göstərən amildir.
- Bildiyimizə görə, polo üzrə Avropa çempionatının final mərhələsi bu il Bakıda keçiriləcək...
- 2012-ci ildən başlayaraq, polo üzrə Dünya kuboku yarışlarının Azərbaycanda keçirilməsi üçün tərəfimizdən hazırlıqlar aparılıb. Əlbəttə ki, dünyada polo kimi tanınmış bir oyunun köklərinin Azərbaycana aid olması və bu səbəblə də Beynəlxalq Polo Federasiyasının bu yarışların məhz ölkəmizdə keçirilməsini təklif etməsi bizim üçün qururvericidir.
Artıq bütün dünya qəbul edib ki, müasir polo oyunu Azərbaycanın ən qədim atüstü oyunlarından olan çövkənin modern, modifikasiya olunmuş formasıdır. 2014-cü ildə ölkəmizdə polo üzrə Dünya kuboku yarışları keçirilib. Dünyanın bir sıra polo ölkələrindən dəvət olunmuş qonaqlar və oyunçular bu turniri, böyük məmnunluqla izləyiblər.
Ötən il ölkəmizin ev sahibliyi etdiyi Dünya kuboku daha bir məsələ ilə əlaqədar yaddaqalan oldu. Xatırladım ki, ARAF-ın 2013-cü ilin yekunlarında qarşısına qoyduğu məqsədlərdən biri Azərbaycan milli polo komandasının yaradılması idi. Bu iş 2014-cü ildə başa çatdı və bu Dünya kuboku yarışlarında komandamız vətənimizdə bizi layiqincə təmsil etdi. Ilk dəfə turnirdə iştirak edən komandamız 3-cü yeri tutdu. Qeyd edim ki, turnirdən bir neçə ay əvvəl təlim-məşq toplantılarının təşkil olunması məqsədi ilə komanda üzvləri bir araya toplanmış və argentinalı mütəxəssislər tərəfindən onlara təlimlər keçirilmişdi. 2014-cü ilin sonlarında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında 2015-ci ilin Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə qərar verilib. Bu turnirdə Avropa reytinq xallarına əsasən müəyyən olunan 7 komanda ilə yanaşı, turnirə ev sahibliyi edən Azərbaycan milli komandası da mübarzə aparacaq. Yeri gəlmişkən deyim ki, ARAF 2013-cü ildən Beynəlxalq Polo Federasiyasının üzvüdür.
- Şübhəsiz ki, ötən ilin mühüm hadisələrindən biri kimi, Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının paytaxtımızda keçirilməsini qeyd etmək olar...
- Baş Assambleya dekabrın 11-14-də Bakı şəhərində keçirildi. 2014-cü ilin aprel ayında İsveçrənin Lozanna şəhərində keçirilən növbədənkənar Baş Assambleyada 2014-cü ilin Baş Assambleyasının məhz ölkəmizin paytaxtında təşkil olunması qərara alınmışdı. Bütün hazırlıq işləri ən yüksək səviyyədə həyata keçirilmişdi. Qonaqların rahat yerləşməsi, ölkəmizlə yaxından tanış olması üçün bütün şərait yaradılmışdı. Baş Assambleyalar tarixində rekord sayda qonaq məhz Bakı şəhərində keçirilən tədbirdə iştirak edirdi. Ümumilikdə 350-dən çox xarici qonaq paytaxtımıza gəlmişdi. Bu Assambleyanın digər bir mühüm cəhəti isə prezident seçkilərinin keçirilməsi ilə bağlı idi. Belə ki, Beynəlxalq Atçılıq Federasiyasının keçmiş prezidenti Ülyahəzrət Şahzadə Haya Bint Al Hüseyn namizədliyini geri götürdüyü üçün 5 namizəd arasında prezident seçkiləri keçirildi. Seçkilərin nəticəsinə əsasən BAF-ın keçmiş baş katibi, belçikalı İnqmar De Vos Beynəlxalq Atçılıq Federasiyasının yeni prezident seçildi.
Tədbirin Qala Gecəsi "Buta Palas”da təşkil olundu. Assambleyanın yüksək səviyyədə keçirilməsinə görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidentinə Şahzadə Haya tərəfindən xüsusi hazırlanmış mükafat təqdim olundu.
- Bəhruz müəllim, bayaq qeyd etiyiniz kimi, yarışların idarə edilməsi üçün ölkəmizə beynəlxalq hakimlər dəvət olunurlar. Bu, ilə əlaqədardı?
- Biz öz hakimlərimizin hazırlanmasını da diqqət mərkəzində saxlayırıq. Ötən ilin sonlarında Beynəlxalq Atçılıq Federasiyasının vəzifələndirdiyi hakimlərin iştirakı ilə Bakı şəhərində seminar təşkil olundu. Seminarın sonunda keçirilən imtahanın nəticələrinə əsasən, ARAF-ın əməkdaşları Nahid Umarov və Gülnarə Əliyeva 1-ci dərəcəli beynəlxalq hakimlik statusu əldə etdilər. Bununla da, Azərbaycanın bu növdə beynəlxalq hakimlərinin sayı 3-ə çatdı. 2015-ci il ərzində hakimlik dərəcələrinin qısa vaxt ərzində əldə olunması ilə bağlı yeni proqram hazırlanacaq.
Hürrü Abdullayev