Macarıstanın Debresten şəhərində boks üzrə İştvan Boşkainin xatirəsinə Beynəlxalq turnirdə Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Turnirdə 52 kq çəki dərəcəsində final görüşü çox maraqlı alınıb. Həlledici qarşılaşmada Məsud Yusifzadə və Salman Əlizadə üz-üzə gəliblər. Gənc M.Yusifzadə təcrübəli Avropa çempionu olan komanda yoldaşını məğlub edərək qızıl medal qazanıb.
Xaybulla Musalov (75 kq) da Macarıstandan qızıl medalla dönüb. Milli komandamızın üzvü Macarıstan boksçusu Bamabas Neqi ilə qarşılaşmalı idi. Ancaq rəqib idmançı rinqə çıxmayıb. Azərbaycan çempionu Elnur Əliyev (64 kq) yarımfinalda Monqolustan təmsilçisi Baatarkhuu Çinzoriqə uduzaraq üçüncü yerlə kifayətlənib.
Ümumi komanda hesabında millimiz Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü yeri tutub.