Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən "Baku Fires” klubu cari mövsümdə ikinci qələbəsini qazanıb. "Rafako Hussars Poland” komandası ilə görüşdən sonra (5:0) baş məşqçi Nuripaşa Talibov fikirlərini jurnalistlərlə bölüşüb: "İki ardıcıl məğlubiyyətdən sonra qələbə qazanmalı idik. Şadam ki, qələbə əldə etdik. Uşaqların hamısı baxımlı, döyüş göstərmək istəyirdi. Bu da onların döyüşünə bir qədər təsir göstərirdi. Buna baxmayaraq 5 boksçunun hamısı üstün döyüş nümayiş etdirdi. Albert Səlimov və Arslanbek Mahmudov cari mövsümdə ikinci qələbələrini qazandılar. Pərviz Bağırov bu gün WSB liqasında debüt etdi. Həmişə ilk döyüş çətin olur. Fikirləşirsən ki, sona qədər gücüm çatacaq, ya yox. Amma Pərviz yaxşı təsir bağışladı. 5 raundun hamısında hakimlər üstünlüyü ona verdilər. Yavaş-yavaş azarkeşləri yenidən zala qaytarırıq. Bu gün Quba Olimpiya Kompleksi tam dolmuşdu. Onlara da təşəkkür edirəm”.