“Qəbələ atıcılıq klubu müasir standartlara cavab verəcək”

“Qəbələ atıcılıq klubu müasir standartlara cavab verəcək”


Bildiyimiz kimi, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsindəki atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinə baxışda iştirak etmişdir. Mərasim iştirakçıları arasında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev də var idi. Klubun indiki vəziyyəti, görülən işlərlə bağlı onunla görüşüb söhbət etdik. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rasim müəllim, bugünlərdə Qəbələ rayonunun Bum qəsəbəsindəki atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinə baxış oldu. Klubun hazırkı vəziyyəti, görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Qəbələ atıcılıq klubunun layihəsini Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnologiya İnstitutu hazırlayıb. Tikintisinə ötən ilin iyun ayında başlanılan atıcılıq klubun birinci mərhələsinin inşası tam başa çatdırılmışdır. 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunub.

- Bəs klubun ərazisində nə kimi işlər aparılıb?
- Klubun ərazisində abadlaşdırılma işləri aparılıb, bayraq meydanı quraşdırılıb , yaşıllıq salınıb, müasir işıqlandırma sistemi, əlavə generator quraşdırılıb və qazanxana tikilib.

- Klub memarlıq üslubuna görə də seçilir...
- Dögrudur, klubun binası xüsusi memarlıq üslubunda inşa olunub. Buna görə də tikili fərqli görünüşə malikdir. Ümumiyyətlə, bir- birinə bənzəməyən belə binaların olması hamı üçün maraqlıdır. Hazırda əsas diqqət binanın tikinti işlərinin tamamlanmasına yönəlib. Burada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal da yaradılıb. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərəcək. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaqlar. İdman silahlarından istifadə etmək üçün xüsusi qaydalar müəyyən edilib. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılıb. Qeyd edək ki, atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə ən müasir hədəftullayıcı avadanlıqlar quraşdırılmışdır . Klubda atıcılıq idmanının daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığı növünə də xüsusi yer ayrılıb. Klubun ərazisində Olimpiya yarışlarında istifadə olunan texniki invertarlarla təchiz olunmuş sahə də yaradılıb. Nəticələri qeydə alan elektron tablo yerləşdirilib. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb.

- Rasim müəllim, bəs burada uşaq və yeniyetmələr üçün hansı şərait yaradılıb ?
- Uşaq və yeniyetmələr üçün tədris mərkəzi yaradılıb. Onların rahatlığı, istirahəti nəzərdən yayınmayıb. Bundan başqa, ümumilikdə 300 kvadratmetr sahədə silah-sürsat anbarı, 4,5 hektar ərazidə 5 dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sportinq meydançası inşa edilib.

- Klubun avadanlıqları, yəqin ki, əcnəbi ölkələrdən gətirilib?
- Bəli. Dairəvi, səngər stend atıcılığı meydançalarının və tirlərin avadanlığı Fransadan və İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilib.

-Yəqin ki, turistlərin və kompleksə gələnlərin marağını cəlb edən guşələr də olacaq...
- Bizim belə bir planımız var. Guşələrin olması həm vacib, həm də maradlıqır. Bundan başqa, burada idman-ovçuluq ləvazimatı mağazasının açılması da nəzərdə tutulub. Bu, klubun özəlliklərindən biridir. Mağazada atıcılıq idmanında tətbiq olunan ən son texniki avadanlıqlar, idman silahları, geyim növləri və digər vasitələr satışa çıxarılacaq. Klubda, eyni zamanda, balıqçılıqla maraqlananların da istəkləri nəzərə alınıb.

- Rasim müəllim, bəs, növbəti mərhələdə klubda nə kimi işlər görüləcək?
- Növbəti mərhələdə bəzi işlər nəzərdə tutulub. Klubun ərazisində 50 atıcılıq yeri olan 25 metrlik , 60 atıcılıq yeri olan 50 metrlik yarım açıq tir , 60 atıcılıq yeri olan 10 metrlik tirlər, səkkiz sportinq meydançası , həvəskarlar üçün 25-50 metr məsafələrdən ox atmaq meydançası , elektromobilləri yükləmək və saxlamaq üçün otaq, o cümlədən istirahət məkanları tam şəkildə başa çatdırılacaq. Bir sözlə, Qəbələ atçılıq klubu müasir standartlara cavab verəcək. Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinə baxışı zamanı görülən işlərdən razılığını bildirdi, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

- Rasim müəllim, klubda paralimpiyaçılarımız üçün də şərait yaradılacaqmı?
- Biz paralimpiyaçılarımızı xüsusilə nəzərə almışıq. Buradakı qapılar, pilləkənlər elə qurulub ki, əlil arabası keçə bilsin. Paralimpiyaçılarımız bizim hər zaman diqqət mərkəzimizdədirlər. Burada onların rahat hərəkət etməsi üçün bütün detallar nəzərə alınıb.

- Bildiyimiz kimi, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. ..
- Bu, çox sevindirici haldır. Belə bir möhtəşəm yarışın paytaxtımızda keçirilməsi ölkəmizin idman sahəsində inkişafından xəbər verir. Ölkə başçısının idmana göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, bu möhtəşəm idman yarışı məhz ilk dəfə Bakıda keçiriləcək. Bu gün respublikamızda belə irimiqyaslı yarışların keçirilməsi üçün hər bir şərait var. Fəaliyyət göstərən Olimpiya kompleksləri, idman qurğuları belə yarışların təşkilinə imkan verir. Belə komplekslər təkcə paytaxtımızda deyil, əksər bölgələrdə də fəaliyyət göstərməkdədir. Bu isə idmanın yüksək inkişafından xəbər verir, gənc nəslin idmana olan marağını artırmaqla bərabər, sağlam böyüməsinə zəmin yaradır. Azərbaycan Atıcılıq Federasiyası I Avropa Oyunlarının atıcılıq yarışlarında yüksək səviyyədə iştirak üçün artıq öz proqramını hazırlayıb, dünya atıcılıq federasiyalarının yüksək rütbəli şəxsləri ilə görüşlər keçirmiş, yarışların təşkili məsələlərini müzakirə etmişik. İnanıram ki, I Avropa Oyunlarındı iştirak edəcək hər bir idmançı və nümayəndə heyətinin üzvləri belə mötəbər yarışları ən yüksək səviyyədə təşkil edən qonaqpərvər Azərbaycanı həmişə xatırlayacaqlar. İdmançılarımız isə doğma torpağımızda böyük qələbələr qazanacaq , Azərbaycanımızın bayrağını zirvələrə qaldıracaqlar.

Jalə Rzabəyli