Azərbaycanın qadın otüstü xokkeyçilərindən ibarət millisi Dünya Xokkey Liqasının ikinci mərhələsini üçüncü pillədə başa vurub.
Uruqvayın Montovideo şəhərində təşkil olunan yarışda üçüncü yer uğrunda Meksika millisi ilə qarşılaşan millimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. Final görüşündə isə Uruqvaydan 4:0 hesabı ilə üstün olan İtaliya xokkeyçiləri turnirin qalibi adını qazanıblar.
Millimiz turnirdə Trinidad-Taboqo kollektivinə 5:1, Fransa yığmasına 3:2, Keniya və Dominikan Respublikası xokkeyçilərinə 5:0 hesabı ilə qalib gəlib. Qızlarımız İtaliya millisinə 4:0 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, turnirin finalçıları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanıblar. Millimizin də belə bir şansı var. Martda Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçiriləcək analoji yarışların yekununda isə üçüncü yeri tutan komandalar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.