Məhəmməd Əli və Sonni Listonun əlcəkləri 956 min dollara satılıb

Məhəmməd Əli və Sonni Listonun əlcəkləri 956 min dollara satılıb



Məşhur amerikalı boksçu Məhəmməd Əli və onun həmvətəni Sonni Listonun 50 il əvvəlki döyüş əlcəkləri Nyu-Yorkda keçirilən hərracda 956 min dollara satılıb. Maraqlıdır, alıcının adı açıqlanmır.
"Vesti.ru" saytının yazdığına görə, Məhəmməd Əli məhz bu əlcəklərlə 1965-ci ildə Listona qalib gələrək ilk dəfə dünya çempionu titulunu qoruyub. Əlinin ilk dəfə dünya çempionu olduğu döyüşdə istifadə etdiyi digər əlcəkləri isə ötən il 836.5 min dollara satılıb.
Qeyd edək ki, Məhəmməd Əli 1999-cu ildə "Əsrin idmançısı” adını qazanıb. Əfsanəvi boksçu 1984-cü ildən parkinson xəstəliyindən əziyyət çəkir. Bu ilin yanvarında onun 73 yaşı tamam olub.