Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqasının doqquzuncu turunun görüşü martın 14-də keçiriləcək.
Ölkəmizi bu yarışda təmsil edən "Baku Fires” klubu Venesuelanın "Caciques Venezuela” komandası ilə qarşılaşacaq.Artıq komandaların heyəti açıqlanıb. Belə ki, Cavid Dadaşov (49 kq, "Baku Fires”) Martinez Kordova ("Caciques Venezuela”), Məhəmməd Qurbanov (56 kq) Villaviçenzio Rodriges, Heybətulla Hacəliyev (64 kq) Arkon Dias, Jaba Xositaşvili (75 kq) Barrera Korbaj, Əbdülqədir Abdullayev (91 kq) isə Villi Kyakone ilə qarşılaşacaq.
Venesuela klubu ilə qarşılaşmada komandamızın heyətində yer alan Cavid Dadaşov debüt edəcək, belə ki, o, 2013-cü ildə gənclər arasında Azərbaycan birinciliyinin finalçısı olub. Qonaq komandanın 49 və 56 kiloqram çəki dərəcələrindəki boksçuları reytinqdə yüksək yerlər tutsalar da, Qubaya getməyiblər. Görünür, "Caciques Venezuela” klubunun məşqçiləri həmin idmançıları doğma divarlar arasında keçiriləcək görüşlərə hazırlayırlar.
Qeyd edək ki, komandamız səfərdə "Caciques Venezuela” klubuna 2:3 hesabı ilə məğlub olub.