Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb. Yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.
Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş "Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.
Xatırladaq ki, komandamız buna qədər Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan "Ipək Yolu” turnirində mübarizə aparacaq. İtaliyaya yollanan heyətdə millimizin üzvləri Salman Əlizadə (49 kq), Elvin Məmişzadə, Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev, Tayfur Əliyev (56 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Tamerlan Abdullayev (69 kq), Xaybulla Musalov, Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) yer alıblar.