İstanbulda Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib. Konqresdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun 2020-ci ildə 55-ci Avropa çempionatının Bakıda keçirilməsi təklifi müsbət qarşılanaraq təsdiq edilib.
Yaşar Bəşirov idman ölkəsi kimi tanınan Azərbaycanda irimiqyaslı yarışların təşkil edilməsi üçün dövlət tərəfindən böyük dəstək olduğunu və qarşıdan gələn ilk Avropa Oyunlarının, həmçinin 2017-ci ildə isə İslam Oyunlarının Bakıda təşkil edilməsini buna əyani sübut kimi göstərib. Bütün bu müsbət göstəricilərin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində yarandığını söyləyən Yaşar Bəşirov beş il sonra Avropa çempionatının da paytaxtımızda yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini ifadə edib.
Konqresdə iştirak edən Bakı-2015 birinci Avropa Oyunlarının karate yarışları üzrə meneceri Dmitri Çigenev tədbir iştirakçılarına qarşıdakı məsul yarışla bağlı ətraflı məlumat verib və son hazırlıq işlərindən danışıb.