Dünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. "Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə liderliyini davam etdirir.
56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur.
Albert Səlimov (60 kq) da fərdi reytinqdə birinci yerdədir. Beş görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.
Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya 19 xalla 3-cüdür.
Digər boksçularımız - Pərviz Bağırıv (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) reytinqdə dördüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, 49, 91 və 91 kq-dan yuxarı çəki dərəcələrində reytinqdə birinci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio-2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.