Aprelin 11-də Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində Quba Olimpiya İdman Kompleksində görüş keçirilib. "Baku Fires” və ABŞ-ın "USA Knockouts” komandalarının qarşılaşması Azərbaycan boksçularının 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Bu qarşılaşma həm də boksçumuz Albert Səlimovun Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması ilə yadda qalıb. 60 kq çəki dərəcəsində mübarizə aparan A.Səlimovla Karlos Balderas arasında keçirilən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Digər üç döyüşdə Murad Rabadanov (52 kq) Brent Riçard Veneqasa, Pərviz Bağırov (69 kq) Brayan Keballoya, Mixail Dalqalivets (81 kq) isə Stiv Nelsona qalib gəlib. Yarışda 91 kq-dan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş alınmayıb. Rəqib yarışa gələ bilmədiyindən texniki qələbə "Baku Fires” təmsilçisinə verilib.
Qeyd edək ki, komandamız aprelin 18-də Puerto-Rikoya yola düşəcək. "Puerto Rico Hurricanes” kollektivi ilə keçirələcək qarşılaşmada boksumiz Heybətulla Hacıəliyev burada qələbə qazanacağı təqdirdə Rio-2016-ya vəsiqə qazana bilər.