Floyd Meyvezer əsrin döyüşündə qalib gəldi

Floyd Meyvezer əsrin döyüşündə qalib gəldi



Floyd Meyvezer və Manni Pakiao arasında keçirilən əsrin boks döyüşü hakimlərin qərarına əsasən birincinin qələbəsi ilə başa çatıb. 12 raundluq matçın ümumi mükafat fondu 300 milyon dollar təşkil edib.
Las-Veqasda keçirilən əsrin döyüşündə amerikalı Floyd Meyvezer filippinli Manni Pakiaonun hücumlarına qarşı inamla müdafiə olunaraq əks-hücumlarla rəqibini məğlub edib - 116:112. ABŞ boksçusu bu qələbə ilə keçirdiyi 48-ci qarşılaşmada da qalib gələrək məğlubedilməzliyini qoruyub.
Döyüşdən sonra F.Meyvezer mətbuata açıqlamasında deyib: "Keçirdiyim bütün qarşılaşmalarda qalib gəlmək istəyirəm. Pakayo əsl çempiondur və ikimiz də karyeramızın ən gözəl dövrünü yaşayırıq. Onu məğlub edəcəyimi bilirdim və təmkinlə yarışaraq qalib gəldim”.
Boks tarixində ən yüksək mükafat fondu olan əsrin döyüşündə 300 milyon dolların əvvəlcədən əldə edilən razılaşmalara uyğun olaraq, 60 faizinin Meyvezerə, 40 faizinin isə Pakiaoya veriləcəyi açıqlanmışdı.
Beş il davam edən danışıqların nəticəsində keçirilən əsrin döyüşünün bilet satışları, yayım hüquqları və sponsorluq müqavilələri ilə birlikdə ümumi xərcləri 400 milyon dollar təşkil edib.