Hafiz Məmmədov: “Əsas hədəfimiz ölkə kubokudur, ancaq...”

Hafiz Məmmədov: “Əsas hədəfimiz ölkə kubokudur, ancaq...”


Topaz Premyer Liqasında mübarizə davam edir. Ötən tur səfərdə "Simurq” komandası üzərində qələbə qazanan "Bakı” klubu medalçılar uğrunda mübarizədə şanslarını saxladı. "Zolaqlılar” bu həftə doğma azarkeşlər önündə "İnter” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bakı”nın çempionatda medalçılar sırasına düşmək şansı az olsa da, bunu kuboka aid etmək olmaz. Ölkə kubokunun yarımfinalında mübarizəni davam etdirən "zolaqlılar” bu mərhələdə "Xəzər Lənkəran” klubu ilə qarşılaşacaq. "Bakı” klubunun prezidenti Hafiz Məmmədov "Olimpiya dünyası” qəzetinə müsahibəsində komandasının son çıxışları barəsində məlumat verdi. Hafiz müəllim "Atletiko” klubunun ölkəmizə nə vaxt gələcəyini də açıqladı.

- Hafiz müəllim, "Bakı” klubunun qış fasiləsindən sonra çıxışını necə dəyərləndirərdiniz? Avrokuboklara ilk "altılıq”dan çıxmaq realdır, yoxsa əsas hədəf ölkə kubokudur?
- Əsas hədəfimiz ölkə kubokudur, ancaq çempionatda medalçılar sırasına düşməyə nəzəri şansımız qalıb. Komandanın çıxışı tək məni yox, digərlərini də razı salır. Bunu futbol veteranlarımız da söyləyirlər. Artıq hamı bizim oyunu bəyənib. Hədəfimiz həmişəki kimi kubok və mükafatlar sırasına düşməkdir.
- Bəs komandanız avrokuboklara düşməsə...
- Düşməsə, bunu o qədər də faciə kimi qəbul etməyəcəyik. Əsas məqsəd yayda yenidən gözəl bir komanda qurmaqdır. Bildiyiniz kimi, yaxşı inkişaf edən futbol ölkələri ilə əlaqələrimiz var. Buna görə də, yayda super bir komanda hazırlayacağıq.
- "Atletiko” klubu ilə danışıqlar nə yerdədir və onların Bakıya gəlişi nə vaxta gözlənilir?
- İspanların Bakıya gəlişi artıq dəqiq məlumdur. Bir neçə gün ərzində "Atletiko” klubunun direktoru və bir neçə texniki mütəxəssislər Bakıya gələcəklər. Onlar AFFA ilə birlikdə 1 həftə ərzində turnir keçirib, seçim edəcəklər. Bu, pilot layihəsidir. Məqsədimiz 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşlılardan ibarət yığmaların final mərhələsinə futbolçular hazırlamaqdır. İstərdik ki, bu, tək "Bakı”nın yox, "Neftçi”nin, digər klublarımızın da əsas işi olsun. İstəsələr, "Bakı” klubu xərcləri öz üzərinə götürə bilər. Ancaq bizim məqsəd ildə heç olmasa, 15-20 azərbaycanlını Madridə göndərməkdir. Bu, həm təhsil, həm də idmanla bağlıdır. Bildiyiniz kimi, "Atletiko”nun Azərbaycana gəlmək məsələsi də var.
- Bu, nə vaxt reallaşacaq?
- 3 tarix var: 16 aprel, 2 və 25 may. Mayın 17-də İspaniyada kubokun finalıdır. Mayın 2-si bizim təşəbbüsdür. Ulu öndərimiz, mərhum Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində belə bir oyunun keçirilməyi yaxşı olardı.
- İspaniyaya növbəti səfər nə vaxta olacaq?
- "Atletiko”nun 3 derbi oyunu və İspaniya kuboku uğrunda final matçı var. Bir neçə veteranımızı ora aparmaq istəyirik. Məsələn, İsgəndər Cavadov və bəzi veteranlarımızın "Atletiko” - Azərbaycan futbolu əlaqələndirmə mərkəzinin idarə etməyini istəyirik.
- Buyaxınlarda keçirilən AFFA İcraiyyə Komitəsinin qərarlarından razı qaldınızmı?
- Federasiyanın son iclasında qəbul olunan qərarlar bizi qane edir. Hamı AFFA prezidenti Rövnəq Abdullayevin verdiyi qərarlara yekdilliklə səs verdi. Həm çempionatda, həm də digər dəyişiklər İcraiyyə Komitəsinin üzvüləri tərəfindən müsbət hal hesab olundu. Hər kəs çox düşünmədən öz razılığını verdi.
- Ötən mövsümlərdən fərqli, bu il Azərbaycan Superkuboku təşkil olunacaq. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olar...
- Superkubok hər yerdə var, bizdə də olsun. Bunun tarixini dəqiqləşdirib deyəcəklər. Ancaq biz 2 ildir ki, Superkubokun olmağını gözləyirik.
- Azərbaycan kubokunun qazanmaq şansınız olduğundan, Superkubokun iştirakçısı ola bilərsiniz...
- Biz buna çalışacağıq. İki mərhələmiz - yarımfinal və final qalıb. Kubok bizi maqnit kimi özünə çəkir (gülür).
- Kubokun yarımfinalında rəqibiniz olan "Xəzər Lənkəran” klubuna tanınmış uelsli baş məşqçi Con Toşakın gəlməyini necə qarşıladınız?


- "Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovla buyaxınlarda görüşmüşəm. Mən ona dedim ki, yeni bir komanda hazırlayın. Toşak çox peşəkardır. Biz 3-4 ayda "Xəzər Lənkəran” kimi komandanı "itirdik”. Bu komandanın adı çempionata bir ajiotaj gətirir. Elə etmək lazımdır ki, kimləsə vidalaşmayasan, çempionatda 3-4 dəfə oynayasan. Bu, həm oyun praktikası baxımından, həm də azarkeşlər üçün yaxşıdır. İnanın ki, Azərbaycanda stadionlara az adam gəlsə də, hər kəs futbolla maraqlanır. Hamı baxır, oxuyur. Mənə elə gəlir ki, hər şey, əla olacaq.
- AFFA prezidenti vəzifəsinə namizədliyinizi verəcəyinizlə bağlı xəbər çıxmışdı...
- Rövnəq müəllim gərək FİFA prezidenti ola ki, onda Hafiz Məmmədov bu vəzifəyə gələ. Rövnəq Abdullayevin işi yüksək səviyyədədir. Mən sizə səmimi deyirəm ki, belə AFFA-nın indiyə qədər belə prezidenti olmayıb. Konfransda oldunuz, gördünüz ki, futbolumuzda nə qədər inkişaf var. "Bakı”nın gördüyü işlər bilavasitə AFFA ilə bərabər olan işlərdir. Biz Rövnəq müəllimi dəstəkləyirik.
- Bəs bu söz-söhbət hardan çıxıb?
- Bunlar boş söhbətlərdir. Vallah, onu kimlər yayır, Allah bilir. Biləsiniz ki, elə bir söhbət heç planda da yoxdur. Ancaq sizə zarafatla deyirəm ki, mən yox, başqa klub prezidentinin, yaxud insanın AFFA-ya rəhbərlik etməyi üçün Rövnəq Abdullayev gərək FİFA prezidenti ola.
- Sizcə, yüksək liqada 12 yox, 10 komanda olmağı aşağı dəstə komandalarına qarşı haqsızlıq deyil ki? "Qaradağ Lökbatan”, "Neftçala” 2 ildir Premyer Liqaya çıxmağa çalışır...
- Heç bir haqsızlıq yoxdur. Müəyyən təkliflər oldu. Ən çox 21 yaşlı futbolçu "Lokomotiv”dədir. Ancaq yaxşı qərar verildi ki, I liqada hər komandada 21 yaşadək minimum 8 futbolçu oynasın. I liqanın öz, güclülər dəstəsinin öz "duzu” var. Ancaq oyun praktikası üçün əhəmiyyətli qərardır.