Bakı-2015 ilk Avropa Oyunlarının başlanmasına 38 gün qalır. Dünyada ilk dəfə keçiriləcək bu mötəbər idman yarışına maraq böyük olduğundan nüfuzlu media qurumları ilk Avropa Oyunlarının işıqlandırılmasını diqqət mərkəzində saxlayırlar. Bakı-2015 ilk Avropa Oyunlarının işıqlandırılması üçün 1500-ə yaxın media nümayəndəsinin qeydiyyatdan keçməsi dünya mətbuatının bu idman yarışına böyük maraq göstərdiyini sübut edir. Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin müdiri Ceyn Pirs bütün bu məsələlər, xüsusən də media nümayəndələrinin qeydiyyat prosesinin nəticələri ilə bağlı AZƏRTAC-ın müxbirinə müsahibə verib.
- Birinci Avropa Oyunlarının işıqlandırılması üçün müraciət edən media nümayəndələrinin qeydiyyatı prosesinin nəticələri haqqında nə deyə bilərsiniz?
- Media nümayəndələrinin qeydiyyatı prosesinin nəticələri bizi çox sevindirir. Çünki qeydiyyat zamanı yerli və xarici media nümayəndələrinin yüksək fəallığının şahidi olduq. Belə ki, bu mötəbər idman yarışını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib.
- Avropa Oyunlarını işıqlandıracaq media nümayəndələri arasında əsasən hansı ölkələrdən olanlar üstünlük təşkil edir?
- Qeydiyyatdan keçən media nümayəndələri arasında azərbaycanlı jurnalistlər üstünlük təşkil edirlər. Bundan başqa, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən çoxlu sayda müraciətlər qəbul etmişik. Bakı-2015-in işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatda keçib.
- Bakı-2015-in açılış və bağlanış mərasimində nə qədər jurnalistin iştirakı nəzərdə tutulub?
- Hər bir idman obyekti fərqli tamaşaçı tutumuna malikdir. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimi Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Biz həmin mərasimlərin işıqlandırılması üçün 500 müxbirin və 250 fotomüxbirin iştirakını nəzərdə tutmuşuq. Mötəbər yarışı işıqlandıracaq media nümayəndələri bunun üçün bilet almalıdırlar. Hazırda mərasimləri işıqlandıracaq xarici və yerli media nümayəndələrinin iştirakı ilə bağlı müzakirələr aparılır. Əminik ki, mərasimlərdə media nümayəndələrinin iştirakı ilə bağlı seçim ədalətli olacaq.
- Avropa Oyunları zamanı yerli və xarici jurnalistlər üçün hansı imtiyazlar nəzərdə tutulub?
- Akkreditasiya kartına sahib media nümayəndələri üçün ən böyük imtiyaz onların idman obyektlərinə sərbəst daxil olmalarıdır. Arenalarda müxbirlər və fotomüxbirlər üçün beynəlxalq tələblərə cavab verən media mərkəzləri hazırlanacaq ki, onlar da burada rahat işləyə, bir-biriləri ilə ünsiyyət qura və böyük idman tədbirinin bir hissəsinə çevrilə bilərlər. Media mərkəzləri yarışların işıqlandırılması üçün bütün vacib avadanlıq, o cümlədən yüksək sürətli internet ilə təchiz olunacaq.
- Media nümayəndələri akkreditasiya kartlarını nə vaxt ala biləcəklər?
- Bildiyiniz kimi, ilk Avropa Oyunlarını işıqlandırmaq üçün aparılan qeydiyyat prosesi aprelin 3-də başa çatıb. Hazırda qəbul olunan müraciətlər dəyərləndirilir və həmin nümayəndələrə təsdiq cavabları yollanılır. Media nümayəndələri akkreditasiya kartlarına mayın 29-dan başlayaraq sahib ola biləcəklər. Yerli media nümayəndələri kartları yaxın günlərdə açılışı nəzərdə tutulan Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Akkreditasiyadan keçən beynəlxalq media nümayəndələrinə isə xüsusi bildiriş göndərilir ki, onlar Azərbaycana gəlib viza ala və fəaliyyət göstərə bilsinlər. Xarici media nümayəndələri akkreditasiya kartını hava limanında quraşdırılmış xüsusi məntəqədən ala biləcəklər.