Fərid Mansurov: “Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirəcək”

Fərid Mansurov: “Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirəcək”


"Yeni uğurlar qazanmaq üçün Afina Olimpiadasında əldə etdiyim uğuru unutmalıyam”. Bu fikirləri Fərid Mansurov 2004-cü ildə Olimpiya çempionu olduqdan sonra "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində səsləndirmişdi. Bu sözlər güləşçimizin idmana olan peşəkar münasibətindən, sevgisindən, tükənməz qələbə əzmindən, səmimiyyət və təvazökarlığından irəli gəlirdi...Həmin dövrdən, nə az nə çox, düz 11 il ötür. Bu müddət ərzində Azərbaycan xalqı Fərid Mansurovun böyük zəfərlərinin çox şahidi oldu. Dəfələrlə güclü rəqiblərinin kürəyini yerə vuraraq xalqımıza sevincli və qürurlu anlar yaşadan Fərid Mansurov bu gün də elə həmin Fəriddir. Sadə, təvazökar və öz işini sevən...
Onunla ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində görüşməyimiz heç də təsadüfi deyildi. Olimpiya və ikiqat dünya çempionumuzun medalları arasında təkcə Avropa çempionatının qızıl medalı yoxdur. İdmançımız Bakıda keçirilən yarışda bu arzusunu reallaşdırmağa yaxın olsa da, çənə nahiyəsindən aldığı ciddi zədə üzündən mübarizəni vaxtından əvvəl dayandırmalı oldu. Məhz bu yarış Fərid Mansurovun karyerasının son yarışı oldu.
"Elə arzular var ki, onun həyata keçməsi üçün bir ömür yetmir. Həyatın marağı, qəribəliyi də elə bundadı. İstədiyimiz hər şeyə nail olsaydıq, həyat maraqsız, cansıxıcı olardı. İnsan mübarizliyini itirərdi. Bəzən qəlbimdə gizli bir istək-yenidən güləşmək, yarış meydanlarında qüvvəmi sınamaq arzusu baş qaldırır. Öz-özümə fikirləşirəm ki, kaş tarixdə ilk dəfə paytaxtımızda keçiriləcək Avropa Oyunlarının təşkili mənim güləşdiyim dövrə təsadüf edərdi. Bu yarışlarda mən də qüvvəmi sınayardım”, - deyən Fərid Mansurov bugünkü gündə həyatından şikayətlənməyə heç bir haqqı olmadığını da duyğu dolu sözlərinə əlavə edir. Çünki, həyatının ən gözəl çağlarını idmana həsr etmiş güləşçimizin ömrünün xoş xatirələrinə çevrilən sevinc dolu dəqiqələri, anları bir ömrə yetəcək qədərdir. Elə təkcə onu demək kifayətdir ki, Fərid Mansurov yeganə idmançıdır ki, adı Afinada Olimpiya çemionlarının lövhəsində yer alıb.
Fərid Mansurov "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibədə həyatının maraqlı məqamlarından söz açdı.


- Bir neçə aydan sonra, paytaxtımız mötəbər bir yarışa-Avropa Oyunlarına ev sahibliyi edəcək. Sən həm də Oyunların Təşkilat Komitəsinin üzvüsən. Bu yarışın ölkəmizdə keçirilməsi ilə bağlı fikirlərini bilmək maraqlı olardı.
- Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm. Bu böyük bir idman bayramı, qürurverici hadisədir. Düşünürəm ki, məhz bu Oyunların təşkili ilə Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirəcək. Yarışlar dünyanın bir sıra tanınmış telekanalları vasitəsilə nümayiş olunacaq, ölkəmizə çoxlu sayda turist gələcək. Bütün bunlar ölkəmizin dünya miqyasında tanınmasına xidmət edir. İnanıram ki, Azərbaycan Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi edəcək.
- Bu Oyunlarda Azərbaycan idmançılarından neçə medal gözləyirsən?
- İnanıram ki, təmsilçilərimiz çoxlu sayda medal qazanacaqlar, dəfələrlə himnimiz səslənəcək, bayrağımız yüksəklərə qalxacaq. Məncə, ən çox medal güləş idman növündə əldə oluna bilər. İdman sürpriz nəticələrlə doludur. Buna görə də, medalların sayı ilə bağlı konkret fikir söyləmək çətindir. Bununla belə güləş üzrə hər növdə, ən azı, iki qızıl medalın əldə olunacağına inanıram. Ayrı-ayrı idman növləri üzrə də idmançılarımızın uğurlu çıxış edəcəklərinə böyük ümidlər bəslənilir. Taekvondo, karate, sambo kimi idman növlərində medal şanslarımız çoxdur. Qeyd edim ki, Avropa Oyunlarında əsasən Avropa ölkələrinin idmançıları çıxış edəcəklər. Statistikaya nəzər salsaq, Avropa çempionatlarında uğurlu nəticələrimizin olduğunu görərik.
- Artıq bir müddətdir ki, idman karyeranı başa vurmusan. Peşəkar idmandan uzaqlaşdıqdan sonra həyatında nə dəyişib?
- Mən deyərdim ki, elə bir ciddi dəyişiklik olmayıb. Peşəkar idmanda daim gündəlik ciddi rejimə riayiət etməlisən. Qarşına məqsəd qoyub, yalnız o məqsədə doğru irəliləməlisən. Vaxtında yatmalı, qidalanmalı, ən azı, gündə iki dəfə məşqlərə qatılmalısan. İdmançı kimi güləşəndə yalnız özümə cavabdeh idim. İndi daha çox ailəmə vaxt ayırıram. İki övladım var. Aylinin 5, Raulun 3 yaşı var. Uşaqlar böyüdükcə ailə qayğıları da çoxalır. Ailə qurduqdan sonra özün, necə deyərlər, ikinci dərəcəli olursan. Onu da deyim ki, karyeramı başa vursam da, idmanla vidalaşmamışam. Gənclərdən ibarət yığma komandanın məşqlərinə nəzarət edir, bəzən güləşçilərimizlə birgə məşq də edirəm.


"Çox istərdim ki, yeniyetmə güləşçilərimizdən mənim uğurumu təkrarlayanlar olsun”

- Yenidən idmana qayıtmaq, yarış meydanlarında qüvvəni sınamaq fikri könlündən keçirmi?
- Məşqə olan həvəsimi zalda komandamızın üzvləri ilə birgə, necə deyərlər, "söndürürəm”. Amma bəzən qəlbimdə gizli bir istək-yenidən güləşmək, yarış meydanlarında qüvvəmi sınamaq arzusu baş qaldırır. Öz-özümə fikirləşirəm ki, kaş tarixdə ilk dəfə paytaxtımızda keçiriləcək Avropa Oyunlarının təşkili mənim güləşdiyim dövrə təsadüf edərdi. Bu yarışlarda mən də qüvvəmi sınayardım.
- Necə oldu ki, karyeranı başa vurmaq qərarına gəldin?
- Fikrim var idi ki, London Olimpiya Oyunlarından sonra idmanla vidalaşım. 2010-cu ildə paytaxtımızda keçirilən Avropa çempionatında çənəmdən aldığım zədədən sonra valideynlərim mənə dedilər ki, "artıq bəsdir, öz sağlamlığını fikirləş”. Həm səhhətim imkan vermədiyi üçün, həm də valideynlərimin təkidi ilə idman karyeramı başa vurmaq qərarına gəldim.
- Vaxtilə sənin rəqiblərin olmuş bəzi güləşçilər var ki, karyeralarını davam etirirlər. Maraqlıdır, onların çıxışlarını izləyirsənmi?
- Əvvəllər bir rəqib kimi, bu idmançıların çıxışlarına baxır, təhlillər aparırdım. İndi əsasən öz güləşçilərimizin çıxışlarına baxıram. Onların səhvlərinə nəzər yetirir, lazımi məsləhətlərimi verirəm. Yığma komandanın üzvü olanda da öz məsləhətlərimi komanda yoldaşlarımdan əsirgəməmişəm. Çox istərdim ki, yeniyetmə güləşçilərimizdən mənim uğurumu təkrarlayanlar olsun. Mən bu uğurların şahidi olum və onlarla birgə qələbə sevinclərini bölüşüm.


"Uğur qazanmağımın 3 əsas sirri var idi”

- Qeyd etdin ki, gənclərdən ibarət yığma komandaya nəzarət edirsən. Bu idmançılar arasında gələcəyin "Fərid Mansurov”u varmı?
- Əlbəttə ki, var. Komandada üstün keyfiyyətlərə malik idmançılar çoxdur. Onlar hətta məndən də yaxşı nəticələr göstərməyə qdirdilər. Amma mənim onları gələcəyin Olimpiya, dünya çempionları qismində görməyim kifayət deyil. Bu idmançılar düzgün istiqamətləndirilməklə yanaşı, öz üzərlərində də çalışmalıdırlar. Məşq prosesində və məşqdən sonrakı dövrdə elə etməlidirlər ki, əziyyətləri hədər getməsin.
- Bəs sənin uğur qazanmağının sirri nədə idi?

- Mənim uğur qazanmağım 3 əsas sirri var idi. Bunlardan birincisi odur ki, məşqlərdə məşqçinin verdiyi tapşırıqları düzgün və səmərəli yerinə yetirirdim. Belə olmayan halda, idmançının təməli düzgün qurulmayacaq. Hərəkətləri başa vurmaq xatirinə tez-tələsik etmək yox, düzgün yerinə yetirmək lazımdır. İkincisi, məşqdən sonrakı vaxtın lazımi qaydada tənzimlənməsidir. Məşqçilər idmançının üzərində əziyyət çəkir. Onun uğur qazanması üçün əlindən gələni edir. Amma əgər idmançı məşqdən sonra vaxtında qidalanmırsa, gec yatırsa, rejimə riayiət etmirsə, məşqlərin faydası olmur. Uğurlar əldə etməyimdə üçüncü amil valideynlərimin məni daim dəstəkləməsi olub. Atam məni həmişə idmanda dəstəkləyib. Həmişə zarafatla deyərdim ki, mənim idmanda birinci məşqçim atamdır. Yadımdadır, hələ idmanla məşğul olduğum vaxtlarda, atam mənim rejimə riayiət etməyimi nəzarətdə saxlayırdı. Mən kitab oxumağı çox sevirəm. Gecələr kitab oxuyanda, atam kitabı əlimdən alırdı ki, sən yatmalısan. Bəzi psixoloji məsələlərdə özüm-özümlə mübarizə apara bilməsəm, də atam mənə kömək olurdu.
- Övladların üçün nümunəvi ata ola bilirsənmi?
- Övladlarım, ailəm üçün əlimdən gələni əsirgəmirəm. Əvvəllər müsahibələrimdə həmişə deyərdim ki, boş vaxtlarımı dostlarımla keçirirəm. Düzdür, indi də dostlarıma vaxt ayırıram, amma vaxtımın əsas hissəsini ailəmə həsr etməyə çalışıram. Övladlarım hələ balacadırlar, onlar diqqət və qayğıya ehtiyac duyurlar.


"Qızım Aylin bədii gimnastika ilə məşğul olur”
- Oğlun Raulun güləşçi olmasını isərdinmi?
- Onun idmanla məşğul olmasını çox istəyirəm. Gələcəkdə hansı sahədə özünü tapacağını zaman göstərəcək. Qeyd edim ki, qızım Aylin "Cüdo klub”da bədii gimnastika ilə məşğul olur.
- Bir vaxtlar məşhurluğunun pik nöqtəsində olan Fərid Mansurov unudulmaqdan qorxmur ki?
- Uğur qazandıqdan sonra əhatə dairəm genişləndi, tanışlarım çoxaldı. Mən unudulmaqdan qorxmuram. Çünki, biliklərimi bu gün də gənclərə ötürürəm. İnsanı əbədi yaşadan odur ki, bildiklərini gənc nəsillərə ötürsün. Mən də çalışıram ki, nə bilirəmsə gənclərlə paylaşım. Bir də ki, yaxşı dostlarım yanımda olduqca, özümü hər zaman ən yüksək zirvədə hiss edirəm. Dədə-babalarımız da deyiblər ki, yaxşı dost qazanmaq insanın ən böyük uğurlarından biridir. Məncə, dost deyiriksə, orada yaxşı sözü artıqdır. Məni sevindirən odur ki, Olimpiya çempionu olmamışdan qabaq yanımda olan dostlarım indi də mənimlə birlikdədirlər. Təbii ki, bir qədər tanındıqdan sonra dostlarımın sayı artdı. Əsas odur ki, bu gün məni sağlam insanlar əhatə edir.
- Bildiymizə görə, son dövrlərdə turist səfərlərinə də maraq göstərirsən.
- Təbiətin qoynunda dincəlməyi xoşlayıram. Xizək sürməyi çox sevirəm. Hətta bunun üçün bir neçə dəfə Alp dağlarına da getmişəm. Sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə qış idman növləri ilə məşğul olmaq üçün gözəl şərait var. İndi ölkəmizdə də qış turizmi ilə məşğul olmaq mümkündür.

"Elə arzular var ki, onun həyata keçməsi üçün bir ömür yetmir”
:
- Bugünkü gündə həyatından tam razısanmı?
- Mən narazılıq etsəm, bu, haqsızlıq olar. İnsanın özünü xoşbəxt hiss etməsi üçün lazım olan hər bir şeyi Allah mənə nəsib edib. Sevdiyim insanla ailə həyatı qurmuşam. İki gözəl övladımız var. Məşğul olduğum idman sahəsində ən yüksək nailiyyətləri əldə etmişəm.
- Həyata keçirə bilmədiyin arzuların qalıbmı?
- Arzular sonzuzdur. İnsan yaşadıqca yeni nəyə isə nail olmağa can atır. İdmançı kimi ən böyük arzum Avropa çempionu olmaq idi. Bu həyata keçməyən bir arzu kimi mənim ürəyimdə qaldı. Elə arzular var ki, onun həyata keçməsi üçün bir ömür yetmir. Həyatın marağı, qəribəliyi də elə bundadı. İstədiyimiz hər şeyə nail olsaydıq, həyat maraqsız, cansıxıcı olardı. İnsan mübarizliyini itirərdi. İdmana həyatımın ən gözəl illərini, yeniyetməlik, gənclik illərimi həsr etmişəm. İnsan həyatnın ən gözəl illəri tələbəlik dövrüdür. Təəssüf ki, mən həmin dövrü yaşaya bilməmişəm. Məktəbdə son zəngdə belə iştirak edə bilməmişəm. Həmişə təlim-məşqlərdə, yarışlarda olmuşam. Dostlarımla, yaxınlarımla, qohumlarımla görüşə bilməmişəm, xeyir-şərdə iştirak edə bilməmişəm. Çox sağolsunlar ki, onlar da məni başa düşüblər. Amma şikayətlənməyə də haqqım yoxdur. Tanrıya şükürlər olsun ki, əziyyətim hədər getməyib.
Aysel Sultanova