Avropa Oyunlarının proqramına idmanın 20 növü daxildir. Atletlər 16 Olimpiya, 4 qeyri-Olimpiya idman növü üzrə yarışlarda ümumilikdə 253 dəst medal uğrunda mübarizə aparacaqlar.
Oyunların proqramında yer alan idman növlərindən biri də taekvondodur. Bu növdə Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat almaq üçün Azərbaycan Taekvondo Federasiyasına yollandıq. Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev taekvondoçularımızın iştirak etdikləri yarışlardan, həmçinin onların Avropa Oyunlarına hazırlığından danışdı.
- Taekvondo üzrə milli komandamız bu il hansı yarışlarda iştirak edib? Əldə edilən nailiyyətləri qənaətbəxş saymaq olarmı? - İlin əvvəllərində, daha dəqiq desəm, fevral ayının 12-15-də Türkiyədə beynəlxalq turnir keçirildi. Komandamız həmin yarışda pis çıxış etmədi. Belə ki, taekvondoçumuz Mikayıl Əliyev bu turnirin gümüş mükafatcısı adına layiq görüldü. Həmin yarışda ölkəmizin şərəfini qoruyan digər iki taekvondoçu- Məhəmməd Məmmədov və Radik İsayev turniri üçüncü yerdə başa vurdular. Martın 6-7-də təmsilçilərimiz yenə də güclərini sınağa çəkdilər. Komandamız "Qətər Open” turnirində uğurla yarışdı. Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldü. Kamil Abdurzakov və Ayxan Tağızadə turnirin gümüş mükafatçıları adını qazandılar. "Qətər Open” yarışında üçüncü pilləyə Elvin Məmmədov sahib çıxdı. Təcrübəli taekvondoçu Radik İsayev "Dutch Open” turnirində də güclü olduğunu nümayiş etdirdi. Martın 13-15-də keçirilən yarışda , o, bürünc medal qazandı. "European Olimpic Weight Categories Championships” turniri də Radik üçün uğurlu oldu. Belə ki, martın 26-29-da keçirilən yarışlara qatılan idmançımız fəxri kürsünün ikinci pilləsində yer aldı.
Avropa Oyunlarına hazırlaşan taekvondoçularımız "Ukrayna Open” turnirində də iştirak etdilər. Aprelin 11-12-də keçirilən həmin turnirdə təmsilçilərimiz ölkəmizin hesabına yenə də medal yazdırdılar. Bu turnirdə idmançılarımız üç gümüş və dörd bürünc medal əldə etdilər. Bu yarışdan altı gün sonra isə "Moldova Open” turniri təşkil olundu. Taekvondoçularımız burada da ölkəmizi layiqincə təmsil etdilər. Belə ki, həmin turnirdə idmançılarımız üç qızıl, iki gümüş, dörd bürünc medal qazandılar. Bu nəticələrə əsaslanaraq deyə bilərəm ki, keçirilən yarışlarda əldə olunan nəticələri qənaətbəxş hesab etmək olar.
- Şübhəsiz ki, taekvondo idman növündə ən böyük uğurlarımızdan biri Çelyabinskdə keçirilən dünya çempionatında qazanıldı...
- Bu, həqiqətən, çox böyük nailiyyətdir. Bildiyiniz kimi, sonuncu dəfə 2001-ci ildə dünya çempionu adına mən layiq görülmüşdüm. Sonuncu dünya cempionatında Radik İsayev və Fəridə Əzizova bürünc medal əldə etmişdilər. On dörd il idi ki, Azərbaycandan heç bir taekvondoçu dünya cempionu adını qazana bilmirdi. Nəhayət, mayın 12-18-də Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında Radik İsayev bizə bu sevinci yaşatdı. 87 kq çəki dərəcəsində yarışan Radik Banqladeş təmsilçisinə 19:0, çinli idmançıya 13:3, fransalı rəqibinə isə 8:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazandı. Təmsilçimiz yarımfinalda 2013-cü ilin dünya çempionu, kubalı taekvondoçunu məğlub etdi. Final qarşılamasında isə Radik sonuncu Asiya Oyunlarının qalibi olan Cəsur Baykuziyevi üstələdi. Həlledici döyüşdə Radik uduzmaq üzrə idi. Görüşün başa çatmasına üç saniyə qalanda idmançımızın dəqiq zərbəsi ona üç xal qazandırdı. Beləliklə, təmsilçimiz 7:6 hesabı ilə qalib gələrək dünya çempionu adına layiq görüldü. Çelyabinskdə himnimizin səslənməsi, bayrağımızın dalğalanması bizə böyük sevinc bəxş etdi. Həmin gün mən sanki 14 il əvvələ qayıtdım. O həyəcanı, fərəh hissini yenidən yaşadım. Radikin qələbəsi Azərbaycan Taekvondo Federasiyasınıın qələbəsidir. Bu münasibətlə mən federasiyanın prezidenti Kəmaləddin Heydərovu və bütün idmansevərləri təbrik edirəm.
- Bəs digər idmançılarımızın çıxışları barədə nə deyə bilərsiniz? - Dünya çempionatında 16 idmançı ilə təmsil olunduq. Burada səkkiz oğlan və səkkiz qız idmançımız mübarizə apardı. Əlbəttə, çox istərdik ki, medallarımızın sayı bizi qane etsin. Təəssüf ki, perspektivli idmançılarımız Ayxan Tağızadə və Məhəmməd Məmmədov medal qazana bilmədilər. Hər iki idmançı yarımfinal döyüşlərində məğlub oldular. Onların bu mərhələyə qədər irəliləməsi yaxşı nəticədir. Məncə, hər iki taekvondoçumuzun məğlubiyyətinin əsas səbəbi onların təcrübəsizliyidir. Düşünürəm ki, perspektivli idmançılar olan Ayxan Tağızadə və Məhəmməd Məmmədov növbəti yarışlarda daha yüksək yerlərə layiq görüləcəklər.
- Niyaməddin müəllim, Avropa Oyunlarına hazırlıq necə aparılır? Bu istiqamətdə federasiya tərəfindən hansı işlər həyata keçirilir?
- Avropa Oyunları bütün idmançılar üçün məsuliyyətli bir yarış olacaq. Oyunların doğma arenalarda keçirilməsi Azərbaycan atletlərindən daha məsuliyyətli olmağı tələb edir. Olimpiya idman növləri üzrə yarışlarda taekvondoçular 8 çəki dərəcəsində döyüşürlər. Amma Avropa Oyunlarında onlar 4 çəki dərəcəsində mübarizə aparacaqlar. Avropa Oyunlarında çıxış edəcək taekvondoçularımızın adları məhz Çelyabinskdə keçirilən dünya çempionatından sonra dəqiqləşəcək.
Oyunlarda iştirak etmək üçün ilkin heyətə 22 idmançı daxil etmişdik. Həmin bu 22 nəfər idmançıdan 12-si hazırda milli komandanın tərkibində yer alıb. Sonradan seçim aparmalı olduq. Oyunlarda iştirak etməsi üçün hər çəki dərəcəsində iki idmançı seçmişik. Xatırladım ki, Avropa Oyunlarında taekvondoçular ümumilikdə dörd qızıl medal uğrunda yarışacaqlar. Oyunlara tam hazırıq. Federasiya rəhbərliyi lazım olan bütün işləri yüksək səviyyədə həyata keçirir. Hesab edirəm ki, əvvəlki yarışlarda uğurlu çıxış edən taekvondoçularımız Avropa Oyunlarında da hesablarına qızıl medal yazdıracaqlar.
- Oyunlarda qitənin necə taekvondoçusu mübarizə aparacaq?
- Taekvondo yarışları iyunun 16-19-da Bakı Kristal Zalında keçiriləcək. Bu yarışlarda Avropanın 128 kişi və qadın idmançısı mübarizə aparacaq. Oyunlarda ədaləti tam təmin etmək üçün elektron baş və bədən qoruyucularından istifadə olunacaq. Hər dəfə rəqibin qoruyucularına dəqiq zərbə endirən idmançının hesabına xal yazılacaq. Müasir texnologiya sayəsində xalların hakimlər tərəfindən hesablaması maksimum dərəcədə məhdudlaşdırılacaq.
................................................................................
Federasiyada olarkən yığma komandanın üzvləri və məşqçisi ilə də görüşdük. Onların hər biri Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğuladılar.
Elnur Amanov, kişilərdən ibarət yığma komandanın böyük məşqçisi: - İdmançılarımızın Avropa Oyunlarına əsas hazırlığı ötən ilin noyabr ayında keçirilən ölkə çempionatından sonra başlayıb. Bu ilin yanvar ayından indiyədək idmançılarımız səkkiz beynəlxalq turnirdə iştirak edib, təcrübələrini daha da artırıblar. Hazırda əsas diqqətimiz Bakı-2015-ə yönəlib. Mən inanıram ki, Bakı-2015-də yüksək nəticələr əldə edəcəyik. Taekvondonun Azərbaycanda inkişaf etmiş idman növlərindən biri olması belə deməyə əsas verir. Taekvondo üzrə Bakı-2015-də iştirak edəcək komandaların hamısı güclüdür. Buna görə də, hər bir ölkəni özümüzə ciddi rəqib hesab edirik. Lakin bizim bir üstün cəhətimiz var ki, komandamız doğma divarlar arasında mübarizə aparacaq. İdmançılarımıza azarkeşlər böyük dəstək olacaqlar. Təmsilçilərimizdən Radik İsayev, Ramiz Əzizov və Məhəmməd Məhəmmədovdan uğurlu çıxış gözləyirik. Ümid edirəm ki, komandamızın bütün üzvləri onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar.
Günay Ağakişiyeva, yığma komandanın üzvü: - Avropa Oyunlarına az vaxt qalır. Oyunlarda qələbə qazanmaq üçün məşqçilərimizin rəhbərliyi altında hər gün intensiv məşq edirik. Məşqlərdə təkçə biz yox, məşqçilərimiz də əziyyət çəkirlər. Hər bir idmançıya xüsusi diqqət və qayğı ilə yanaşdıqlarına görə, müəllimlərimizə minnətdarlığımı bildirmək istərdim. Qayğı ilə əhatə oldunduğumuzu gördükdə bizim də özümüzə inamımız artır və qələbə qazanmağa daha iddialı oluruq. Fikrimcə, belə hazırlıq Avropa Oyunlarında medal qazanmağa zəmin yaradacaq.
Fəridə Əzizova, yığma komandanın üzvü: - Avropa Oyunlarında yaxşı nəticə əldə etmək üçün intensiv məşq edirik. Avropa Oyunları ilk dəfə keçirilir. Buna görə də, bütün idmançılar bu yarışa xüsusi həyəcanla hazırlaşırlar. Komandamız Oyunlarda medallar uğrunda mübarizə aparacaq. Çalışacağıq ki, məşqçilərimizin və bütün xalqımızın etimadını doğruldaq.
İlkin Şahbazov, yığma komandanın üzvü: - Avropa Oyunlarının proqramına dörd çəki dərəcəsi daxil edildiyi üçün qələbə qazanmaq şansımız azalır. Amma yaranan bütün bu əngəllərə baxmayaraq gərgin şəkildə məşq edirik ki, bizə göstərilən etmadı doğrulda bilək. Avropa Oyunlarının keçirilməsi böyük hadisədir. Məşqçilərimiz bizi həm fiziki cəhətdən hazırlaşdırır, həmçinin də hər birimizə psixoloji cəhətdən böyük dəstək verirlər. Hesab edirəm ki, Avropa Oyunları yalnız idmançılar üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Bu Oyunlar Azərbaycanın dünyada olan nüfuzunu daha da artıracaq. Təbii ki, biz də öz növbəmizdə uğurlu çıxış etməklə buna töhfə verməyə çalışacağıq.
Türkay Niftəliyeva