Rəşad Əbdülrəhmanov: “Biz qalan vaxtdan səmərəli istifadə etməyə çalışırıq”

Rəşad Əbdülrəhmanov: “Biz qalan vaxtdan səmərəli istifadə etməyə çalışırıq”


Birinci Avropa Oyunlarının başlanmasına bir aydan da az vaxt qalır. Qitənin ən güclü idmançıları 20 növ üzrə keçiriləcək Oyunlara böyük həvəslə hazırlaşırlar. Ev sahibi qismində çıxış edəcək idmançılarımız da qalan vaxtdan səmərəli istifadə edib, mübarizəyə qoşulacaqlar. Elə bu məqsədlə idmançılarımız və onların rəqibləri təlim-məşq toplanışlarında, sınaq yarışlarında iştirak edirlər. Ölkəmiz birinci Avropa Oyunlarında su idmanı növlərində də təmsil olunacaq. Su idmanı növləri arasında üzgüçülüyü xüsusi qeyd etmək lazımdır. Hazırda üzgüçülərimiz məsul yarışa böyük səylə hazırlaşırlar. Hazırlığın hansı səviyyədə olmağını öyrənmək üçün üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdülrəhmanovu redaksiyamıza dəvət etdik. Gənc mütəxəssis hazırlıqla bağlı fikirlərini "Olimpiya dünyası” ilə bölüşdü.

- Rəşad müəllim, birinci Avropa Oyunlarının həyəcanı yaxınlaşır. Üzgüçülük üzrə yığma komandamızın mötəbər turnirə hazırlığı hansı səviyyədədir?
- Birinci Avropa Oyunlarına hazırlığımız bu ilin əvvəlindən başlayıb. Mart ayının sonlarından başlayaraq aprelin 15-dək Slovakiyanın Banska Bistritsa şəhərində təlim-məşq toplanışında iştirak etdik. Orada keçirilən üzgüçülük üzrə lisenziya xarakterli beynəlxalq turnirdə idmançılarımız yaxşı nəticələr göstərdilər. Belə ki, üzgüçülərimizdən Boris Kirilov 50 və 100 metr məsafədə arxasıüstə üzmə üsulunda qızıl medala, 200 metr məsafədə arxası üstə üzmə üsulunda isə gümüş medala sahib oldu. Bundan başqa, birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandamızın üzvü Qriqori Kalinski isə 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda bürünc medala yiyələndi. Yığma komandanın heyətində yer alan xanım üzgüçülər arasında Yulya Stitsyuk 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda, Alsu Bayramova isə 200 metri batterflyay üsulu ilə üzmədə bürünc medallara sahib oldular.
Slovakiyada təlim-məşq toplanışı başa çatdıqdan sonra üzgüçülərimiz Çexiyanın Ostrava şəhərində təşkil olunan lisenziya xarakterli beynəlxalq turnirdə də iştirak etdilər. Bu turnirdə də 3 medal qazandıq. Ümumilikdə, təlim-məşq toplanışlarımız çox yüksək səviyyədə keçdi. Təlim-məşq prosesi üçün yaradılan şərait bizi sevindirir. İştirak etdiyimiz yarışlar idmançılarımızın nəticələrinin daha da yaxşılaşmasına təkan verəcək. Çalışacağıq ki, birinci Avropa Oyunlarında medal əldə edən idmançılarımız arasında üzgüçülər də yer alsın.

- May ayının əvvəllərində Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkənin idmançılarının qatıldığı üzgüçülük üzrə beynəlxalq turnirdə iştirak etdiniz. Həmin yarış təcrübə baxımından idmançılarımıza kömək etdimi?
- Əlbəttə. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən turnirə yüksək səviyyədə hazırlaşmışdıq və çox məsuliyyətlə yanaşırdıq. Sevindirici haldır ki, son illər Azərbaycanın regionlarında yüksək səviyyəli yarışların keçirilməsi ənənə halını alıb. Xaçmaz Olimpiya İdman Kompleksində üzgüçülük üzrə beynəlxalq yarışın yüksək səviyyədə təşkili regionlarımızda idmanın inkişafından xəbər verir. Bu, həm də buradakı uşaq və gənclərin su idmanı növlərinə marağının artmasına səbəb olacaq. Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir mayın 6-da yekunlaşdı.

- Medal sayı hazırlığın yüksək səviyyədə olmasından xəbər verirmi?
- Bəli. Həmin yarışda iştirak edən rəqiblərimizin əksəriyyəti ən yaxşı idmançıları buraya gətirmişdilər. Bildiyiniz kimi, turnirdə Azərbaycan üzgüçüləri uğurlu çıxışları ilə yadda qaldılar. Üzgüçülüyün müxtəlif növlərində 27 qızıl, 15 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzgüçülərini geridə qoyaraq, komanda hesabında birinci oldular. Xatırladım ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə təşkil etdiyi yarışda 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışdılar. Azərbaycan komandası yarışlarda 38 idmançı ilə təmsil olunurdu. Onlardan 12-si ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək. Bir daha qeyd edim ki, bu yarış həm də birinci Avropa Oyunlarına qatılacaq Azərbaycan üzgüçüləri üçün növbəti sınaq xarakteri daşıyırdı.

- Bununla da hazırlıq başa çatdı?
- Xeyr. Biz qalan vaxtdan səmərəli istifadə etməyə çalışırıq. İdmançılarımız birinci Avropa Oyunlarına hazırlığı Şirvan Olimpiya İdman Kompleksində davam etdiriblər. Mayın 20-də isə komandamızın yeni istifadəyə verilmiş Bakı Su İdmanı Sarayında təlim-məşq toplanışı başlayıb.

- Bakı Su İdmanı Sarayı üzgüçülüyün inkişafına təsir edə biləcəkmi?
- Bakı Su İdmanı Sarayında yaradılan şərait yüksək səviyyədədir. Bakı-2015 Birinci Avropa oyunlarının keçirilməsi üçün nəzərdə tutulub, inşa edilən qurğulardan biri olan saray üzgüçülüyün inkişafı üçün böyük bir təkan olacaq. Lakin Su Sarayı tikməklə, üzgücülük inkişaf etməz. İstərdik ki, həmin Mərkəzdə üzgüçülük məktəbi açılsın. Bakı Su idmanı Sarayına yaxın ərazidə yerləşən məktəblərdən uşaqlar ora cəlb edilsin. Ümumiyyətlə həmin məktəblərdə üzgüçülük dərsləri tədris olunsun. İnanın ki, bu dediklərim üzgüçülüyün inkişafına böyük təsir edəcək. Həmin məktəbin uşaqları arasında seçim aparıb, müxtəlif yaş qrupları üzrə yığma komandalar yaratmaq olar.

- Bölgələrdən necə, istedadlı uşaqları cəlb etmək mümkündürmü?
- Əlbəttə. Regionlarda üzgüçülüyü bilən və həvəsli uşaqlar var. Biz bunun dəfələrlə görmüşük. Məşqçi göndərib, seleksiya aparmaqla onları paytaxta gətirmək istəmişik. Lakin onların nəqliyyat, yerləşdirilmə və digər tələbatları əsasdır. Bu məsələni həll etmək lazımdır. Bilirsiniz, tək paytaxtdakı uşaqlarla kifayətlənib, çempionat keçirmək olmaz. Onlardan səmərəli istifadə edib, şərait yaradılmalıdır. Bax, onda yığma komandamızın heyətində ən yaxşı idmançılar yer alar, bu növdə əldə olunan nəticələr daha da artar.

Anar Əhmədov