Avropa Oyunlarının başlamasına qısa müddət qalıb. Bakıda keçiriləcək tədbirdə 16 olimpiya və 4 qeyri-olimpiya idman növü olmaqla 20 idman növü üzrə yarışlar keçiriləcək. Avropanın 6000-dən çox idmançısı 17 yarış günü ərzində öz ölkələrini təmsil edəcəklər. Digər gimnastika növləri ilə yanaşı, Oyunlarda bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq. Azərbaycanda bu idman növü yaxın keçmişdə - 2013-cü ilin sonlarında inkişaf etdirilməyə başlanılıb. Anna Pavlova və Marina Nekrasova Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk gimnastlar olublar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avropa Oyunlarında ölkəmizin şərəfini qoruyacaq Marina Nekrasova ilə müsahibə dərc edib. Müsahibəni ixtisarla oxuculara təqdim edirik.
- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Bu, çoxdan olub. 3 yaşım olanda valideynlərim məni gimnastika zalına gətirdilər. O yaşda mən çox şeyi dərk etmirdim. Mənim gimanstka ilə məşğul olmağım valideynlərimin seçimi idi. İllər ötdükcə bu idman növünün necə gözəl və qeyri-adi olduğunu anladım.
- Necə düşünürsən, başqa idman növündə də uğur qazana bilərdinmi?
- Özümü digər idman növlərində sınamamışam. Bununla belə düşünürəm ki, gimnastikadan ayrıla bilməzdim. Bu növ məni özünə bağlayıb.
- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
-Yarış meydançasına həyəcanla çıxmaq məğlubiyyətə bərabərdir. Buan görə də, çalışıram ki, yarış ərəfəsində təmkinli olum.
- Marina, səncə, hər hansı idman növündə vacib olan nədir?
- Ən əsası odur ki, seçdiyin idman növünə qarşı istəkli olasan. Uğur qazanmaq üçün əzmkarlıq göstərmək, səbirli olmaq çox vacibdir. Həmçinin idmançı öz gücünə inanmalıdır.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- İdman növündən, əlbəttə, çox şey asılıdır. Ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaqdır. Şübhəsiz, zədələrdən qaçmaq mümkün deyil. İstənilən növdə zədələnmək olur. İdmançı istər məşq zamanı, istərsə də yarışda özünü qorumağı bacarmalıdır.
- İdmanda kumirin varmı?
- Ad çəkmək istəməzdim. Amma hörmət etdiyim idmançılar yetərincədir.
- Yaxın gələcək üçün idman planlarından danışa bilərsənmi?
- Hələlik bizim əsas məqsədimiz Avropa Oyunlarında lazımi səviyyədə çıxış etmək və medal qazanmadır. Mən Dünya kuboku yarışlarında da mübarizə aparacağam. Əlbəttə, gələcəkdə daha bir neçə yarış məni gözləyir. Amma onlar haqqında hələ düşünmürəm.
- Avropa Oyunlarına necə hazırlaşırsan?
- Avropa Oyunları mənim üçün böyük məsuliyyətdir. Ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm. Düşünürəm ki, bu Oyunlarda mükafatçılar sırasında yer ala biləcəyəm. Mən idmançılarımızın hamısına uğur arzulayıram.
- Bəlkə idmandan kənar həyatın barədə danışaq...
- Mənim arzum Olimpiya oyunlarında iştirak etməkdir. Hələlik idmandan başqa heç nə barədə düşünmək istəmirəm.
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Bəzən alınır. Ümumiyyətlə, istək olduqda hər şey mümkündür.
- Ailən səni dəstəkləyirmi?
- Əlbəttə, mənim ən böyük dəstəkçim ailəmdir. Onlar mənə görə narahat olurlar. Çalışıram ki, ailəmin ümidlərini puça çıxarmayım. Yarışlarda qalib gələndə mən ilk sevincimi məhz ailəmlə bölüşürəm.
- Bəs azarkeşlərin səni necə dəstəkləyirlər?
- Adətən, yarışlarda əsas diqqətimi çıxışıma yönəldirəm. Əlbəttə, azarkeşlərimi də unutmuram. Onların dəstəyini hər zaman hiss edirəm. Məni dəstəklədiklərinə görə sağolsunlar. Azarkeşlərsiz qələbə qazanmaq çox çətindir.