Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına çox az bir vaxt qalır. Digər idmançılarımız kimi, cüdoçularımız da yarışlara hazırlıqlarını davam etdirirlər. Cüdo yarışları maraqla izlənəcək. Çünki bu növ ölkəmizdə çox populyardır. Azərbaycanda cüdo üzrə Olimpiya çempionları, dünya və Avropa çempionatlarının mükafatçıları var. Bəs görəsən, bu növdə kifayət qədər uğur qazanan veteran cüdoçularımız Avropa Oyunları haqqında nə düşünürlər? Barselona-1992 Yay Olimpiya Oyunlarının cüdo yarışları üzrə qalibi, ilk Olimpiya çempionumuz Nazim Hüseynovla söhbətimiz bu məsələ ilə bağlı oldu. Müsahibimiz bizi maraqlandıran sualları cavablandırdı.
- Nazim müəllim, siz müstəqil Azərbaycanın ilk Olimpiya çempionu kimi ölkəmizin idman tarixinə adınızı qızıl hərflərlə yazdırmısınız. İllər keçəsə də, bu tarixi fakt dəyişməyəcək...
- Azərbaycanın ilk Olimpiya çempionu olduğum üçün qürur hissi keçirirəm. 1991-92-ci illərdə bizim məşq etməyimiz üçün o qədər də yüksək şərait yox idi. 1992-ci ildə eşitdim ki, Olimpiya oyunlarında öz bayrağımız altında çıxış edəcəyik. Bu, məni ruhlandırdı. Buna qədər 60 kq çəki dərəcəsində dünya çempionatının bürünc mükafatçısı idim. Həmin yarışdan 6 ay sonra Barselonada keçirilən yay Olimpiya oyunlarında qızıl medala layiq görüldüm. Olimpiya çemponu olduğum tarixi - avqustun 2-də baş verənləri bütün incəliklərinə qədər xatırlayıram. Həmin yarışda 6 görüş keçirdim, dünya və Avropa çempionlarını məğlub edərək Azərbaycan barağını yüksəklərə qaldırdım, himnini səsləndirdim. Bu qələbə mənim ad günümdə özümə etdiyim ən gözəl hədiyyə idi. Mən fəxr edirəm ki, çətin vaxtların olmasına baxmayaraq, Azərbaycanın ilk Olimpiya çempionu adını qazandım. Bu tarixi heç vaxt pozmaq olmaz.
- Sizdən sonra bu uğuru Elnur Məmmədli təkrar etdi. Amma o, məlum səbəblərə görə karyerasını çox erkən başa vurdu. Necə düşünürsünüz, sizin uğurlarınızı gələcəkdə təkrarlayan idmançılar yetişəcəkmi?
- Pekin-2008 Olimpiya Oyunlarından sonra Elnurda arxayınlıq yarandı. Arxayınlıq isə idmançının karyerasının sonu deməkdir. Qaldı ki, sualınızın ikinci tərəfinə, düzünü desəm, cüdo idman növündə mənim nəticələrimi bu günə kimi heç bir idmançımız təkrarlamayıb. Çox istəyirəm ki, mənim nailiyyətlərimi yeniləyən, ümumiyyətlə bu növdə yüksək uğurlar qazanan güclü idmançılarımız olsun. İndiki zamanda bizim belə idmançılara çox ehtiyacımız var.
- Bir neçə gündən sonra ölkəmiz I Avropa Oyunları kimi mötəbər turnirə ev sahibliyi edəcək. Bu yarışlarda cüdoçularımızın şanslarını necə qiymətləndirirsiniz?
- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan idmanının beynəlxalq arenada qazandığı yüksək etimadın göstəricisidir. İnanıram ki, Azərbaycan digər mötəbər yarışlar kimi, Avropa Oyunlarına da uğurla ev sahibliyi edəcək. Avropa Oyunlarının açılışı zamanı Azərbaycan bayrağını arenaya gətirmək ən böyük arzumdur. İdmançılarımızdan layiqli nəticələr gözləyirəm. Cüdoçularımız Avropa Oyunları ərəfəsində bir sıra təlim-məşq toplanışlarında və yarışlarda iştirak ediblər. Buyaxınlarda komandamızın üzvləri ilə görüşdüm, onlara öz tövsiyələrimi verdim. Avropa Oyunlarında medal qazanmağa layiq idmançılarımız var. Yığma komandanın heyətində əsasən Rüstəm Orucova (73 kq) böyük ümid bəsləyirəm. Rüstəmin son yarışlarda əldə etdiyi nəticələr bir daha sübut edir ki, o, Oyunlarda medal qazanmağa ən layiqli namizəddir. Bundan əlavə, 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov və Elxan Məmmədov da turnirin favoritləri sırasındadırlar. Orxan Səfərov da 60 kq çəki dərəcəsində ilk üçlüyə düşməyi bacaracaq. Çox heyfsləndim ki, 66 kq çəki dərəcəsində yarışan Hidayət Heydərovun adı iştirakçılar sırasında yoxdur. Fikrimcə, Hidayət bu çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə və Tərlan Kərimovdan heç də geri qalmır. Hidayət gənc olsa da, çox perspektiv vəd edən idmançıdır. Bir Olimpiya çempionu kimi, bu idmançıdan gələcəkdə böyük nəticələr gözləyirəm. Azərbaycana qitənin ən güclü idmançıları gələcək. Buna görə də, kifayət qədər rəqabət olacaq. Lakin yarışların vətənimizdə keçirilməsi bizə əlavə üstünlük verir.
Tək cüdoda yox, digər idman növlərində də atletlərimizin medal qazanmaq şansları yetərincədir. İnanıram ki, Avropa Oyunları hər birimizin yaddaşında qoyacaq.
- Sizin dövrün cüdosu ilə indiki dövrün cüdosu arasında hansı fərqlər var?
- Düzdür, arxada qalan bu illər ərzində cüdoda qaydalara bir sıra dəyişikliklər edilib. Lakin onu da qeyd edim ki, güclü idmançı üçün qaydaların dəyişilməsi elə də ciddi rol oynamır. Əvvəllər, Olimpiya oyunlarına vəsiqə qazanmaq çox çətin idi. Vəsiqə uğrunda mübarizə aparan idmançı, ən azı, 15 dövlətin təmsilçiləri arasında fərqlənməyi bacarmalı idi. Düşünürəm ki, qaydaların dəyişilməyi cüdoya daha da gözəllik qatıb. Etiraf edim ki, bizim dövrdə idmançılar arasında elə də ciddi rəqabət yox idi. Lakin bugünki cüdoya baxanda bir qədər fərqli mənzərə ilə qarşılaşırıq. Demək olar ki, yığmada əsas heyətə düşmək üçün hər çəki dərəcəsində çox ciddi rəqabət var. Bu, çox yaxşı haldır. Rəqabət varsa, deməli, nəticə də olacaq. Hazırda ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şərait yaradılıb. Bizim dövrdə çox çətin idi, idmançı üçün bu qədər əlverişli şərait yox idi. Təəssüf ki, bəzi idmançılarımız hansısa bir uğura nail olduqdan sonra arxayınlaşırlar, məşqlərə əvvəlki kimi ciddi yanaşmırlar. İdmançılarımız onlara yaradılan bu şəraitdən yararlanmalıdırlar.
- Əvvəlki müsahibələrinizdə demişdiniz ki, klub yaratmaq istəyirsiniz. Maraqlıdır, bu arzunuzu həyata keçirə bilmisinizmi?
- Bununla bağlı bir sıra çətinliklər olsa da, arzum 50 faiz reallaşıb. Azərbaycan Respublikasının Prezidentinə də bununla bağlı müraciət olunub. Yəqin ki, bu arzum 2016-cu ildə tam həyata keçəcək. Əgər bu klub yaradılarsa, əminliklə deyə bilərəm ki, həmin idman ocağından dünya, Avropa və Olimpiya çempionları çıxacaq.
- Nazim müəllim, sizcə, yerli məşqçilərə üstünlük vermək lazımdır, yoxsa əcnəbi mütəxəssislərə?
- Düzünü desəm, mənə elə gəlir ki, Peter Zeyzenbaher pis məşqçi deyildi. Çox qısa bir zaman ərzində o, Azərbaycan cüdosunda böyük işlər gördü, Elxan Məmmədov kimi dünya çempionunu yetişdirdi. Avstriyalı baş məşqçinin əməyi dövlətimiz tərəfindən yüksək şəkildə qiymətləndirilirdi. Düşünürəm ki, Azərbaycanda çox güclü yerli məşqçilər var. Elə yığma komandanın hazırki məşqçisi Hacıağa müəllim də çox güclü mütəxəssisdir. Onun bu sahədə uzun illər qazandığı zəngin təcrübəsi var. Fikrimcə, yerli məşqçilərə də lazımi şərait yaratmaqla yüksək nəticə qazanmaq mümkündür.
- Bildiyimizə görə, bir müddət əvvəl İtaliya yığmasından təklif almışdınız. Maraqlıdır, bu təklifi niyə dəyərləndirmədiniz?
- Mən təkcə İtaliya yığmasından yox, Koreya, Fransa, İspaniya komandalarından da təkliflər almışam. Lakin bu təklifləri qəbul etmədim. Düzdür, Azərbaycanın bir sıra adlı-sanlı mütəxəssisləri ölkəni tərk edib əcnəbi klublarda işləməyə üstünlük verdilər. Lakin mən özümə borc bildim ki, vətədə qalıb öz ölkəmiz üçün nəticələr qazandırım.
- Bir mütəxəssis kimi, Azərbaycan cüdosunun hazırkı vəziyyəti sizi qane edirmi?
- Düzünü desəm, xeyr. Bir sıra çatışmazlıqlar var. İlk növbədə, yığma komandada mehribanlıq və ciddi qayda-qanun olmalıdır. Fikrimcə, bəzi şəxslər cüdounun inkişafına mane olmağa çalışırlar. İdmançılar üçün o qədər də şərait yaradılmır. Buyaxınlarda cüdoçuların etiraz aksiyası keçirmələri təsadüf deyildi. Əminəm ki, cüdoda olan problemlər öz həllini tapacaq.
- Siz tatamiyə çıxanda qeyri-adi fəndlərinizlə seçilirdiniz. İndi tatamiyə çıxsanız həmin fəndləri dəqiqliklə yerinə yetirə bilərsinizmi?
- Düzdür, yaş öz sözünü deyir. Amma buna baxmayaraq, əvvəlki fəndləri indi də dəqiqliklə yerinə yetirə bilərəm. Hətta düşünürəm ki, 73 kq çəki dərəcəsində istənilən idmançı ilə tatamiyə çıxsam rəqibimə 3 dəqiqə müqavimət göstərməyi bacararam. Bu müddət ərzində fənd işlədə bilərəm. Veteranların yarışında isə, yəqin ki, fəxri kürsünün ən yüksək pilləsində yer alaram.
- Bildiyimizə görə oğlunuz Naim də cüdo ilə məşğul olur. Ona cüdonun incəliklərini öyrədirsinizmi?
- Bəli. Oğlum 11 yaşından cüdo idman növü ilə məşğul olur. Buyaxınlarda gənclər arasında keçirilən respublika çempionatında 81 kq çəki dərəsində ikinci yerə layiq görüldü. Naim hələ gəncdir, amma gələcək üçün böyük perspektivlər vəd edən idmançıdır. Onun 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya oyunlarında da iştirak etmək şansı var. Mən Olimpiya çempionu olanda 23 yaşım var idi. Oğlumun da 2020-ci ildə 23 yaşı olacaq. Hələ qarşıda illər var. İnanıram ki, oğlum mənim nailiyyətlərimi gələcəkdə təkrarlaya biləcək.
Azər Əlizadə