Meksikada keçirilən Dünya Avtomobil İdman Şurasının iclasında 2016-cı ildə təşkil ediləcək "Formula-1” Avropa Qran-pri yarışlarının təqvimi təsdiq olunub.
Təqvimə əsasən aprelin 3-də Avstraliya Qran-prisindən başlayacaq olan yarışlar noyabrın 27-də Abu-Dabi Qran-prisi ilə başa çatacaq. Gələn il Azərbaycanda keçiriləcək Avropa Qran-pri yarışlarının Bakı mərhələsi isə iyulun 17-də təşkil ediləcək.
Ölkəmizdə yarışlara hazırlıq işləri qrafik üzrə aparılır. Bakıda keçiriləcək yarışda 20 döngədən ibarət olacaq marşrutun uzunluğu 6 kilometrdir. Avtomobillərin daha sürətli hərəkətinə imkan verəcək marşrut dünyanın digər şəhərləri, xüsusən də Monako və Sinqapurdakından daha mükəmməl olacaq. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradacaq. Yarışları 25 mindən artıq tamaşaçının izləməsi üçün şərait yaradılacaq.
Xatırladaq ki, "Formula-1” üzrə dünya çempionatı ilk dəfə 1950-ci ildə keçirilib. Artıq 65 ildir ki, bu yarış müvafiq infrastruktura malik ölkələrdə təşkil edilir. Bu cür tədbirlərin şəhərin küçələrində keçirilməsi təcrübəsi mövcuddur və belə yarışlar Monako, İspaniya, Sinqapur və s. kimi ölkələrdə keçirilir. Hər il təşkil edilən "Formula-1” yarışları ayrıca Qran-pri mərhələlərindən ibarət olur. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir.