Çingiz Hüseynzadə: “Azərbaycan bir dövlət kimi özünü bütün dünyada təsdiqlədi”

Çingiz Hüseynzadə: “Azərbaycan bir dövlət kimi özünü bütün dünyada təsdiqlədi”


I Avropa Oyunları Azərbaycan komandasının uğurlu çıxışı ilə yadda qaldı. Atletlərimiz onlara bəslənilən ümidləri doğruldaraq, 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) ümumi komanda hesabında Rusiyadan sonra ikinci pillədə qərarlaşdılar. Oyunların yüksək səviyyəli təşkilatçılığı və əldə olunan uğur Azərbaycanın yüksək potensiala malik idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Olimpiya dünyası” qəzetinə müsahibəsində Avropa Oyunlarının yekunu, təşkilati məsələlər, o cümlədən, idmançılarımızı gözləyən yarışlar barədə danışdı.

- Çingiz müəllim, artıq I Avropa Oyunları tarixə qovuşdu. Bu Oyunlar təkcə Azərbaycan idmanı deyil, Avropa, eləcə də, dünya idmanı tarixində böyük iz buraxdı. Oyunların təşkili ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Tarixdə ilk dəfə Azərbaycanda keçirilən I Avropa Oyunları başa çatdı. Çox şadam ki, biz belə bir mötəbər tədbiri uğurla başa vurduq. Ölkəmizə səfər edən, qonaqlar, idmançılar Avropa Oyunlarının yüksək təşkilatçılığı ilə diqqəti çəkdiyini bildirdilər. Avropa Oyunlarında əldə olunan uğur göz qabağındadır. Başda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını Avropa Oyunlarının uğura başa çatması münasibəti ilə təbrik edirəm. Bu işdə bizə yardım edən, dəstək olan bütün tərəfdaşlarımıza minnətdarlığımı bildirirəm. KİV nümayəndələri xüsusi fəallıq nümayiş etdirdilər.

- İdmançılarımızın çıxışlarını necə qiymətləndirirsiniz?
- Komandanın çıxışını yüksək qiymətləndirirəm. İdmançılarımız onlara bəslənilən etimadı doğrultdular. Avropa ölkələri arasında komandamız 56 medalla ikinci oldu. Bu, böyük nəticədir. Məni ən çox sevindirən odur ki, Azərbaycan atletləri bu medalları müxtəlif idman növlərində qazanıblar. 12-dən çox idman növündə uğur əldə ediblər. Bu o deməkdir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Azərbaycan idmançıları bütün idman növlərində rəqiblərinə güclü müqavimət göstərə bilirlər. Triatlon, gimnastika, tramplin, qılıncoynatma üzrə əldə olunan medallarımız ölkəmizin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Ənənəvi idman növləri olan boks, taekvondo, karate, güləş idman növlərində yüksək uğurlar əldə olunub. Medal qazanmayan idmançılarımızın da böyük zəhməti olub. Məsələn, voleybolçularımız çətin mübarizədə Türkiyəyə məğlub oldular. Basketbol komandalarımız dörddəbir finala kimi yüksəldi. Bu onu göstərir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Biz, həqiqətən də, idman ölkəsiyik. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmana rəhbərlik etdiyi dövrdən bu sahəyə yüksək diqqət və qayğı ilə yanaşıb. Məhz bu qayğı və diqqət nəticəsində biz uğurlara nail olmuşuq. Mən bir daha bütün idmançıları, idmansevərləri qələbə münasibəti ilə təbrik edirəm.

- Avropa Oyunlarında sizin üçün ən gözlənilməz uğur hansı oldu?
- Yəqin ki, gimnastikada əldə olunan qızıl medal. Biz boks, taekvondo, güləş, karate kimi növlərdən qızıl medallar gözləyirdik. Amma idman gimnastikasında qızıl medalın qazanılması sürpriz nəticə oldu. Bununla yanaşı, taekvondoda gənc idmançımızın, karatedə qadın idmançımızın qələbəsi, eləcə də qılıncoynatmada iki medalımızın olması bir qədər gözlənilməz idi. Elə idmanın gözəlliyi, marağı da bundadır. Bir gün qalib gəlir, bir gün uduzursan. Bəzən medal gözlədiyin idmançı məğlub olur və ya əksinə, medal gözləmədiyin idmançı onun əvəzini çıxaraq qələbə qazanır. Bununla belə, qeyd edim ki, biz tarixə nəzər salsaq, görərik ki, bizim qılıncoynatmada da, gimnastikada da Olimpiya çempionlarımız olub. 90-cı illərdə olan hərcmərclik idmana öz mənfi təsirini göstərmişdi. Bu gün biz dəgər sahələrdə olduğu kimi, idmanda da bütün potensialımızı bərpa etmişik. Azərbaycan qüdrətli dövlətdir və idmanda da öz sözünü deyir.

- Çingiz müəllim, necə düşünürsünüz, sizcə, Azərbaycan 56 medaldan başqa bu Oyunlarda daha nə qazandı?
- Azərbaycan çox şey qazandı. Azərbaycan idmanı oyunların təşkilindən çox şey əldə etdi. Azərbaycan bir dövlət kimi özünü bütün dünyada təsdiqlədi. Biz bütün dünyaya sübut etdik ki, belə bir tədbiri yüksək səviyyədə təşkil edə bilərik. Siz bilirsiniz ki, dünyada idman tədbirlərindən, ümumiyyətlə, Olimpiya oyunlarından böyük tədbir yoxdur. Avropa Oyunları kiçik bir Olimpiya oyunları idi. Hətta mən deyərdim ki, Bakı-2015 qış Olimpiya oyunlarından daha böyük bir tədbir idi. Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən yüksək səviyyəli təşkilatçılıq işləri Oyunların uğurla keçməsi ilə nəticələndi. Biz nümayiş etdirdik ki, dünyanın sivil ölkələrindən biriyik. Biz ən böyük tədbirləri yüksək səviyyədə təşkil etməyə qadirik. Bəzi ölkələrin rəsmi nümayəndələri deyirlər ki, Azərbaycan zəngin ölkədir və buna görə təşkilatçılıq işlərini yüksək səviyyədə həyata keçirir. Amma biz həm də idman nəticələri ilə uğur qazandıq. Atletlərimizin uğurları ölkəmizin hər bir sahədə inkişaf etdiyini sübuta yetirdi. Bu, bir daha onu göstərir ki, biz nəinki zəngin, həm də qüdrətli ölkəyik.

- Rio-2016 Olimpiya Oyunlarında idmançılarımızdan hansı nəticəni gözləyirsiniz?
- İlk növbədə deyim ki, I Avropa Oyunlarında Avropa ölkələri iştirak edirdi. Olimpiya oyunlarında isə dünya idmançıları qüvvələrini sınayırlar. Olimpiya sistemi bir qədər fərqlidir. Olimpiya oyunlarında iştirak etmək üçün lisenziya qazanmaq lazımdır. Avropa Oyunlarının əsas fərqi ondadır ki, burada idmançılarımız tam heyətlə çıxış etdilər. Azərbaycan idmançıları digər ölkələr kimi yarışa qatılmaq üçün lisenziya əldə etmişdilər. Yarışlarda 291 idmançımız iştirak edirdi və bizim medal qazanmaq şanslarımız çox idi. Bir də elə idman növləri var ki, orada Avropa ölkələri güclü deyil. Məsələn, badminton, tennis Asiya ölkələrində güclü inkişaf edib. Elə idman növləri var isə Afrika qitəsində yaxşı inkişaf edib. Bu baxımdan, Avropa Oyunlarında idmançıların nəticələrini Avropa çempionatları ilə müqayisə etmək olar. Biz heç vaxt Avropa çempionatlarında bir ildə bu qədər medal qazanmamışıq. Bu dəfə isə yüksək uğurlar əldə etdik. Qazanılan uğur idmançılarımızın Olimpiya oyunlarında da potensialının yüksək olacağını nümayiş etdirir. Düşünürəm ki, Avropa Oyunlarının təşkili idmanımıza böyük təkan oldu. Bu baxımdan Rio-2016-da iştirakımız əvvəlki Olimpiya oyunlarından daha uğurlu olacaq.
Aysel Sultanova