Digər sahələrdə olduğu kimi Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək sürətlə inkişaf edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində paytaxtda, eləcə də ölkəmizin müxtəlif regionlarında Olimpiya idman kompleksləri, meydançalar və digər idman qurğuları inşa edilərək, xalqın istifadəsinə verilib. Bütün bunlar ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına, onların sağlam ruhlu vətəndaş kimi böyüməsinə yönəldilib. Ölkəmizin nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də idmançılarımzın mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman ölkələrin tanınmasında mühüm sahələrdən biridir. Əldə edilən qələbədən sonra dövlət bayrağının qaldırılması, himnin səsləndirilməsi bu və ya digər ölkənin daha yaxından tanınmasına zəmin yaradır.
Şübhəsiz, müstəqil Azərbaycan bügün dünyanın bütün ölkələri tərəfindən tanınır, respublikamız ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Dövlətimizin iqtisadi və siyasi gücü Azərbaycanın ən iri dövlətlərlə eyni səviyyədə dayanmasına imkan verir. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi də ölkəmizin şöhrətini ucaldan amildir. Nüfuzlu yarışlarda əldə olunan nailiyyətlər ölkəmizin hər bir bölgəsində yaradılan şəraitə söykənir. Ən müasir idman qurğularında təcrübə qazanan idmançılarımız Avropa, dünya miqyaslı turnirlərdə öz sözlərini layiqincə deyirlər.
Bu gün Azərbaycan dünyanın ən aparıcı güləş ölkələri sırasındadır. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növündə qazanılıb.
Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında da güləşçilərimiz onlara bəslənilən etimadı doğrultdular. Oyunların ilk günlərindən mübarizəyə qoşulan pəhləvanlarımız inamla mübarizə apararaq 6 qızıl, 2 gümüş və 7 bürünc medalla ən güclü olduqlarını bir daha sübut etdilər. Bununla da Avropa Oyunlarında Azərbaycan ən çox sayda medalı məhz güləş idman növündə qazandı.
Birinci Avropa Oyunlarında yunan-Roma güləşi üzrə fəxri kürsüyə qalxan pəhləvanlarımızdan biri də Elvin Mürsəliyev idi. 75 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız gərgin keçən görüşləri inamla başa vuraraq finala yüksəlib. Finala gedən yolda idmançımız slovakiyalı Riçard Riqo, rumıniyalı İonel Puskasu, rusiyalı Çingiz Labazanov və gürcüstanlı Zurabi Datunaşvilini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda görüşdə Elvin Serbiya idmançısı Viktor Nemeslə qarşılaşıb. Rəqibinə şans verməyən güləşçimiz ilk Avropa Oyunlarının güləş yarışlarında Azərbaycana ikinci qızıl medalı qazandırıb. Birinci Avropa Oyunlarının çempionu "Olimpiya dünyası” qəzetinə müsahibəsində güləşə gəlişi, əldə etdiyi qələbələr, Avropa Oyunlarında çıxışı və qarşıdakı yarışlar barədə danışdı.
- Elvin, səni ilk Avropa Oyunalarında qələbə qazanmağın münasibətilə təbrik edirik. Gəl söhbətimizə uşaqlıq illərindən başlayaq. Özün haqqında oxucularımıza məlumat verərdin.
- Mən 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaq vaxtı çox dəcəl idim. Bir yerdə dayana bilmirdim. Valideynlərim mənimlə bacarmırdılar. Bir gün atam mənə dedi ki, hazırlaş, səni güləş bölməsinə yazdıracağam. 12 yaşımdan güləşlə məşğul olmağa başladım. Mərkəzi Ordu İdman Klubunda təcrübəli məşqçi Əfsər Naməzəliyevin yanında məşq keçməyə başladım. İlk günlər mənim üçün bir az çətin keçdi. Amma sonradan hər şey qaydasına düşdü. Günümün çox hissəsini məşq zalında keçirdi. Güləşi sevməyimdə Əfsər müəllimin böyük rolu olub. O, çox tələbkar və qayda-qanuna ciddi riayət edən məşqçidir. Əslində, insan hər yaş dövründə öyrənməlidir. Çalışmaq, öyrənmək bütün yaş dövrlərində gec deyil. Lakin, idman sahəsində idmançının karyerası uşaqlıqdan başlayır. Bu dövr idmançı üçün çox önəmlidir. Onu da deyim ki, güləşlə məşğul olmağım dərslərimi oxumağa mane olmurdu. Beləcə, günlər bir-birini əvəz edirdi. Hər keçən gün mən güləşlə bağlı yeni fəndlər öyrənir, öz üzərimdə daha da məsuliyyətlə işləyirdim.
"Elə bilirdim ki, döşək üzərinə çıxsam, bütün fəndləri yaddan çıxaracağam”
- İştirak etdiyin yarışları və qazandığın qələbələri necə xatırlayırsan?
- 2000-ci ildə yeniyetmələr arasında birincilik keçirilirdi. Əfsər müəllimin məsləhəti ilə həmin yarışda 32 kq çəki dərəcəsində çıxış etdim. Çox həyəcanlı idim. Elə bilirdim ki, döşək üzərinə çıxsam, bütün fəndləri yaddan çıxaracağam. Şükürlər olsun ki, özümü ələ ala bildim və inamla döşək üzərinə çıxdım. Valideynlərim, yaxınlarım məni dəstəkləmək üçün zala toplaşmışdılar. Bu yarışda gümüş medal qazandım. Sevincimin həddi-hüdudu yox idi. Bu medalı qızıl kimi qəbul etdim və özümə söz verdim ki, növbəti yarışda birinci olacağam. Doğrudan da, belə oldu. Sonrakı yarışlarda da qızıl, gümüş və bürünc medallara sahib oldum. 2005-ci ildə yeniyetmələr arasında təşkil olunan Avropa birinciliyində üçüncü yeri tutdum. Sonra gənclər arasında dünya birinciliyinin qalibi və gümüş mükafatçısı oldum. 2010-cu ildə paytaxtımızda təşkil olunan Avropa çempionatında ikinci yerlə kifayətləndim. 2014-cü ildə təşkil olunan Dünya kubokunda və Avropa çempionatında bürünc medal əldə etdim. Bu il İranda keçirilən Dünya kubokunda yığma komandamızın üzvləri inamla mübarizə apararaq, öz sözünü dedi. Həlledici qarşılaşmada güclü Rusiya komandası ilə qarşılaşdıq. Azərbaycan pəhləvanları böyük əzmkarlıq göstərərək Dünya kubokunun sahibi oldu.
- Elvin, ilk Avropa Oyunlarında qızıl medal qazanmaq sənin üçün çətin olmadı ki?
- Əslində, hər yarışın özünə görə çətinlikləri var. Amma idmançı buna çətinlik kimi baxsa, irəli gedə bilməz. Odur ki, hər yarış əslində, gördüyün işin sınağı, imtahandır. Nailiyyətlər gərgin əmək nəticəsində qazanılır. İlk Avropa Oyunlarına ciddi hazırlaşmışdıq. Komandamızın üzvləri ilə birgə gərgin məşqlər keçirdik. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən idmançıların Oyunlara hazırlığı ilə bağlı hərtərəfli şərait yaradılmışdı. Biz məşqlərimizi tədbirlər planına uyğun olaraq keçirdik. Daxili məşqlərlə yanaşı, bir neçə əcnəbi ölkələrin komandaları ilə yoldaşlıq görüşü də təşkil olunmuşdu.
- Avropa Oyunlarındakı rəqiblərinlə əvvəlki yarışlarda qarşılaşmışdınmı?
- Ən çətin görüşüm Gürcüstan və Rusiya idmançısı ilə oldu. Gürcüstan idmançısı ilə ötən il keçirilən dünya çempionatında görüşmüşdüm. Rusiyalı rəqibimi ilk dəfə idi ki, sınağa çəkirdim. Finalda qarşılaşdığım serbiyalı güləşçi komandasının heyətində bir müddət bundan öncə Bakıda təlim-məşq toplantısında olmuşdu. Təlim-məşqlərdə həmin idmançının zəif və güclü cəhətlərini nəzərdən keçirmişdim.
Bu, ilk Avropa Oyunları idi. Ona görə də hər bir idmançı istəyirdi ki, burada qızıl medal qazansın. Uca Tanrıya şükür olsun ki, mən də Avropa Oyunlarının çempionu adını qazandım. Sevinirəm ki, adımı Azərbaycan idmanının, həm də Avropa Oyunlarının tarixinə yaza bildim. İdmançılarımızın qazandıqları qələbələr Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının idmana və Olimpiya Hərəkatına göstərdiyi diqqət və qayğı göz qabağındadır. Mən cənab Prezidentimizə öz təşəkkürümü bildirirəm. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı, çəkdiyi əziyyət öz bəhrəsini verdi.
"İlk Avropa Oyunlarında qazandığım qızıl medalı azarkeşlərə hədiyyə edirəm”
- Çempion olmağına azarkeş dəstəyinin təsirini hiss etdinmi?
- Sözsüz ki, idmançının uğurlu çıxış etməsində azarkeş dəstəyinin rolu böyükdür. Bu, danılmaz həqiqətdir. Heydər Əliyev adına İdman Arenası azarkeşlərlə dolu idi. Güləşəndə azarkeşlərin həyəcanını hiss edirdim. Onların dəstəyi mənə ruh verirdi. Həmvətənlərim çıxışımın sonuna qədər məni dəstəklədilər. Həmin anları heç vaxt yadımdan çıxarmayacağam. İlk Avropa Oyunlarında qazandığım qızıl medalı azarkeşlərə hədiyyə edirəm.
- Qarşıdakı yarışlarla bağlı nə deyə bilərsən?
- Məşqçilər heyətinin qərarına əsasən hazırda bərpaedici məşqlər keçirik. Bir həftədən sonra əsas məşqlərə başlayacağıq. Bir aydan sonra Las-Veqasda Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı təşkil olunacaq. Əsas məqsədim bu yarışda da uğurla çıxış edərək mükafatçılar sırasında yer almaqdır. İnanıram ki, güclü güləş yığmamız dünya çempionatında da Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq.
Aysel Sultanova