Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, onlar üçün əlverişli şəraitin yaradılması dövlətin gənclər siyasətinin əsasını təşkil edir. Bir sözlə, gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər diqqət mərkəzində olan məsələlərdəndir.
Respublikamızda uşaq və gənclərin təlim-tərbiyəsi və onların təhsili, sağlam həyat tərzi keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində mühüm amil olan idmanın, bədən tərbiyəsinin yüksələn xətlə inkişafı və əldə olunan uğurlar hər birimizi sevindirir. Buyaxınlarda keçirilən I Avropa Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etdi. Respublikamızı Bakıda təşkil edilən ilk Avropa Oyunlarında 291 gənc idmançı təmsil etdi ki, onlardan 21 nəfəri qızıl, 15-i gümüş və 20-si bürünc medal qazandı. Məhz bu gənc, vətənpərvər idmançıların əldə etdiyi nailiyyətlər Azərbaycanı medalçılar siyahısında 2-ci yerə çıxardı.
Avropa Oyunlarında ölkəmizə qızıl medal qazandıran gənc idmançılardan biri də karate ustası, 4 qat dünya, 12 qat Avropa, I Avropa Oyunlarının çempionu Rəfael Ağayevdir. "Dünya karatesinin brilyantı”, "karatenin Maradonası” adlandırılan gənc idmançımız indiyədək iştirak etdiyi yarışlardan, demək olar ki, həmişə qalib ayrılıb. O həm də eyni dünya çempionatında iki qızıl medala sahib olmaqla rekorda imza atıb. Dünya karatesində favorit ölkələrdən sayılan Fransa, Almaniya, İspaniya, ABŞ, Kanada və başqa ölkələr Rəfaeli dəvət edirlər. Bu ölkələrdə ən yaxşı mütəxəssislər Rəfaelin döyüş üsulu və taktikasını diqqətlə və yaxından izləyirlər.
Azərbaycanı Avropa Oyunlarında kumite üzrə 75 kq çəki dərəcəsində təmsil edən və qızıl medala layiq görülən tanınmış idmançı ilə görüşərək idmana gəlişi, indiyədək əldə etdiyi uğurlar və həyatının müəyyən maraqlı məqamlarından danışdıq.
"7 yaşımdan karate ilə məşğul oluram”
- Rafael, kifayət qədər tanınmış idmançı olsan da, bəlkə də, çoxları sənin idman və şəxsi həyatın haqqında müəyyən məqamlardan xəbərsizdirlər. Bir qədər özün haqqında danış...
- 1985-ci il martın 4-də Sumqayıt şəhərində anadan olmuşam. 21 saylı orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təkmübarizlik fakültəsinə daxil olmuşam. 2007-2008-ci illərdə əvvəlcə Ağcabədi rayonunda hərbi xidmətdə olmuşam, sonra isə perspektivli idmançı kimi məni Müdafiə Nazirliyinin idman klubunun heyətinə dəvət ediblər.
- Karate idman növünə səni bağlayan nə oldu?
- Mən idmançı ailəsində böyümüşəm. Atam peşəkar futbolçu olduğundan övladlarının hamısını idmana cəlb edib. Böyük qardaşım Ruslan cudo, ikinci qardaşım Rüstəm isə boksla məşğul olub və vaxtilə idmanda yaxşı nəticələr əldə ediblər. Bir çox uşaqlar kimi, mənim də uşaqlıqda futbola böyük marağım olub. Futbolla bərabər karateni də çox sevmişəm. Ancaq seçimdə sonuncuya üstünlük verdim. Çünki döyüşməyi və güləşməyi sevirdim. Uşaqlıqdan ən çox baxdığım filmlər məşhur kino aktyor Brüs Li-nin iştirakı ilə çəkilən ekran əsərləri olub. Onun döyüş üsulu məni həvəsə gətirirdi. Bu filmlərə baxdıqdan sonra istər-istəməz idmanla, özü də karate ilə məşğul olmaq istəyirdim.
- Hər bir insanın həyatda öz mövqeyini müəyyən etməsində müəllimi və yaxud məşqçisinin müəyyən rolu olur...
- 7 yaşımdan karate ilə məşğul oluram. İlk məşqçim Rəfael Məmmədovun rəhbərliyi altında bu idman növünün sirlərinə yiyələnmişəm. Rəfael müəllim məndə karateyə qarşı böyük sevgi oyadıb və bunun üçün ona minnətdaram. Sonra tanınmış idmançı Füzuli Musayevin rəhbərliyi altında respublikanın tanınmış idman klublarından olan "Budokan”da məşqlərə davam etmişəm. İdman karyeramda komandanın keçmiş baş məşqçisi Hidayət Şabanovun böyük rolu olub. O, mənimlə 8 ildən artıq çalışıb və qalibiyyətin bütün sevincini məhz bu insanla birgə keçirmişəm. Hazırda karate üzrə yığmanın baş məşqçisi Rəhman Hətəmovun rəhbərliyi altında məşqlərini davam etdirirəm. Məni bu mərtəbəyə gətirib çatdıran və əziyyəti keçən bütün məşqçilərimə minnətdarlığımı bildirirəm.
- İlk yarışın necə xatirində qalıb?
- Yeniyetmə idmançı kimi iştirak etdiyim ilk respublika çempionatı mənim üçün uğurlu olub. Bu yarışda bütün rəqiblərim üzərində inamla qələbə qazanaraq həm azarkeşlərin, həm də Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bildim. Federasiya rəhbəri məndə qeyri-adi döyüş taktikasının olduğunu, yəqin ki, hiss etmişdi. Mən öz üzərimdə çox işləyir, daim qələbə qazanmağa can atırdım.
- Yığmaya gəldiyin illəri necə xatırlayırsan?
- 1997-ci ildə məni yığmaya dəvət etdilər. Sağ olsunlar, komandada uşaqlar mənə çox dəstək oldular. Seymur Hüseynov, Seyran Bağırov, Fariz Nəcəfov və başqalarının mehriban və səmimi münasibəti mənə qol-qanad verdi. Mehribanlıq hər bir kollektivdə çox gözəl şeydir. Ətrafındakı insanlardan dəstək və qayğı görmək insana ruh verir. Onun üçün deyirlər ki, mehribanlıq hardadırsa, xeyir-bərəkət də ordadır.
- İştirak etdiyin ilk beynəlxalq yarış hansıdır?
- İlk dəfə beynəlxalq yarışda 1997-ci ildə Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya kubokunda iştirak etmişəm. Lakin təəssüf ki, bu yarış mənə uğur gətirməyib. Hətta fikirləşdim ki, idman mənlik deyil. Amma növbəti il İngiltərənin açıq çempionatının qalibi olanda sevincim yerə-göyə sığmırdı. Ardınca uğurlar biri-birini əvəz etməyə başladı. Belə ki, 2001-ci ildə Afinada (Yunanıstan) keçirilən gənclər və yeniyetmələr arasında dünya çempionatının bürünc, 2002-ci ildə isə Avropa çempionatının qızıl medalını qazandım. Onda 17 yaşım var idi.
"Anam mənə görə nişan üzüyünü satıb”
- Həyatında çətin günlərin olubmu?
- Hər bir insanın həyatında çətin və xoş günlər olur. Biz payımıza düşən ömrü yaşayırıq. Kasıb ailədə doğulmuşam, çətinliklə böyümüşəm. Elə olub ki, Sumqayıtdan Bakıya gəlmək üçün yol pulu tapmamışam. Qardaşlarım mənə yol pulu düzəltmək üçün maşın bazarında peraşki və su satmalı olublar. Hətta anam mənə görə nişan üzüyünü satıb. Çünki ailəmin məni beynəlxalq yarışa yollamaq üçün başqa çıxış yolu olmayıb. Şükürlər olsun ki, o günlər arxada qalıb. Mən valideynlərimin qarşısında baş əyirəm. Biz nə qədər çalışsaq da, onların bizim üçün elədiklərinin əvəzini qaytara bilmərik.
- Hansı döyüşün xatirində dərin iz buraxıb?
- Yaxşı xatirimdədir, 16 yaşım olardı. O vaxtlar fransız idmançısı Aleksandr Belmonti karatedə ad çıxarmışdı. Bütün gənclər, yeniyetmələr özlərini ona bənzətməyə çalışırdılar. Mən bir gün atama dedim ki, bu fransız karateçisini mütləq məğlub edəcəyəm. Təsadüfə baxın ki, onunla bu söhbətdən 4 il sonra, yəni 20 yaşım olanda qarşılaşdım. Böyüklər arasında Avropa çempionatında Aleksandr Belmonti ilə döyüşərək. onu məğlub etdim. Bax bu döyüş mənim həyatımı büsbütün dəyişdi. Məğlub olan fransız isə bununla barışmır və məni revanş döyüşünə dəvət edirdi. Revanş döyüşündə də inamla döyüşərək ona üstün gəldim. O vaxt rəqibimin 33 yaşı var idi. Mənə ikinci məğlubiyyətindən sonra Aleksandr karyerasına son qoyduğunu elan etdi və məni "karate dünyasına döğan yeni ulduz” adlandırdı.
- Yeri gəlmişkən, Antonio Espinos Rəfael Ağayevi "dünya karatesinin brilyantı” adlandırıb...
- Təvazökarlıqdan uzaq olsa da, bu gün Rəfael Ağayevi dünyanın ən güclü karateçilərindən biri kimi tanıyırlar. Mən öz çəki dərəcəmdə hələ də liderliyimi qoruyub saxlayıram. Gənc olmağıma baxmayaraq, indiyədək karatedə ən yüksək idman uğurlarına nail ola bilmişəm, dəfələrlə Avropa və dünya çempionu titulunu qazanmışam. Mən həm də eyni dünya çempionatında iki qızıl medala sahib olmuşam. Bu isə rekord nəticədir.
- Bu, nə vaxt olub?
- Həmin hadisə 2008-ci ildə Tokioda (Yaponiya) keçirilən 18-ci dünya çempionatında baş verib. Çempionatda 70 kq-a qədər və açıq çəki dərəcəsində bütün rəqiblərimi üstələyəyrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. O vaxt Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos məni "dünya karatesinin brilyantı” adlandırdı və bu sözləri Avropa Oyunları çərçivəsində günün yekunları ilə bağlı Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin keçirdiyi mətbuat konfransında bir daha təkrar etdi. Qeyd edim ki, beynəlxalq arenada əldə etdiyim idman nailiyyətlərinə görə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəfələrlə mükafata layiq görülmüşəm, bir neçə il dalbadal ölkənin ən yaxşı idmançılarının onluğuna daxil edilmişəm.
"İdman əziyyəti, zəhməti sevir”
- Rəfael, sənin uğurlarının əsasında nə dayanır: şanslı olmağın, yoxsa...
- Artıq 21 ildir ki, idmandayam və bu sahədə müəyyən təcrübəm var. Mən deyərdim ki, şanslı idmançı hansısa üsulla, uzağı, bir və ya iki dəfə qalib gələ bilər. Ancaq rəqiblə döyüşdə uğur qazanmaq və qələbə sevincini yaşamaq üçün günlərlə, aylarla, illərlə əziyyət çəkmək lazım gəlir. Mən hər döyüşdə rəqibə qalib gəlmək üçün çox zəhmət çəkmişəm. Bax, sirr bundadır. Çünki idman əziyyəti, zəhməti sevir. Bir də peşəkar idmançı udub-uduzmağı bacarmalıdır. Həmçinin mən də udub-uduzmağı bacarıram. Yarışlarda qalib gəlməyimi şans adlandırmazdım, çünki əziyyət çəkib bu yerə gəlmişəm, kimsə məni bu yerə havayı gətirməyib.
- Öyrətmək yaxşıdır, yoxsa öyrənmək?
- Mən həm tələbəyəm, həm müəllim. 16-20 yaşlı gənclərə karatenin sirrlərini öyrədirəm və həm də Füzuli müəllimin, Rəhman Hətəmovun tələbəsiyəm. Hamımız qocalana kimi öyrənib öyrətməliyik.
- Hecə düşünürsən, karatenin Avropa Oyunlarının proqramına salınması və komandanızın əldə etdiyi uğurlar ölkəmizdə bu növün inkişafına təkan verəcəkmi?
- İlk Avropa Oyunlarının Bakıda keçirilməsindən çox qürur duyuram. Sevinirəm ki, Bakı-2015 Avropa Oyunlarının proqramında nümayiş etdirilən 4 qeyri-Olimpiya idman növündən biri də karate oldu. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya karateçilər adından minnətdarlığımı bildirirəm. Sevinirəm ki, komandamız doğma divarlar arasında və azarkeşlər qarşısında yüksək nəticələr əldə etdi. Karatedə uğurlarım yetərincədir, amma doğma divarlar arasında keçirilən Avropa Oyunlarının qalibi olmaqdan qürur duyuram. Mənim üçün fəxrdir ki, mükafatlandırma mərasimində qızıl medalı mənə Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib. Şübhəsiz ki, Oyunlardan sonra ölkəmizdə karatenin inkişafı və təbliğinə diqqət daha da artacaq, bu növə uşaq və gənclərin marağı birə beş çoxalacaq. Düşünürəm ki, gələcəkdə karate ustalarımız ölkəmizi Olimpiya oyunlarında təmsil edəcəklər.
- Avropa Oyunlarının çempionu adını qazanan Azərbaycan idmançılarından biri də sən oldun. Yarışlar necə keçdi?
- Yarışdan əvvəl də demişdim ki, məqsədim ilk Avropa Oyunlarında birinci olmaqdır və bunu bacardım. Bu qələbə təkcə mənim yox, ölkə Prezidentinin, xalqımızın, ailəmin, dostlarımın, hər birimizin qələbəsidir. Döyüşlərə gəlincə, Avropa Oyunlarında keçirdiyim 5 döyüşdən yalnız birində məğlub oldum. Türkiyə idmançısı ilə döyüş mənim üçün asan keçmədi və ona 2 xal fərqi ilə uduzdum. Digər rəqiblərimdən alman karateçisi Noah Bitçlə indiyə kimi 4 dəfə tatamiyə çıxmışam. Axırıncı dəfə onunla İstanbulda keçirilən dünya çempionatının finalında rastlaşmışam. İtalyan karateçi Luici Bosa ilə 9 dəfə qarşı-qarşıya gəlmiş, 7 dəfə qalib, 2 dəfə məğlub olmuşam. Nə gizlədim, bü günə kimi əldə etdiyim bütün uğurları bir kənara qoysam, karyeramda mənim üçün ən böyük nəticə Bakı-2015 birinci Avropa Oyunlarında qazandığım uğurdur. Bu qələbəni ürəkdən istəyirdim. İnsan bir şeyi ürəkdən arzulayanda mütləq ona çatır.
- Sənin oyununda diqqətçəkən məqamlardan biri də azarkeşlərin səni alqışlamasına etiraz etməyin oldu...
- Döyüşdə elə məqam olur ki, mütləq fikrini cəmləməlisən. Azarkeşlərin tribunadan məni: "Rəfael, Rəfael”, - deyə çağırmaları diqqətimi yayındırırdı, fikrimi cəmləyə bilmirdim. Mən onlara əlimlə "sakit olun” işarəsi etdim və sağ olsunlar, azarkeşlərim də məni başa düşdülər. Rəqiblərim Avropanın ən güclüsü idilər. Mən Bakıda məğlub ola bilməzdim. Sonra bunu özümə bağışlamazdım.
"Finala çıxıb, cempionluğun bir addımlığında büdrəyəndə çox çətin olur”
- Rafael, uzun illərin ən güclü və peşəkar idmançısı birinciliyi əldən verəndə nə baş verir və sən uduzmağı bacarırsanmı?
- Mənim fikrimcə, ikinci olmaq ücüncü yeri tutmaqdan daha pisdir və daha cətin həzm olunur. Bunu hər bir peşəkar idmançı təsdiqləyə bilər. Axı üçüncü yeri tutanda sən kiməsə bu yer uğrunda qalib gəlib, bürünc medalı qazanırsan və yarımfinalda yaşadığın məyusluq hissi artıq unudulur. Lakin finala çıxıb, cempionluğun bir addımlığında, mümkün uğurun bir neçə dəqiqəsində və ya saniyəsində büdrəyəndə çox çətin olur. Mən 23 ildir karatedəyəm və yeddi yaşımdan indiyədək cəmi dörd-beş dəfə ikinci olmuşam. Finala cıxanda həmişə qalib gəlməyi düşünmüşəm. Bürünc medallarım gümüşdən daha coxdur. Uduzduğum finalların isə ən təsirlisi Fransada keçirilən dünya birinciliyində oldu. Özümdən güclü rəqibə uduzsa idim, bu, məni o qədər yandırmazdı. Cox yaxşı formada idim. Finaladək rəqiblərim məndən cəmi bir xal ala bilmişdilər və inamla beşinci dəfə dünya çempionu tituluna doğru gedirdim. Axı karate tarixində hələ heç kim beş dəfə dünya çempionu olmamışdı... Nə isə... Bu döyüşdən sonra beş ay özümə gələ bilmədim, özümə qapanıb heç kəsi görmək belə istəmirdim. Mən bu məğlubiyyətlə barışa bilmədim ki, bilmədim...
- Qələbədən sonra səndə arxayınlıq hissi yaranırmı?
- Xeyr, çempion olan dəqiqədən yorğunluq və arxayınçılıq yaddan çıxır. Həmişə qələbədən sonra öz üzərimdə daha çox çalışıram, məşqlərimdən qalmıram. Çünkü hər zaman fikirləşirəm ki, mən qalib gəldiyim karateçilər artıq səhəri gün daha çox məşq edirlər ki, bu məğlubiyyətin əvəzini məndən çıxa bilsinlər. Ona görə qələbədən sonra daha çox məşq edirəm ki, onlar məni üstələyə bilməsinlər.
"Ölkəmizin bayrağının dalğalanmasını görmək mənim üçün şərəfdir”
- Özünü böyük idmandan sonrakı həyatda hansı rolda görürsən?
- Karatesiz öz həyatımı təsəvvür edə bilmədiyim üçün, çox güman kimi, bu sahədə fəaliyyət göstərəcəyəm. Bayaq dediyim ki, tələbələrim var. Çox güman ki, Azərbaycan Karate Federasiyasıda müəyyən bir işlə məşğul olacağam.
- Özünü kimə borclu hesab edirsən?
- Azərbaycanı xarici ölkələrdə təmsil etdiyimə görə özümü xoşbəxt sanıram. Yarış meydanında əldə etdiyim qələbədən sonra fəxri kürsünün ən yüksək pilləsində dayanaraq ölkəmizin bayrağının dalğalanmasını görmək mənim üçün şərəfdir. Nə qədər canımda can var, Azərbaycanın dövlət himnini səsləndirəcəyəm. Bu gün əldə etdiyim uğurlara görə allahıma minnətdaram. Mənim bu mərtəbəyə gəlib çıxmağımda əməyi olan hər kəsə - müəllimlərimə, məşqçilərimə, federasiyanın rəhbərliyinə, ailəmə təşəkkür edirəm.
- Uşaqlara və gənclərə nə arzu edirsən?
- Ta qədimdən Azərbaycan xalqı döyüşkənliyi və mübarizliyi ilə seçilib, tanınıb. Çünki bu bizim qanımızdadır. Oğullarımız səngərlərdə, döyüş meydanlarında igidlik göstəriblər, rəşadətlə vuruşublar. Doğma anamız kimi sevdiyimiz vətəni məhz belə oğullar qoruyurlar. İdman da bir hünər, döyüş meydanıdır. Uşaq və gənclərin idman, bədən tərbiyəsi ilə məşğul olmaları sağlamlıq nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Çünki bu vətənə sağlam, fiziki cəhətdən möhkəm gənclər, əsgərlər lazımdır. Arzu edirəm ki, idmançı olub, olmamasından asılı olmayaraq gənclərimiz həmişə Azərbaycanı şərəf və ləyaqətlə təmsil etsinlər, vətənin başını uca etsinlər.
- Səni cəmiyyətdə necə insan kimi qəbul edirlər?
- Həyatda sadə və səmimi insanam. Bəzən məni adamayovuşmaz kimi qəbul edirlər. Tanıyanlar bilirlər, dostluqda çox etibarlıyam.
- Hansı bürcdə doğulmusan?
- Balıqlar bürcündənəm. Adətən, bu bürcdə olanlar nəzakətli, yolagedən və xəyalpərəst olurlar.
- Boş vaxtlarında nə edirsən?
- Filmlərə baxmağı, futbol oynamağı və dostlarla ünsiyyətdə olmağı xoşlayıram.
- Musiqiyə münasibətin necədir?
-Cazdan başqa, bütün musiqi janrlarını xoşlayıram. Bir də rəqs etməyi çox sevirəm. Mən rəqs edəndə, dostlarımla futbol oynayanda yaxşı istirahət edirəm.
- Kimin ifasını bəyənirsən?
- Muğamı Alim Qasımovun ifasında dinləyirəm. Xoşladığım müğənnilər var, amma ən çox bəyəndiyim Samira Allahverdidir.
- Ən böyük arzun?
- İdmanda ən böyük arzum karatedə Olimpiya oyunlarının çempionu olmaqdır. Anamın mənim üçün ən böyük arzusu isə məni evləndirməkdir (gülür). Avropa Oyunlarından əvvəl mənə dedi ki, ən böyük arzum çempion olduqdan sonra sənin toyunu görməkdir.
- Bəs sən nə fikirləşirsən?
- Ailə həyatı qurmaq ciddi məsələdir. Adam özünə bir paltar və ya yemək alanda xoşlamayıb, onu qaytara bilər. Amma özünə ömür-gün yoldaşı seçmək bir qədər çətindir. Çox götür-qoy eləmək lazım gəlir.
Səadət Hakıyeva