Bu il iyunun 12-dən 28-dək Avropa və dünya idmansevərlərinin diqqəti Bakıya yönəldi. Azərbaycan ilk Avropa Oyunlarını təşkil edən ölkə kimi tarixə düşdü. Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirakı ilə keçirilən I Avropa Oyunları, həm də komandamızın uğurlu çıxışı ilə yadda qaldı. Ölkə yığması qitənin güclü idman dövlətlərini qabaqlayaraq 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc) ümumi komanda hesabında yalnız Rusiyadan geri qaldı. Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi və komandamızın qazandığı uğurlar Azərbaycanın yüksək potensiala malik idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu məsələlərlə bağlı "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəsində maraqlı məqamlara toxundu.
"Azərbaycan xalqı Avropa Oyunlarında misli
görünməyən həmrəylik
nümayiş etdirdi”
- Şərqdə ilk operanın, ilk demokratik respublikanın yaradıcısı və digər bir sıra ilklərin məkanı olan Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə daha bir ilkə imza atdı...
- Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov XX əsrin əvvəllərində "Leyli və Məcnun” operasını yazmaqla bütün Şərqdə ilk operanın əsasını qoydu və həm də Azərbaycan milli operasının inkişafına təkan verdi. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla bərabər, xalqımızın tarixində mühüm hadisə idi. Şübhəsiz ki, hər iki hadisə Azərbaycan xalqının tarixində önəmli rola malikdir. Lakin Avropa Oyunları bir qədər fərqlidir. Ölkəmiz Avropa Oyunlarına ev sahibliyi etməklə tarixdə və Avropada ilkə imza atdı. XX əsrin əvvəllərində Şərqdə özünü qabaqcıl ölkə kimi nümayiş etdirən Azərbaycan bu dəfə Avropada qüdrətinin nümayiş etdirdi.
- Çingiz müəllim, insanlar birinci Avropa Oyunlarının ölkəmizə hansı xeyir və qazanc, gətirəcəyi barədə müxtəlif fikirlər yürüdürlər. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- Bilirsiniz, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi iddiası ilə çıxış edəndə qazanc haqqında düşünmürdü. Məsələnin bu cür qoyuluşu heç də düzgün deyil. Onda belə çıxır ki, Olimpiya oyunlarına ev sahibliyi edən və edəcək şəhərlər nəsə qazanmaq üçün bir-biri ilə gərgin mübarizə aparırlar. Götürək elə Paris, London, Roma, Tokio şəhərlərini. Bir də Avropa Oyunları kimi mötəbər və kompleks yarışları təşkil etmək üçün xalqın iradəsi mütləqdir. Yerli camaat, əhali bunu istəmədiyi təqdirdə heç bir uğurdan, müvəffəqiyyətdən danışmağa dəyməz.
- Necə düşünürsünüz, Azərbaycanın I Avropa Oyunlarında uğurunun əsasında nə dayanır?
- Azərbaycan xalqı Avropa Oyunlarında misli görünməyən bir həmrəylik nümayiş etdirdi. Bax bizim uğurumuzun sirri bundadır. 2012-ci ildə ölkəmizə ev sahibliyi veriləndə dövlətimiz əhalinin rəyini mütləq nəzərə almışdı. Azərbaycan əhalisinin əksəriyyəti Avropa Oyunlarının ölkəmizdə təşkilini istəyirdi. Yarışlar dövründə xalqımız çox fəallıq göstərdi. Maraqlıdır ki, qeyri-ənənəvi idman növləri üzrə yarışlarda tribunalar tamaşaçılarla, azarkeşlərlə dolu idi. Uşaqdan tutmuş böyüyə kimi hamı Avropa Oyunlarının proqramına daxil edilən 20 növ üzrə idman yarışlarını izləyir və həm də ailəvi istirahət edirdi. İdman obyektlərinin gözəlliyi, burada yaradılan şərait insanların bu yarışlara marağını daha da artırırdı. Digər tərəfdən, yarış yerlərinə getmək üçün nəqliyyatın qrafik üzrə vaxtlı-vaxtında işləməsi çox yaxşı təmin olunurdu. Təhlükəsizlik məsələləri çox yüksək səviyyədə idi. Uğurumuzu təmin edən amillərdən biri də xalqımızın Azərbaycan atletlərinə, onların yüksək nəticə qazanmalarına olan inam və etibarı idi.
"Komandamızın yarışları 2-ci yerdə başa vurması bizim üçün sürpriz oldu”
- Azərbaycan idmançılarının Avropa Oyunlarında çıxışını necə dəyərləndirirsiniz?
- İdmançılarımız bu yarışlarda dövlətimizin, xalqımızın onlara bəslədiyi etimadı doğrultdular. Azərbaycan yığma komandası Avropa ölkələri arasında 56 medalla ikinci oldu. Azərbaycan qitənin Almaniya, Böyük Britaniya, İsveçrə, İtaliya kimi ölkələrini geridə qoyaraq yalınız şimal qonşusu Rusiyaya güzəştə getdi. Bu, parlaq qələbədir. Fərəhlisi odur ki, Azərbaycan atletləri bu medalları müxtəlif idman növlərində qazandılar. 12-dən çox idman növündə nəticələr əldə olunub. Bu, Azərbaycanda idman və Olimpiya Hərəkatının hərtərəfli, yüksələn xəttlə inkişaf etdiyinin göstəricisidir. Əldə olunan uğurlar onu deməyə əsas verir ki, idmançılarımız bütün idman növlərində rəqiblərinə güclü müqavimət göstərmək imkanına malikdirlər. Ənənəvi idman növləri olan güləş, boks, taekvondo, karatedə yüksək uğurlar əldə etmişik. Triatlon, gimnastika, qılıncoynatmada qazandığımız medallar ölkəmizin idman qüdrətini bir daha nümayiş etdirdi. Sevindirici haldır ki, cəmi 2 ildir yaranmasına baxmayaraq, triatlon idman növündə medal qazandıq. Avropa Oyunlarının ev sahibi kimi proqramda yer alan bu növün inkişafına ölkəmizdə qısa müddət ərzində böyük diqqət və qayğı göstərildi, federasiya yaradıldı. Sonra idman gimnastikasında Oleq Stepkonun uğurlu çıxışı və qızıl medala layiq görülməsi çox böyük uğurdur. Qılıncoynatma yarışları üzrə iki medal qazanmağımız bir qədər gözlənilməz idi. Düzdür, vaxtilə bu növdə müəyyən nailiyyətlərimiz olsa da, sonralar durğunluq yaranıb. İndi əldə olunan uğurlar Azərbaycanda qılıncoynatmanın inkişafından xəbər verir.
- Çingiz müəllim, Avropa Oyunlarından əvvəl rəyi soruşulanların əksəriyyəti Azərbaycan yığmasını ilk beşlik və ya onluqda görürdü. Sizin fikrinizcə, komandamızın yarışları ikinci yerdə başa vurması gözlənilən idi?
- Azərbaycan komandasının Avropa Oyunlarında ümumilikdə 50 medal qazanacağını və ilk beşlikdə yer alacağını əvvəlcədən gözləyirdik. Şəxsən mən fikirləşirdim ki, idmançılarımız bu yarışlarda ən azı 10 qızıl medal qazanacaqlar. Amma komandamızın yarışları 2-ci yerdə başa vurması bizim üçün sürpriz oldu. Azərbaycan yığmasının bu yerə sahib olmasına səbəb olan bir sıra mühüm məqamlar vardır. Birincisi, əldə olunan 56 medal arasında qızılların çox olması bizi medalçılar siyahısında ikinci etdi. Adətən, yarışların medal sıralanmasında qızıl medalların sayı həm gümüş, həm də bürünc medalların sayından az olur. Avropa Oyunlarında isə əksinə, Azərbaycan yığmasının əldə etdiyi 56 medaldan çoxu, 21-i qızıl oldu. Mən bir daha əmin oldum ki, doğma divarlar arasında çıxış etmək idmançıya əlavə stimul verir, onu qələbəyə ruhlandırır.
"Ölkə başçısı qalib gələnləri təbrik edir, bağrına basır, məğlub olanlara
isə təsəlli verirdi”
- Yeri gəlmişkən, Azərbaycan idmançılarına stimul verən amillərdən biri və ən əsası ölkə başçısının yarışları tribunadan birbaşa izləməsi oldu...
- Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev həmişə olduğu kimi idmançılarımızın yanında idi. Ölkə başçısının ailəsi ilə birlikdə yarış yerlərinə baş çəkməsi və idmançılarımızın çıxışını tribunadan izləməsi onlarda böyük ruh yüksəkliyi yaratdı və məsuliyyət hissini birə-beş artırdı. Bu amil atletlərimizə parlaq qələbələr qazanmaq üçün stimul verdi. Azərbaycan Prezidenti atletlərimizin arasında idi, ölkə başçısı qalib gələnləri təbrik edir, bağrına basır, məğlub olanlara isə təsəlli verirdi.
- Medal gözlədiyimiz cüdo, voleybol, basketbol idman növlərində təmsilçilərimiz özlərini doğrulda bilmədilər. Bunun səbəbi nə idi?
- Cüdo ölkəmizdə kifayət qədər inkişaf etmiş idman növlərindəndir. Qədim ənənələrə malik bu növ üzrə beynəlxalq səviyyəli yarışlarda idmançılarımız indiyədək öz layiqli sözlərini deyiblər. Cüdo üzrə Olimpiya, dünya və Avropa çempionlarımız az deyil. Biz Bakı-2015 Avropa Oyunlarında cüdoda qızıl medallar qazana bilməsək də, bunun əvəzini taekvondoda çıxdıq. Götürək, elə güləşi. Elə dünya və Avropa çempionları var ki, bu yarışda qızıl medal qazana bilmədilər. Bu, idmandır. Amma sirr deyil ki, bizim perspektivli cüdoçularımız çoxdur. Çox güman ki, bu uğursuzluğun səbəbləri araşdırılacaq və idmançılarımız bundan sonrakı mötəbər tədbirlərdə ölkəmizi layiqincə təmsil etməyə çalışacaqlar. Ümumilikdə, Azərbaycan idmançılarının I Avropa Oyunlarında çıxışını çox yüksək qiymətləndirirəm. Qeyd edim ki, komandamızın əldə etdiyi bu qələbədə medal qazanmayan idmançılarımızın da zəhməti vardır. Məsələn, yarışların əvvəlində sona qədər inamla mübarizə aparan qadın voleybolçularımız çətin mübarizədə yalnız Türkiyəyə məğlub oldular. Kişi və qadınlardan ibarət basketbol komandamız dörddəbir finala qədər yüksəldi. Bu, Azərbaycanda idman və Olimpiya Hərəkatının hərtərəfli və yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir. Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan yarışları ikinci yerdə başa vurmaqla idman ölkəsi olduğunu bir daha sübut etdi. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Əldə olunan uğurlar, qazanılan nailiyyətlər məhz dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan bəhrələnir.
- Avropa Oyunlarından əvvəl bəzi qara qüvvələr Azərbaycana qarşı kampaniyaya başlamışdılar. Sizcə, onlara nə mane oldu?
- İlk növbədə xalqın və dövlətin həmrəyliyi, başqa sözlə, eyni məqsədə xidmət etməsi onların öz istəklərinə nail olmasına imkan vermədi. Təbii ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi mötəbər idman tədbirini səbirsizliklə gözləyənlərlə yanaşı, ondan sui-istifadə edən qüvvələr də var idi. Bu qüvvələr Azərbaycanın Avropa idmanı üçün gördüyü tarixi vəzifəyə kölgə salmağa çalışırdılar. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin bu məsələyə münasibəti birmənalı oldu: "Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişat etdirmək və Avropa atletlərinin tam potensialını nümayiş etdirmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm”. AOK prezidenti həm də 2015-ci ilin yanvarında Davosda Bakı-2015 ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışında qeyd etdi ki, Bakı-2015 Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycana qarşı kampaniya aparanlara cavab olaraq bildirdi: "Azərbaycan gücləndikcə bizə təzyiqlər artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq”. Bir sözlə, Azərbaycanın Avropa Oyunlarındakı qələbəsi təkcə idmançıların deyil, həm də dövlətçiliyimizin, xalqımızın qələbəsidir. Miqyasına və əhəmiyyətlilik dərəcəsinə görə bu yarışlar kimi ikinci bir hadisə təsəvvür etmək çox çətindir.
"Bu həm də azərbaycançılıq ideologiyasının Avropanın dili ilə dünyaya çatdırılması idi”
- Necə düşünürsünüz, ölkəmizin Avropa Oyunlarında uğur qazanmasına hansı amillər kömək etdi?
- Adətən, kompleks yarışların uğurunun əsasında yüksək səviyyədə təşkilatçılıq, idmançıların əldə etdiyi qələbələr və yarışların açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi dayanır. Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu. İdmançılarımız da yaxşı çıxış etdilər və onlara bəslənilən ümidləri doğrultdular. Adətən, yarışlar açılış mərasimi ilə başlayır, bağlanış mərasimi ilə sona çatır. Avropa Oyunlarının açılış mərasimi çox gözəl təşkil edilmişdi. Bunu həm ideya, həm də şounun təşkili baxımından demək mümkündür. Mən deyərdim ki, bu həm də azərbaycançılıq ideologiyasının Avropanın dili ilə dünyaya çatdırılması idi. Açılış mərasimində milliliklə bəşəri dəyərlərin vəhdətindən təqdim olunan ecazkar səhnələr, meydanda rəqqasların şousu, atletlərin paradı, Avropa və Azərbaycan musiqilərinin səslənməsi bir sözlə, hər şey füsünkar idi. Azərbaycanın tarixi, mədəniyyəti, mənəviyyatı təntənəli şəkildə dünyaya təqdim edildi. Bağlanış mərasimi isə Avropa Oyunlarının son nöqtəsi, qitə tarixinin yeni başlanğıcı idi. Mən ilk Avropa Oyunlarının məşəlinin yandırılması və daşınmasını xüsusilə vurğulamaq istəyirəm. Qədim "Atəşgah” məbədində ölkə başçısı tərəfindən yandırılan məşəl respublikamızın 61 yaşayış məntəqəsindən keçərək yenidən paytaxta gətirildi və şəhərin tarixi yerlərini dolanaraq Olimpiya stadionuna gətirildi. Düşünürəm ki, məşəl estafetinin özü bu oyunların uğurundan xəbər verirdi. Olimpiya oyunlarının vətəni kimi məşəl Afinada, Olimp dağında yandırıldığı kimi bundan sonra keçiriləcək Avropa Oyunlarının məşəlinin yandırılacağı yer "Atəşgah” olacaq.
- Çingiz müəllim, ümumiyyətlə Azərbaycan bir xalq, dövlət olaraq Avropa Oyunlarında nə əldə etdi və edəcək?
- Avropaya öz töhfəsini verən Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə həm də öz işıqlı gələcəyi üçün əsaslı zəmin yaratmış oldu. Ölkəmiz ilk növbədə idman, iqtisadi, mədəni, siyasi aspektlərdə müəyyən uğurlar qazandı. İdman nöqteyi-nəzərindən Azərbaycan Avropa Oyunları ilə dünyanın idman xəritəsində öz yerini möhkəmləndirdi. Növbəti oyunlarda məşəlin Bakıda yandırılması, həmçinin atletlərin paradında Azərbaycan komandasının paradın önündə getməsi ölkəmizə bu hüququ qazandırır. Çünki Olimpiya oyunları təcrübəsinə görə, medalların sayına uyğun olaraq sıralamada ilk yerlərdə qərarlaşmaq həmin ölkənin dünyada tanınması baxımından çox əhəmiyyətlidir. Təşkilatçılıq səviyyəsinə görə beynəlxalq idman ictimaiyyətinin və rəsmilərinin Olimpiya oyunları ilə eyni çəkidə qiymətləndirdiyi Avropa Oyunlarında ikinci pillədə yer almaq da Azərbaycanın dünyada tanınması üçün əsas amildir. Digər tərəfdən, Avropa Oyunları Azərbaycanda əhalinin idmana marağını ikiqat artırdı. Bu, ölkədə sağlam gəncliyin formalaşmasında böyük təsirə malikdir. Bu oyunlarda idman infrastrukturunun yenilənməsi və əsaslı şəkildə qurulması da ölkəmizin əsas qazanclarındandır. Qarşıda bizi Azərbaycanın ev sahibliyi edəcəyi "Formula-1”, İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Şahmat Olimpiadası, həmçinin, futbol üzrə Avropa çempionatının qrup oyunları kimi beynəlxalq idman yarışları gözləyir. Bu yarışların çoxu Avropa Oyunları üçün inşa olunan obyektlərdə keçiriləcək. Bunun da kapital qoyuluşu baxımından ölkə iqdisadiyyatına müsbət təsiri olacaq. Avropa Oyunları həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafını təmin edib. Bunu ölkəyə turist axınının artması da sübut edir. Azərbaycan yarışlarda öz zəngin mədəniyyətini, mətbəxini və tarixini dünyaya əyani şəkildə çatdıra bildi. Avropa Oyunları həm də Azərbaycanda könüllülük hərəkatının əsasını qoydu. Bir də ilk Avropa Oyunları Azərbaycanın siyasi güc olaraq qəbul olunmasına növbəti dəfə təkan verdi. Dünya ictimaiyyəti Azərbaycanı yalnız neft ölkəsi kimi yox, mədəni, humanist, qüdrətli bir dövlət olaraq qəbul etdi. Eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliği, Dağlıq Qarabağın işğal faktının dünyaya çatdırılması həyata keçirildi.
- Azərbaycan xalqı bu yarışlarda həm də güclü həmrəylik nümayiş etdirdi...
- Bəli, Avropa Oyunları Azərbaycan xalqının həmrəyliyini də nümayiş etdirdi. Xüsusilə, oyunlar öncəsi başladılan anti-Azərbaycan kampaniyasına qarşı bütün xalqın eyni mövqedən çıxış etməsi bu ölkəni zəiflətməyin, arxasını yerə vurmağın mümkün olmadığını göstərdi. İlk Avropa Oyunlarına möhtəşəm ev sahibliyi etməklə Azərbaycan sözün əsl mənasında, dünyaya günəş kimi doğdu. Bu qələbənin təminatçısı isə xalqın inandığı, arxasında dayandığı və sona qədər dəstəklədiyi Prezident İlham Əliyev idi.
- Çingiz müəllim, Azərbaycan həm də iqtisadi böhran şəraitində yaşayan Avropa ölkələrini bir araya gətirdi...
- Azərbaycan hər şeydən əvvəl Avropa qitəsinə öz oyunlarına sahib olmaq şansını verdi. İqtisadi böhranın Avropa Birliyi ölkələrini bir-birinə qarşı qoyduğu, qarşıdurmanın ictimai şüura sirayət etdiyi bir vaxtda "Qoca qitə”nin buna çox ehtiyacı var idi. Bunu aradan qaldırmaq, ən azı yumşaltmaq üçün hər kəsi eyni yerə toplayacaq və eyni dəyərlər uğrunda mübarizə aparacaq bir hadisə məhz Azərbaycanda baş verdi. Sülh, qardaşlıq və dostluq rəmzi olan idman Bakıda bütün qitə insanlarını bir araya gətirdi.
- Milli Olimpiya Komitəsi Avropa Oyunlarının keçirildiyi günlərdə "Zəfər günləri” layihəsini həyata keçirdi. Bu layihənin təşkilində məqsəd nə idi?
- Milli Olimpiya Komitəsi iyun ayının 14-dən 29-dək Avropa Oyunlarının qalibləri və mükafatçıları olan Azərbaycan idmançılarının şərəfinə "Zəfər günləri” layihəsi çərçivəsində xüsusi tədbir təşkil etdi. İlk dəfə MOK tərəfindən həyata keçirilən bu tədbirdə medal qazanan atletlərimiz, onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri ilə görüş təşkil edildi. "Lider” televiziyası ilə birbaşa yayım həyata keçirildi. Zəfər qazanan idmançılarımıza MOK-un mükafatları verildi. Burada uğur qazanan atletlərimizdən, onların ailə üzvlərindən eksklüziv müsahibələr almaq üçün şərait yaradıldı. Adətən, Olimpiya oyunlarında, ənənəvi olaraq Azərbaycan günü keçirilir. Avropa Oyunları ölkəmizdə təşkil edildiyindən biz bu tədbiri Azərbaycan atletlərinin doğma məkanı olan MOK-da keçirməyə qərar verdik və nəticəsi də pis olmadı. Bu həm də ölkəmizin möhtəşəm idman tədbirlərinə ev sahibliyi edəcəyi gələcək yarışlarda bizə təcrübə qazandırdı. Fürsətdən istifadə edərək, bizə yaxından kömək göstərdiyinə görə "Lider” telekanalının rəhbərliyinə təşəkkürümü bildirirəm.
- Qalib idmançılar nar ağacının üstündəki üç nara öz adlarını yazırdılar...
- Nar Bakı-2015 Avropa Oyunlarının brendi seçilmişdi. Yarışların qalib və mükafatçıları MOK-un hədiyyəsini almamışdan öncə öz adlarını nar ağacının üstündəki 3 - qızıl, gümüş və bürünc nara həkk edirdilər. Təsəvvür edirsiniz, narların içində imza yazmaq üçün boş yer qalmamışdı. İndi həmin nar ağacı Olimpiya muzeyindədir.
- Necə düşünürsünüz, təşkilatçılıq səviyyəsinə görə Avropa Oyunlarını Olimpiya oyunları ilə müqayisə etmək mümkündürmü?
- Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi bir neçə Olimpiya oyunlarında iştirak etmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, Avropa Oyunları təşkilatçılıq səviyyəsinə görə heç də bu yarışlardan geri qalmır. Amma müəyyən məqamlar var ki, onları müqayisə etmək mümkün deyil. Olimpiya oyunları miqyasına görə çox böyük idman tədbiridir. Burada dünyanın 200-dən artıq ölkəsindən idmançılar qüvvələrini sınayırlar. Təcrübəmə əsasən deyə bilərəm ki, elə Soçidə, Londonun özündə ilk günlərdə nəqliyyat, könüllülərlə bağlı müəyyən problemlərlə rastlaşırdıq. Amma sonrakı günlərdə işlər qaydasında gedirdi.
- Azərbaycan xalqı ta qədimdən qonaqpərvərliyi ilə tanınır və Avropa ölkələrinin nümayəndələri bunun bir daha şahidi oldular...
- Təsəvvür edirsiniz, məni ən çox sevindirən və fərəhləndirən idman rəsmilərinin, xarici qonaqların Azərbaycan xalqı haqqında dedikləri xoş sözlər oldu. Onlar deyirdilər ki, yarışların təşkili, yerləşdirmə, nəqliyyat - bir sözlə, hər şey yaxşıdır, amma insanlarınız adamı valeh edir. Xarici rəsmilər və qonaqlar azərbaycanlıların qonaqpərvərliyindən, gülərüzlüyündən ağızdolusu danışırdılar.
- Çingiz müəllim, AOK prezidenti Patrik Hikkinin təbirincə desək, Azərbaycandan sonra növbəti Avropa Oyunlarına ev sahibliyi etmək bir qədər çətin olacaq. Siz necə düşünürsünüz?
- Qitənin ilk oyunlarının standartları məhz Azərbaycanın ev sahibliyi etdiyi Bakı-2015 I Avropa Oyunlarında yazıldı. Hər bir sahədə ilkə imza atmaq bir qədər çətin olur. Amma biz bunu bacardıq və həm də yüksək səviyyədə bacardıq. Bunu üçün bizə cəmi 2 il yarım vaxt lazım gəldi. Növbəti Avropa Oyunlarına hazırlaşmaq üçün ev sahibi olan ölkəyə bizim kimi 2,5 deyil, ən azı 4-5 il vaxt lazım gələcək. Hər şeyi gələcək göstərər.
Səadət Hakıyeva