“Kazan-2013 Universiadasına nisbətən bu dəfə kiçik heyətlə çıxış etdik”

“Kazan-2013 Universiadasına nisbətən bu dəfə kiçik heyətlə çıxış etdik”

Xəbər verdiyimiz kimi, buyaxınlarda Koreya Respublikasının Kvancu şəhərində tələbələrin XXVIII Dünya Yay Universiadası təşkil olundu. Azərbaycan idmançıları bu yarışda cüdo, atletika və qılıncoynatma növləri üzrə yarışdılar. Bu universiada da təmsilçilərimiz 3 medala (2 qızıl və 1 bürünc) yiyələndilər. Bütün bunlar barəsində ətraflı məlumat almaq üçün "Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyevlə görüşdük. Tofiq müəllim Kvancu-2015 barəsində suallarımızı cavablandırdı.


- Tofiq müəllim, budəfəki Universiada nə ilə fərqləndi?
- Qeyd edim ki, Cənubi Koreya bu cür yarışlarda böyük təcrübəyə malikdir. Bu ölkə artıq 3-cü dəfədir ki, eyni yarışa ev sahibliyi edir. Orada yaradılan şərait yüksək səviyyədə idi. İdmançılara yalnız yüksək nəticə göstərmək qalırdı.

- Azərbaycan Kvancu universidasında bu dəfə kiçik heyətlə çıxış etdi.
- Bəli, Kazan-2013 Universiadasına nisbətən bu dəfə kiçik heyətlə çıxış etdik. Amma uğurlarımız kifayət qədər ürəkaçan oldu. Ümid bəslədiyimiz idmançılar medal qazanmaqla etimadları doğrultdular. 6 nəfər idmançıdan 3-ü medal əldə etdi.

- I Avropa Oyunlarını Universiada ilə müqayisə etsək, hansı məqamlar üzə çıxar?
- Əvvəlcə qeyd edim ki, I Avropa Oyunları bütün dünyaya səs salıb. Hamı bu Oyunlardan ağızdolusu danışır. Hətta Kvancuda olduğumuz zamanı bir sıra ölkələrin nümayəndələri qitənin ilk Oyunları barəsində xoş təəssüratda olduqlarını bildirdilər. O ki qaldı Universiadaya, bilirsiniz ki bu yarışlar kütləviliyinə görə yalnız Olimpiya oyunlarından geri qalır. Universiadaya bütün qitələrdən idmançılar toplaşırlar. Bu o deməkdir ki, həmin yarışlarda dünyanın ən güclü tələbləri mübarizə aparırlar.

- Tofiq müəllim, 2019-cu ildə Azərbaycanın bu yarışa ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərdiniz. Doğrudan, həmin vaxt Universiada ölkəmizdə təşki olunacaq?
- Xeyr. Biz həmin vaxt keçiriləcək Univerisadaya ev sahibliyi etməyəcəyik. Keçən il namizədliyimizi geri götürmüşük. Səbəb isə qarışıdakı idman tədbirlərinin və yarışların sayının çox olması ilə əlaqədardır. Təbii ki, söhbət Azərbaycanda keçiriləcək yarışlardan gedir. Lakin qarşıdakı planlar böyükdür. Ola bilsin ki, 2023-cü ildə keçiriləcək analoji tədbir üçün namizədliyimizi irəli sürək. Onu zaman göstərəcək.