Hər kəsin maraqla gözlədiyi və izlədiyi Bakı-2015 ilk Avropa Oyunlarına Azərbaycan, həqiqətən də, yüksək səviyyədə hazırlaşmışdı. Ölkəmiz 17 gün ərzində yerli və xarici idmansevərlərə əsl idman bayramı yaşatdı. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın dünya dövlətləri sırasında əldə etdiyi nüfuzun göstəricisidir. 17 gün ərzində Azərbaycan əsrlər boyu qazandığı mədəni irsi nəinki Avropaya, hətta bütün dünyaya nümayiş etdirdi. Oyunlarda 49 ölkəni təmsil edən altı mindən çox idmançı Azərbaycanın adət-ənənəsinin, mədəniyyətinin, ölkəmizin inkişafını müşahidə etdilər. İdmançılarımız doğma divarlar arasında ölkəmizi şərəf və ləyaqətlə təmsil etdilər. Elə buna görə də Azərbayacan medalların sayına görə ikinci pillədə qərarlaşdı. Avropa Oyunlarında bütün idmançılarımız medal qazanmaq üçün əllərindən gələni etdilər. Lakin bu yolda yüksək nəticələrimizlə yanaşı, uğursuzluqlarımız da oldu. Təəssüf ki, böyük ümid bəslədiyimiz basketbolçularımız Avropa Oyunlarında yaxşı oyun göstərə bilmədilər. Oyunlarda ölkəmizi basketbolun 3x3 növündə Amil Həmzəyev, Orxan Aydın, Rolandos Əliyevos və Marşal Morzes təmsil edirdilər. Mübarizəyə yaxşı başlayan idmançılarımızın ilk görüşlərdə qalib gəlməsi onlara olan ümidləri doğrultmağa başlamışdı. Lakin komandamız İspaniya ilə oyunda "büdrədi” və çıxışlarını dayandırmalı oldu. Basketbolçularımızın Avropa Oyunlarında uğursuz çıxışı ilə bağlı mütəxəssis rəyi öyrənmək üçün basketbol üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Elxan Əliyevlə görüşdük.
- Elxan müəllim, Avropa Oyunları ölkəmiz üçün uğurlu oldu. Müxtəlif idman növlərində medallar qazanılsa da, basketbolun 3x3 növündə nəticə əldə edilmədi. Komandamızın Avropa Oyunlarına hazırlığının səviyyəsi aşağı idi, yoxsa...
- Əvvəlcə Azərbaycan idmançılarını və xalqımızı Avropa Oyunlarında əldə olunan qələbə münasibətilə təbrik edirəm. Təmsilçilərimizə Rio-2016 Olimpiadasında da uğurlar arzulayıram. Əminəm ki, idmançılarımız XXXI Yay Olimpiya Oyunlarından vətənə medallarla dönəcəklər. Basketbol üzrə millimizə gəlincə, deyə bilərəm ki, komandamız Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırdı. İntensiv təlim-məşq toplanışlarından əlavə, hazırda Türkiyədə çıxış edən və millimizin üzvü olan Orxan Hacıyev də bizə bu hazırlıq zamanı əlindən gələn köməyi etdi. Oyunlara daha mükəmməl hazırlaşmaq üçün çoxdan milli komandada oynayan David Barbakadzeni də məşqlərə dəvət etmişdik. İki həftə ərzində basketbolçularımız bu təcrübəli idmançı ilə birlikdə təlim-məşq toplanışlarında oldular. Bir sözlə, Avropa Oyunlarına hazırlığımız qənaətbəxş idi. Özünüz də şahid oldunuz ki, komandamız ilk görüşləri qələbə ilə başa çatdırdı. Təəssüf ki, gözlədiyimiz nəticəni əldə edə bilmədik.
- Oyunlara hazırlıq ərəfəsində hər hansı problemlə üzləşdinizmi?
- Qeyd etdiyim kimi, komandamız Oyunlara yüksək səviyyədə hazırlaşırdı. Bununla belə, hazırlıq dövründə millimiz ciddi bir problemlə üzləşdi. Yığmamızın aparıcı üzvü Rolandos Əliyevosun atası vəfat etdi. Buna görə də Rolandos təxminən 12 gün məşqlərdə iştirak etmədi. O təkcə məşqlərdə deyil, həm də turnirlərdə çıxış etmirdi. Məşqlərə qayıtdıqdan sonra isə bu idmançı, təbii ki, həm fiziki, həm də psixoloji cəhətdən komanda yoldaşlarından geri qalırdı. Bütün gücü ilə məşqlərə başladığı bir vaxtda isə Rolandos ayağından zədə aldı. Bu isə basketbolçumuzun daha üç gün müddətində məşqlərdən kənarda qalmasına səbəb oldu. Bütün bunlara baxmayaraq, millimiz Avropa Oyunlarına səylə hazırlaşırdı və deyərdim ki, güclü komandalara sırasında yer almışdı.
- Qeyd etdiniz ki, millimiz Oyunlara tam hazır idi. Bəs hansı səbəbdən mükafatçılar sırasında yer ala bilmədi?
- Komandamız mübarizəyə yaxşı başlamışdı. Bir necə yığma ilə görüşdə inamlı oyunumuzla qələbə qazandıq. Lakin Amil Həmzəyevin ayağından aldığı zədə bizim planlarımızı alt-üst etdi. Düzdür, digər basketbolçularımız yüksək səviyyədə oyun nümayiş etdirirdilər. Lakin basketbol 3x3 komanda oyunudur. Belə isti hava şəraitində, həm də açıq havada oynamaq kifayət qədər çətindir. Oyunçularımızdan birinin zədəli olması isə bunu daha da mürəkkəbləşdirdi. Yəni Amilin zədələndiyi üçün kənarda qalması üç basketbolçumuzun əvəzlənmədən oynamasına səbəb oldu. Lakin bir daha qeyd edirəm, bu, yarışdır. Burada həm məğlubiyyət, həm də qələbə olur. Tarixdə ilk dəfə ölkəmizdə keçirilən Avropa Oyunlarında qələbə qazanmağı çox istəyirdik. Təəssüflər olsun ki, buna nail ola bilmədik. Millimiz İsveçrə, Çexiya, Andorra və İsrail komandalarına qalib gəldi. İspaniya millisinə güclü müqavimət göstərsək də, komandamız həmin oyunda məğlub oldu. Gərgin mübarizənin sonunda millimiz 14:17 hesabı ilə məğlubiyyətə uğradı. Düşünürəm ki, Avropanın güclü basketbolçuları ilə bu səviyyədə mübarizə aparmaq yığmamız üçün böyük uğurdur.
- Ümumilikdə millimizin çıxışını necə qiymətləndirirsiniz?
- Avropa Oyunlarında məqsədimiz ilk üçlükdə yer almaq idi. Qeyd etdiyim problemlər və rəqiblərimizin güclü olması bizim bu arzumuzun reallaşmasına imkan vermədi. Amilin zədəsi olmasa idi, biz ilk üçlükdə yer ala bilərdik. İsraillə oyunda bizim komanda 3 nəfərlə çıxış etdi. Bu, meydanda olan idmançılar üçün əlavə yük deməkdir. Lakin həmin qarşılaşmada qələbə qazandıq.
- Millinin kapitanı Fuad Niftəliyevin də Oyunlarda çıxış edəcəyi ehtima olunurdu...
- İslam Həmrəyliyi Oyunlarının qalibi, 15 ildir ki, millidə oynayan Fuad Niftəliyev, həqiqətən də, güclü bir basketbolçudur. Bir baş məşqçi kimi çalışdım ki Avropa Oyunlarında komandaya daha çox kömək edəcək basketbolçuları seçim. Mən 50 ildən artıqdır ki, basketbol idman növü ilə məşğul oluram. Komandamızın Oyunlara hazırlıq prosesi mənə həvalə olunmuşdu. Demək, mənə inanırdılar. Mən də öz növbəmdə çalışırdım ki, göstərilən etimadı doğruldum və basketbolçularımızı Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdırım. Oyunlardan sonra bir çox insanlar mənə deyirdilər ki, David Barbakadze və ya Fuad Niftəliyev komandanın tərkibində yer alsaydılar yığma yüksək nəticə əldə edə bilərdi. Lakin mən hesab edirəm ki, Avropa Oyunlarına seçilən heyət son illərin ən güclü heyətidir.
- Elxan müəllim, Avropa Oyunlarından sonra milli komandanın planları nədir. Qarşıda hansı yarışlar gözlənilir?
- 2017-ci ildə ölkəmiz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bilirsiniz ki, basketbol üzrə milli komandamız 2005-ci ildə analoji Oyunların qalibi olub. Çalışacağıq ki, ölkəmizdə keçiriləcək İslam Oyunlarında əvvəlki nəticəmizi təkrarlayaq. Məncə, bu, bizim üçün çətin olmayacaq. Ümid edirəm ki, əsas yarışlardan biri olan İslam Həmrəyliyi Oyunlarında yığmamız heç bir əngəllə qarşılaşmayacaq və yenidən fəxri kürsüdə yer almağa nail olacaq.
Türkay Niftəliyeva