Bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Respublikamızda idmanının yüksək sürətli inkişafı ölkəmizdə bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.
Məhz bu qayğı sayəsində təmsilçilərimiz yaradılan şəraitdən maksimum səviyyədə yararlanıb, ən mötəbər yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Sevindirici haldır ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də yüksək diqqət və qayğı var. Təmsilçilərimiz müxtəlif yarışlarda peşəkar səviyyədə çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər. Bu il Azərbaycan tarixdə ilk dəfə I Avropa Oyunlarına ev sahibliyi etdi. Möhtəşəmliyi ilə yadda qalan Oyunlara rəngarənglik qatan həm də yarışların proqramında qeyri-Olimpiya idman növlərinin yer alması idi. Təsadüfi deyil ki, bir sıra Avropa idman qurumlarının rəsmiləri Avropa Oyunlarının nəinki Avropa, hətta dünya idmanına yeni nəfəs gətirdiyini xüsusi vurğuladılar. Qeyd edək ki, Oyunların proqramında yer alan idman növlərindən biri də sambo idi. Sambonun Bakı-2015 Avropa Oyunları proqramına salınmasını Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirmək olar. Samboçularımız onlara göstərilən etimadı doğruldaraq, Avropa Oyunlarında 4 gümüş medala sahib çıxdılar. Bugünlərdə sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev redaksiyamızın qonağı oldu. Yaqub müəllimin samboçularımızın Avropa Oyunlarında çıxışları barədə "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibəni oxucularına təqdim edirik.
"Samboçularımızın çıxışlarını yüksək qiymətləndirirəm”
- Yaqub müəllim, tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarıda samboçularımız da qüvvələrini sınadılar. Yığma üzvlərinin çıxışlarını necə qiymətləndirdiniz?
- İlk növbədə onu deyim ki, Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük hadisədir. Azərbaycan yığma komandası bu yarışlarda qazandığı nəticə ilə tarix yazdı. Biz də bu tarixin bir hissəsinə çevrildiyimiz üçün qürur hissi duyuruq. Belə mötəbər yarışda samboçularımızın çıxışlarını yüksək qiymətləndirirəm. Qeyd edim ki, indiyədək samboçularımız bu cür mötəbər yarışda iştirak etməmişdilər. Yarışda 8 idmançımız təmsil olunurdu. Kişilər arasında 4, qadınlar arasında 4 çəki dərəcəsində idmançılar qüvvələrini sınadılar. 8 idmançıdan 7-si medallar uğrunda mübarizə aparırdı. Onlardan 4-ü gümüş medal qazandı. Amil Qasımov (74 kq), İslam Qasımov (57 kq), Vasif Səfərbəyov (+100 kq), Nəzakət Xəlilova (52 kq) yalnız finalda məğlub olaraq gümüş mükafat qazandı.
Komandamızın 90 kq-da mübarizə aparan üzvü Kənan Qasımov birinci görüşdə qalib gəldikdən sonra Ukrayna idmançısına məğlub oldu. Təsəlliverici görüşdə isə samboçumuz Gürcüstan idmançısına uduzaraq 5-ci oldu. Qadınlar arasında mübarizə aparan 4 idmançımızdan Nəzakət Xəlilova ümidləri doğrultdu. Qeyd edim ki, bizdə qadınlar arasında sambo bir qədər zəif inkişaf edib. Qısa müddət ərzində qadın samboçumuzun Avropada ikinci yeri qazanması uğurlu nəticədir. Qeyd edim ki, komanda sentyabr ayından əsas məşqlərə cəlb olunmuşdu. Bu, Nəzakətin qazandığı ən yüksək uğurdur. Bundan əvvəl idmançımız dünya kubokunda üçüncü olmuşdu. Digər xanım samboçumuz Şahanə Hüseynova (60 kq) ilk görüşdə məğlub olsa da, sonradan gürcü rəqibinə qalib gəldi. Onun rəqibi finala çıxdığı üçün idmançımız üçüncü yer uğrunda mübarizədə apardı. Təəssüf ki, idmançımız məğlub olaraq 5-ci yerlə kifayətləndi. Fəridə Qurbanova (64 kq) ilk görüşdə məğlub oldu. Nərminə Əlizadə (68 kq) isə üçüncü yer uğrunda mübarizədə məğlub olaraq 5-ci yeri tutdu. Avropa oyunlarında 8 samboçumuzdan 4-ü medal qazandı, üçü isə 5-ci yerlə kifayətləndi. Ümumilikdə nəticəni yüksək qiymətləndirmək olar.
- Əvvəlcədən verdiyiniz proqnozlarda komandamızın üzvləri Amil və İslam Qasımovların qızıl medal qazanmaq şanslarının yüksək olduğunu bildirmişdiniz. Sizcə idmançılarımıza çempion olmağa nə mane oldu?
- Bu idmandır. İdman gözlənilməz nəticələrlə doludur. Bəzən ümid bəslədiyin idmançı, hansısa səbəbdən məğlub olur. Bəzən isə, əksinə, medal gözləmədiyin idmançı daha yaxşı çıxış edir. İdmançının yüz faizlik qələbə qazanacağını demək, əlbəttə ki, çətindir. Sadəcə olaraq idmançılarımızın dünya reytinqində tutduqları mövqeyə əsasən onların qızıl medal qazanmaq şanslarının yüksək olduğunu demişdim. Onların qələbə qazana bilməməsində bir sıra amillər rol oynadı. Amil təcrübəli idmançıdır. Dünya və Avropa çempionu, Dünya kubokunun qalibidir. O, dünya reytinqində ən güclü idmançılardandır. Təəssüf ki, samboçumuz Avropa Oyunlarında Bolqarıstan idmançısı ilə yarımfinal qarşılaşmasında ayağından ciddi zədə aldı. Reabilitasiya mərkəzində həkimlər onun ayağının müalicəsinə düz beş saat sərf etdilər. Düzü, həkimlər o cür vəziyyətdə Amilin döşək üzərinə çıxmasına icazə vermirdilər. Bu cür zədə ilə güləşmək onun üçün ciddi təhlükə yarada bilərdi. Hazırda idmançımızın ayaq bağları ciddi zədələnib və onun bir müddət müalicəyə ehtiyacı var. Amma Amil israr etdi ki, çıxıb güləşəcək. Biz də bilirdik ki, bir ayaq üzərində güləşmək onun üçün çox çətin olacaq. Onun rəqibi rusiyalı idmançı Stepan Popov idi. Amil bundan əvvəl Dünya kubokunda rəqibinə 5:1 hesabı qalib gələrək 74 kq çəki dərəcəsində ən güclü olduğunu sübuta yetirmişdi. Məşqçilər də, Amilin rəqibi də onun ciddi zədə aldığını bilirdi. Bolqarıstanlı idmançı ilə yarımfinal qarşılaşmasında da Stepan Popov Amilin çıxışını izləmişdi. İdmançımızın zədəli olması ona istədiyi güləşi nümayiş etirməyə imkan vermədi. Amma biz inanırdıq ki, Amil zədəli olmasa idi, qalib gələrək ölkəmizin himnini səsləndirəcək, bayrağını qaldıracaqdı. İslam Qasımovun çıxışına gəlincə, idmançımız finaldakı rəqibi ilə 2013-cü ildə Kazanda keçirilən Tələbələrin Universiadasında qarşılaşmışdı. Bu idmançılar bir-birlərini yaxşı tanıyırdılar. İslam Qasımovun özünə güvəni çox idi. Ümumiyyətlə, İslam parter vəziyyətində yaxşı güləşir. İslamın rəqibi ilk dəqiqədə 1:0 hesabı ilə irəlidə idi. İkinci dəqiqədə İslam onu parter vəziyyətinə saldı. Amma rəqibinin onun qolunu aça biləcəyini gözləmirdi. Mən deyərdim ki, İslam rəqibi lazımınca dəyərləndirmədi və texniki səhvə yol verdi.
"Hər bir idmançı qalib gəlməyi də, uduzmağı da bacarmalıdır”
- Amil Qasımovun finaldakı rəqibinin zədəli idmançımıza göstərdiyi köməkliyi də diqqətdən yayınmadı. Bunu bir ədalətlilik nümunəsi kimi dəyərləndirmək olardımı?
- Stepan Popov çıxışının əvvəlində idmançımıza qarşı bir qədər kobud davrandı. Amilin ayağının zədəli olduğunu bilə-bilə onun ayağına zərbələr endirirdi. Əlbəttə, bu başa düşülən idi. Çünki həmin idmançı döşəyə qalib gəlmək üçün çıxmışdı. Sonradan həmin Stepan Popov humanistlik nümayiş etdirərək Amilə jest etdi. Onu qaldıraraq çiynində apardı. Bunu fair play qaydalarına uyğun bir hərəkət kimi dəyərləndirdim. Hər bir idmançı qalib gəlməyi də, uduzmağı da bacarmalıdır. İdmançı qalib gəlsə də, məğlub olsa da, qarşılaşmadan sonra rəqibinə nəzakət göstərməlidir. İdman siyasət deyil. İdman dostluq, yoldaşlıq münasibətlərinin möhkəmlənməsinə və sülhə xidmət edir. İdmanda ilk növbədə mənəvi keyfiyyətlər ən ön planda dayanmalıdır. İdmançılar qarşılaşma zamanı nə qədər sərt olsalar da, kənarda bir o qədər humanistlik nümayiş etdirib digərlərinə nümunə olmalıdırlar. İdmançılar bir-birləri ilə dostluq əlaqələrini qoruyub saxlamalıdırlar.
- Yaqub müəllim, necə düşünürsünüz, sambonun I Avropa Oyunlarının proqramına daxil edilməsi bu növün inkişafına hansı təsiri olacaq?
- Avropa Oyunlarının proqramında 4 qeyri-olimpiya idman növü yer almışdı ki, bunlardan biri də sambo idi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü, göstərdiyi diqqət və qayğı sayəsində sambo Avropa Oyunlarının proqramına salındı. Bu qərar bütün sambosevərləri, Azərbaycan Sambo Federasiyası sevindirdi. Sevindirici haldır ki, bizə göstərilən etimadı qazandığımız uğurlarımızla doğrulda bildik. 4 gümüş medal heç də zəif nəticə deyil.
Sambonun bu cür təbliği bu idman növünün dolğun inkişafına, perspektivli idmançıların üzə çıxarılması, cəlb olunmasına geniş imkanlar yaradacaq. Bu ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə göstərilən dövlət səviyyəli diqqət və qayğının təzahürüdür.
"Orada yaradılan milli abu-hava qonaqların zövqüncə idi”
- Ümumiyyətlə Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini necə dəyərləndirərdiniz?
- 2013-cü ildə Kazanda keçirilən Ümumdünya Universiadasında belə bir möhtəşəm tədbirin şahidi olmuşduq. Orada bütün dünya ölkələri iştirak edirdi. Həmin Oyunlarla müqayisə etsəm, deyə bilərəm ki, Avropa Oyunlarında təşkilatçılıq məsələləri daha yüksək idi. Olimpiya Kəndində hər bir ölkənin komandasına bərabər səviyyədə şərait yaradılmışdı. İdmançılar bir-birləri ilə sağlam münasibət yaradırdılar. İdmançıların qidalanması, qalması üçün hər cür şərait var idi. Atletlər Kəndindəki Azərbaycan mətbəxi restoranı demək olar ki, bütün əcnəbi qonaqların üz tutduğu əsas məkan idi. Orada yaradılan abu-hava qonaqların zövqüncə idi. Azərbaycan mətbəxinin dadlı təamlarını orada dada bilir, həm də qeyri-adi bir şəraitdə istirahət etmək imkanı qazanırdılar. İdmançıların otaqlarında genişlik, təmizliyə isə söz ala bilməz. İdmançıların yarış yerinə aparılması, gətirilməsi, hər bir məqam nəzərə alınmışdı. Azərbaycan xalqının qonaqpərvərliyi, dostcasına münasibəti, diqqəti sayəsində qonaqlar özlərini evlərindəki kimi hiss edirdilər. İnsanlar arasında doğma münasibətlər yaranmışdı. Hətta elə ölkələr var idi ki, iyunun 9-da gəlib yarışın sonuncu gününə kimi burada qaldılar. Açılış və bağlanış mərasimlərini Olimpiya oyunları səviyyəsində dəyərləndirənlər də oldu. Açılış və bağlanış mərasimindəki gözəlliklər insanlara bir yuxu kimi gəlirdi. Hərdən bizə elə gəlirdi ki, sambo Olimpiya oyunlarının proqramına salınıb və biz də Olimpiya oyunlarında iştirak edirik.
- Azarkeşlər sizi necə dəstəkləyirdilər?
- Sambo yarışlarına maraq həddindən çox idi. Azarkeşlər idmançılarımızı hərarətlə dəstəkləyirdilər. Samboçularımız indiyədək bu cür mötəbər yarışda iiştirak etməmişdilər. İdmançılarımızın üzərində böyük məsuliyyət var idi. Ölkə başçısı cənab İlham Əliyevin yarışları izləməsi isə bu məsuliyyəti birəbeş artırırdı. Tamaşaçıların doğma divarlar arasında dəstəyi həm ruh yüksəkliyi verir, həm də idmançılarımızın məsuliyyətini artırırdı. Samboçularımızda həyəcan hissi də çox idi.
"İslam Həmrəyliyi Oyunlarında öz sözümüzü deyə bilərik”
- Avropa Oyunlarında qazanılan nəticəni bir məşqçi kimi karyeranızın ən yüksək uğuru kimi dəyərləndirmək olarmı?
- İlk növbədə deyim ki, 2012-ci ildən etibarən yığma komandanın baş məşqçisi kimi çalışıram. Komandaya gəldiyim il İslam Qasımov dünya çempionu adını qazanmışdı. Mənim rəhbərliyim altında 2012-də yeniyetmələrdən ibarət yığma komanda dünya birinciliyinin qalibi oldu. 2013-cü ildə yığma üzvləri Kazanda keçirilən Tələbələrin Universiada yarışlarında 3 bürünc medal qazandılar. Qeyd edim ki, bu yarışda uğur qazanan idmançılarımız ölkə başçısı cənab İlham Əliyev tərəfindən pul mükafatı ilə təltif edildilər. 2013-də yeniyetmə və gənclərdən ibarət komanda Avropa və dünya birinciliyinin qalibi oldu. 2014-də samboçumuz Amil Qasımov dünya və Avropa çempionu adını qazandı. Həmin ildə Ağasif Səmədov Avropa və dünya çempionatının gümüş mükafatına sahib çıxdı. İslam Qasımov isə Avropa çempionatının gümüş mükafatçısı oldu. Samboçularımız dünyada 81 ölkə arasında 4-cü pillədə qərarlaşdı. İslam ölkələri arasında birinci, Avropa ölkələri arasında üçüncü olduq. Avropa Oyunlarında samboçularımızın əldə etdiyi 4 medal yüksək nailiyyətdir. Sevinirəm ki, komanda bu uğura məhz mənim yığmaya rəhbərlik etdiyim dövrdə imza atıb.
- 2017-ci ildə ölkəmiz daha bir mötəbər yarışa - İslam Həmrəyliyi İdman Oyunlarına ev sahibliyi edəcək. Sambo oyunların proqramına daxil olarsa, Azərbaycan bu növ üzrə birincilik qazana bilərmi?
- İslam ölkələri arasında güclü sambo ölkələri var. Tacikistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdə sambo güclü inkişaf edib. Amma biz dünya reytinqində onlardan çox irəlidəyik. 81 ölkə arasında İslam ölkələri arasında birinci olmuşuqsa, deməli İslam Həmrəyliyi Oyunlarında öz sözümüzü deyə bilərik. Sambonun İslam Həmrəyliyi Oyunlarının proqramına salınması perspektivi böyükdür. Avropa Oyunlarına hazırlaşmaq üçün vaxtımız az idi. Amma İslam Həmrəyliyi Oyunlarına hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Avropa Oyunlarında ölkə Prezidentinin samboya olan doğma münasibətini, qayğısını gördük. İnanırıq ki, sambo da karate kimi İslam Həmrəyliyi Oyunlarının proqramına salınacaq. Belə olan halda biz də var-qüvvəmizi səfərbər edərək birinci olmağa çalışacağıq. Qeyd edim ki, yarışlara hazırlıq dövründə federasiyanın prezideni Ceyhun Məmmədov samboçularımızın hazırlığı ilə mütəmadi maraqlanır, əlindən gələn köməyi əsirgəmirdi. Gənclər və İdman Nazirliyi tərəfindən də samboçularımızın yarışa hazırlığına xüsusi diqqət və qayğı göstərilirdi. Ümumiyyətlə, Azərbaycan Sambo federasiyası tərəfindən bu idman növünün inkişafına, idmançılarımıza hərtərəfli şərait yaradılır. İdmançılarımızın sosial mənzil şəraitlərinin yaxşılaşdırılması, təlim-məşqlərdə, yarışlarda iştirakı uğurlu çıxışımız üçün nəzərdə tutulub. Qeyd edim ki, Avropa Oyunlarında medal qazanan idmançılarımıza dövlət tərəfindən pul mükafatı, qızıl qazananlara "Şöhrət”, gümüş və bürünc medal qazananlara isə "Tərəqqi” medalı təqdim olundu. Bu cür mükafatlar, adətən, idmançılarımıza Olimpiya oyunlarında qazanılan uğurlara görə təqdim olunur. Bizim qarşımızda dayanan vəzifə göstərilən etimadı doğrultmaq, ən yüksək qələbələrlə xalqımızı sevindirməkdir.
Aysel Sultanova