Hicran Şərifov 1965-ci il avqustun 1-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 saylı orta məktəbi bitirib. 1984-cü ilin oktyabr ayından 1986-cı ilin dekabr ayınadək Sankt-Peterburqda hərbi xidmətdə olub. 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutu (Hazırkı Azərbaycan Neft və Kimya Akademiyasını) bitirib. 1987-ci ildən 1993-cü ilə qədər Əmircan qəsəbəsindəki "Suraxanı maşınqayırma zavodunda” elektrik vəzifəsində çalışıb. 1993-cü ildən Daxili İşlər Nazirliyində çalışır. 1994-cü ildən 2000-ci ilin avqustuna qədər DİN-in HNPİ-nin baxış bölməsi üzrə kiçik inspektoru vəzifəsində işləyib. 2000-ci ilin avqust ayından polis leytenantı rütbəsinə layiq görülüb və DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi vəzifəsinə təyin olunub. Hazırda Akademiyada Fiziki hazırlıq kafedrasının baş müəllimi vəzifəsində çalışır. Yunan-Roma güləşi ilə məşğul olub. 1999-cu ildən indiyə kimi "Neftçi İK” İB-də məşqçi-müəllim vəzifəsində işləyir. Eyni zamanda Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən "Cəngi” güləş klubunun sədridir. 2000-ci ildə DİN-in Polis Akademiyasına daxil olub və 2005-ci ildə oranı bitirib. Polis polkovnik-leytenantı və hüquqşünasdır. Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakimdir. İdman ustası, Azərbaycan Respublikası "Əməkdar məşqçisi” və Qarabağ müharibə veteranıdır. "Şöhrət” ordenlidir. Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunları və I Avropa Oyunlarında hakim kimi Azərbaycanı təmsil edib. London-2012 Yay Olimpiya Oyunlarında dünyanın ən yaxşı güləş hakimi elan olunub, "Qızıl fit” mükafatına layiq görülüb. I Avropa Oyunlarında Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib. Ailəlidir. 5 övladı, bir nəvəsi var.
Yetirməsi Rövşən Bayramov dəfələrlə Avropa və dünya çempionu adını qazanıb, Pekin və London Olimpiya oyunlarının gümüş mükafatçısı olub. Yetirməsi Elman Muxtarov dəfələrlə yeniyetmə və gənclər arasında Avropa və dünya çempionu adını qazanıb, I Avropa Oyunlarının bürünc medalına layiq görülüb. Həmçinin yeniyetmələrin I Olimpiya Oyunlarının çempionu olub. Digər yetirmələrindən Elnur Həsənov yeniyetmələrin dünya çempionu, Seymur Hüseynov yeniyetmələrin Avropa və dünya mükafatçısıdır, əbirə Əliyeva dəfələrlə yeniyetmələr və gənclər arasında Avropa və dünya çempionu adını qazanıb.
Ölkəmizin idman həyatında xüsusi xidmətlər göstərmiş Hicran Şərifovun sabah 50 yaşı tamam olur. Həyatda mübarizliyi ilə seçilən Hicran müəllimin maraqlı ömür yolu var. Yaşanmış hər bir gün onun həyatında özünəməxsus iz buraxıb. Bugünlərdə yubilyarı redaksiyamıza dəvət edərək, onun keçdiyi ömür yoluna nəzər saldıq. Maraqlı müsahibəni oxucularımıza təqdim edirik.
- Hicran müəllim, ilk növbədə sizi 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Ömrünüzün, necə deyərlər, yarıdan çoxunu geridə qoymusunuz. 50 yaş sizin üçün nə deməkdir?
- Muğam ustası Ağaxan Abdullayevin ifasında səslənən bir mahnıda belə bir misra var. "Əfsus ki, yarım gecə gəldi, gecə getdi. Heç bilmədim, ömrüm necə gəldi, necə getdi”. Elə mən də bu illərin necə sürətlə gəlib keçdiyini bilmədim. 50 yaşımın tamam olduğuna inana bilmirəm. Hələ də özümü məktəbdə parta arxasında oturan balaca Hicran kimi hiss edirəm. Daxilimdəki uşaq sanki hələ də böyüməyib. Vaxtın, ömrün necə gəlib getdiyini insan dərk eləmir. Ailəmə, övladlarımın böyüdüyünə, nəvəmin dünyaya gəlməsinə baxanda 50 yaşın məsuliyyətini dərk etməyə başlayıram.
- Xarici görünüşünüzə baxanda sizə 50 yaş vermək olmur. Cavan qalmağınızın sirri nədədir?
- Bu idmana bağlılığım və daxili ruh yüksəkliyimlə əlaqədardır. Sağlam və gümrah olmaq üçün idman hər bir kəsə lazımdır. Digər tərəfdən həyat maraqlı olanda, insan qarşısına məqsəd qoyanda, arzularının arxasınca gedəndə necə yaşlandığının fərqinə varmır. Yaşının artdığını hiss etmirsən. Belə olan halda insan cavan qalır. Arzusu məqsədi olmayan insan həyatını mənasız yaşayır.
- 50 illik həyatınızda qazandığınız ən böyük uğur nədir?
- Həyatımı zəhmətlə, əməklə keçirmişəm. Uşaq yaşından arzulayırdım ki, nə vaxtsa "Şöhrət” ordeni alım. Allah bunu mənə qismət edib. Həmişə hər şeyi bəndədən yox Allahdan istəyirəm. Bir şeyi çox arzulayanda Tanrı onu sənə qismət edir. Allahın varlığına, qismətə çox inanıram. Bütün işlərimdə, ilk növbədə Allaha dua edir, onun buyurduğu yolla getməyə çalışıram.
Həmişə dövlətimiz üçün xidmət göstərmək bu sahədə fərqlənməyi arzulamışam. Tanrı mənə yol açdı və ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə təltif olundum.
- Maraqlıdır, idmana sizi bağlayan nə olub?
- İdmana kiçik yaşlarımdan maraq göstərmişəm. Balacalıqda arıq, çəlimsiz uşaq idim. Hətta çox balaca olduğuma görə məktəbə də bir il gec getdim. Amma enerjim çox idi. Həyətdə uşaqlarla qaçmağı, güləşməyi çox sevirdim. Üzgüçülük və stolüstü tennisə də böyük marağım var idi. Ailədə 10 uşaq olmuşuq. 6 qardaş 4 baci. Mən evin 10-cu uşağıyam. Mən dünyaya gələndə atamın 45 yaşı var idi. Atam gənclik illərində güləşlə məşğul olmuşdu. Fiziki cəhətdən çox güclü idi. Maddi sıxıntılar və ailə qayğıları üzündən idmanın arxasınca gedə bilmədi. Böyük qardaşım Mövsüm də idmana həvəsi var idi. Həyətdə turnik düzəldər, özü üçün məşq edərdi. Qardaşım Hacıxanlar yunan-roma güləşi ilə məşğul olmuşdu. Ailə üzvlərimin idmana marağı məndə də bu sahəyə həvəs oyatmışdı. Həmin dövrlərdə ən çox stolüstü tennisə maraq göstərirdim. Mərdəkanda yaşadığımız bağın qonşuluğunda pioner düşərgəsi var idi. Yay aylarında orada uşaqlarla tennis oynayardım. Bu idman növünü yaxşı bacarırdım. Bir gün orta məktəbdə idman müəllimimiz Rafiq Bünyatov mənə dedi ki, adımı məktəblərarası tennis yarışına yazıb. Rafiq müəllim yüngül atletika üzrə idman ustası idi. Çox zəhmli insan idi. Düzü, dəcəlliyimə və söz götürməməzliyimə görə məni bəyənmirdi. Bəzən məni qəsdən idman dərsində çoxlu qaçırdar, amma yenə də "iki” yazardı. (gülür). Məktəblərarası tennis yarışında iştirak edərək özümdən böyük uşaqlara qalib gəldim. Həmin vaxt 6-cı sinifdə oxuyurdum. Bu yarşdan sonra mən Rafiq müəllimin ən sevimli şagirdinə çevrildim. Sonradan Rafiq müəllim mənimlə birgə bir neçə sinif yoldaşımı da məşqçi Güləhməd Hüseynovun rəhbərliyi altında güləş dərnəyinə yazdırdı. Mənimlə birgə bir neçə nəfər də güləş məşqlərinə yazıldı. Güləşdə ilk məşqçilərim Hafiz və Güləhməd Hüseynov qardaşları olublar. Bir müddət güləşərək ümumittifaq səviyyəli yarışlarda uğurlar qazandım. 14 yaşımda anam rəhmətə getdi. Çətinliklə yaşayırdıq. Həyatla mübarizə aparıb bu çətin vəziyyətdən çıxmalı idik. Buna görə də sonradan idmançı kimi məşqlərimə ara verməli oldum.
- Yəqin ki, güləşə bağlılığınız sizi hakimlik sahəsinə gətirdi.
- Güləşə sonsuz həvəsim var idi. Bu idman növü ülə məşğul olmağa başlayanda güləşə çox bağlanmışdım. Təəssüf ki, idmançı kimi bu sahədə böyük uğurlar qazana bilmədim. Həm də o vaxtlar idmana indiki kimi diqqət və qayğı yox idi. SSRİ yığma komandasının heyətində Avropa və dünya çempionatlarında iştirak etmək çox çətin idi. 19 yaşında əsgərliyə getdim. 21 yaşında hərbi xidməti başa vurdum. Sonra ali məktəbə daxil oldum və 10 il idmandan uzaqlaşdım. Amma arada "Neftçi”İSM-də (hazırkı "Neftçi İK” İB) idmançılarla yüngül məşq edirdim. 1990-cı ildə ailə həyatı qurdum. 1993-cü ildə DİN orqanlarında işə düzəldim və yenidən məşqlərə getməyə başladım. İdmançılarla birgə öz hesabıma beynəlxalq yarışlara gedirdim. Güləşin qayda qanunlarını yaxşı bilirdim. Bir gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov mənə dedi ki, sənə məsləhət görərdim ki, güləş hakimi olasan. Güləş idman növünə dərindən bələd olduğum üçün Cavanşir müəllim mənim peşəkar hakim olacağıma inanırdı. Beləliklə, 1999-cu ildə Bolqarıstanın Plovdiv şəhərində beynəlxalq hakimliyə imtahan verdim. Sonradan beynəlxalq turnirlərdə, yeniyetmə və gənclər arasında Avropa və dünya birinciliklərində hakimlik etdim. Hər il hakimlikdə kateqoriyam artırdı. Öz üzərimdə işləyirdim. Qısa zamanda bu sahəni mənimsədim. Hətta Afina Olimpiya Oyunlarında da hakim kimi ölkəmizi təmsil etmək şansım var idi. Həmin vaxt məşqçilik də edirdim. Daha çox yetirmələrimin hazırlığına diqqət yetirdiyim üçün olimpiadada hakimlik edə bilmədim. Polşada keçirilən dünya birinciliyində mərhum Oqtay Hüseynovla birlikdə hakimlik edirdik. Orada sentyabrda Macarıstanda keçiriləcək dünya çempionatını idarə etmək üçün vəsiqə qazandıq. Polşada keçirilən yarışda özümü bir hakim kimi təsdiqlədim. Bir neçə final qarşılaşmasını çox dəqiqliklə idarə etdim. Hətta FİLA-nın keçmiş prezidenti Rafael Martinetti mənə işimin öhdəsindən layiqincə gəldiyimi dedi.
Rəhmətlik Oqtay müəllim mənə dedi ki, sən artıq peşəkar hakim kimi formalaşmısan və mən bu sahədən rahatlıqla gedə bilərəm. Həmin dövrdən böyüklər arasında keçirilən bütün Avropa və dünya çempionatları, eləcə də, iki Olimpiya Oyunlarında hakimlik etmişəm.
- Hakimlikdə sizcə ən çətin məqam hansıdır?
- Ən məsuliyyətli iş döşək rəhbəri olmaqdır. Çünki bu zaman sən döşək və yan hakimlərin hər birinə nəzarət edir və bütün qarşılaşmalara cavabdehlik daşıyırsan. Yeni qaydalara görə bir hakim həm sərbsət, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlarda hakimlik etməlidir. 6 gün ərzində 90-a yaxın qarşılaşma keçirilir. Əlbəttə ki, səhvə yol verməmək üçün çox diqqətli olmalısan. Yan hakim və ya döşək hakimi olanda isə istirahət etmək imkanın olur.
- Qeyd etdiniz ki, eyni hakim hər üç növ üzrə yarışları idarə edir. Elə olubmu ki, qarşılaşmanın gedişində hər hansı növü digəri ilə səhv salasınız?
- Hakimlikdə dəqiq olmağa çalışıram. Belə hala hələ ki, yol verməmişəm. Amma təcrübəmdə buna rast gəlmişəm. Bəzən olub ki, məsələn, qadın güləşi üzrə yarışın ardınca yunan-Roma güləşi üzrə qarşılaşma keçirilib. Yarışı idarə edən hakim xalları səhvən sərbəst güləş qaydaları ilə qiymətləndirib. Döşək rəhbəri olanda tez həmin hakimin yadına salmışam ki, sərbəst güləş yarışıdır. Ümumiyyətlə, belə hallara gərək yol verməyəsən. Hakimlik elə bir peşədir ki, insan həyatının müqəddəratını həll edir. Bəzən idmançılar hakimlərə etirazlarını bildirirlər. Bu, təbii haldır. Uduzan idmançı əksər hallarda hakimlərin işindən narazı qalır.
- Həyatda necə insansınız?
- Mübariz insanam. Məğlub olmağı xoşlamıram. Sadə insanları xoşlayıram. Özüm də belə olmağa çalışıram. Amma sadəlövh insanları sevmirəm. Sadəlöhv insanın həyatda heç bir uğur qazana bilməz. Hər hansı bir çətinliyim olanda da ona bir oyun kimi baxıram. Necə deyərlər, idman qaydaları ilə onu həll etməyə çalışıram. Məsələn, düşünürəm ki, hər hansı çətinlik yaşayıramsa, deməli bir neçə xal geri düşmüşəm. Mübarizə aparıb həmin çətinliyi üstələməliyəm. Çətinliklərə bu cür baxanda onlar sənə böyük görünmür. Ümidlə yaşayıram. Allahın qismətinə, varlığına inanıram. Bir insan Allah qarşısında günahsızdırsa, o həyatda ən böyük uğurları fəth edə bilər.
- Bəs sizin necə, həyatda səhvləriniz çox olub?
- Günahsız insan yoxdur. Bəzən insan bilmədən belə günaha batır. Buna görə də Allaha dua edərkən biz deyirik ki, bizim bilərəkdən və bilməyərəkdən etdiyimiz gunahlarımızı bağışlasın. Kiminlə isə acı danışıb qəlbini qırmaq özü belə günahdır.
- Tez əsəbiləşirsiniz?
- Məndə fil səbri var. Amma bəzən elə hallar olur ki, kiməsə öz həddini göstərmək lazım gəlir.
- Ən çox sizi nə əsəbiləşdirir?
- Gənclərin layqeydliyi və tənbəlliyi. Bəzən görürəm ki, gənclərimiz onlar üçün yaradılan şəraitə dırnaqarası yanaşır, lazımınca dəyərləndirmirlər. Bir də ən çox yatan adamlara qarşı mübarizə aparan insanam. Məncə, çox yatan insanın ruzusu olmaz. Tezdən duranda gün ərzində 8-ə qədər işi rahatlıqla görə bilirəm. Bu yaşıma çatmışam, amma çox yatmaq nə olduğunu bilməmişəm. Bəzən hətta tez oyananda boş oturmur, idmançılar üçün yeni məşq proqramı hazırlayıram.
- Hicran müəllim, 5 övlad atası, 1 nəvə sahibisiniz. Övladlarınızın necə, idmana marağı var?
- 4 qızım, 1 oğlum, 1 nəvəm var. Böyük qızım Günel Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, ailəlidir və 3 yaşında oğlu var. İkinci qızım Aysel Azərbaycan Dillər Universitetində, o biri qızım Aygün Müəllimlər İnstitutunun Psixologiya fakültəsində, kiçik qızım Rəhimə 9-cu sinidə oxuyur. Qızlarım arasında təhsilə daha çox meyil göstərən Rəhimədir. Oğlum İbrahiməli isə 2005-ci ildə anadan olub və orta məktəbdə oxuyur. Oğlum peşəkar səviyyədə gözəl rəqs edir. Övladlarımdan çox razıyam. Onların hər biri öz bilikləri hesabına ali məktəbə daxil olublar. Onlar arasında idmana maraq göstərən yalnız Rəhimədir. Rəhimə həvəskar şəkildə qolfla məşğul olur. Oğlumu bir müddət güləşə gətirsəm də, gördüm ki, idmana həvəsi yoxdur.
- Qadınların güləşlə məşğul olmasına necə baxırsınız?
- Güləşdə uğur qazanmaq üçün çox güclü olmalısan. Etiraf edək ki, bu növ qadınlar üçün bir qədər kobudluq tələb edir. Həm də çox zədəli növdür. Bununla belə Azərbaycan xalqının məğrur qadınları var ki, idmanın ən çətin növlərində belə öz sözlərini deyiblər. Qadınlar bu idman növünə müraciət edəndə onları həvəsdən salmıram. Onlara məsləhət edirəm ki, əgər sən bu idman növünü seçmisənsə, idmanla peşəkar səviyyədə məşğul olmalısan. 1999-cu ildən məşqçilik fəaliyyəti ilə məşğul oluram. "Neftçi İK” İB-nın məşqçisiyəm. Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən "Cəngi” klubunun sədriyəm. Yetirmələrim arasında da qadınlar azlıq təşkil etmir. Tələbəm Səbirə Əliyevə 6 dəfə Avropa və dünya çempionatında medal qazanıb. O buyaxınlarda gənclər arasında dünya çempionatında iştirak edəcək. Ondan başqa, Şəbnəm Əhmədova, Ayan Məmmədova da istedadlı idmançılardır.
- Hər bir məşqçinin məşqə xüsusi yanaşma metodu var? Sizdə bu üsul nə ilə fərqlənir?
- Hər bir idmançıya fərdi yanaşma metodu olmalıdır. Məşqçidə ilk növbədə idmançının istedadını görmə qabiliyyəti olmalıdır. Məşqçi məşqlərə ürəkdən yanaşmalıdır. Böyük idmançı yetişdirmək arzusu ilə məşq keçirəm. Məşqçiliyin əsaslarını Elçin Cəfərovdan öyrənmişəm. Yığmanın baş məşqçisi iranlı mütəxəssis Cəmşid Xeyrəbadidən də çox şeyi mənimsəmişəm. Məşqçi də idmançı kimi daim öz üzərində işləməlidir. Müasir güləşin tələbləri başqadır. Yetirmələrimin uğurunu görəndə mən də sevinirəm. Tələbəm Elman Muxtarov yeniyetmələr arasında dünya çempionu olub, böyüklər arasında ən mötəbər yarışlarda qələbələr qazanıb. 20 yaşlı idmançı I Avropa Oyunlarında 59 kq-da üçüncü oldu. O görüşlərinin birində təcrübəli Ermənistan idmançısına 9:1 hesabı ilə qalib gəldi. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən o, "Tərəqqi” medalı ilə təltif olundu. Qeyd edim ki, Avropa Oyunlarında ölkəmizi hakim kimi təmsil etdim. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə mükafatlandırıldım. Bu yarışda həmçinin sentyabrda Las-Veqasda keçiriləcək dünya çempionatını idarə etmək üçün vəsiqə qazandım. Dünya çempionatı Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün hakimlər üçün imtahan olacaq.
- Avropa Oyunlarının təşkilatçılığı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Avropa Oyunları yüksək təşkilatçığı ilə fərqləndi. Açılış və bağlanış mərasimləri ən yüksək səviyyədə idi. Bütün növlər üçün Olimpiya Oyunlarındakı kimi şərait yaradılmışdı. Mənə elə gəlir ki, bundan sonra heç bir ölkə Avropa Oyunlarını bu cür yüksək səviyyədə keçirə bilməyəcək. İnanıram ki, gələcəkdə ölkəmiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi edə bilər.
- Necə düşünürsünüz, güləş idman növü yeniyetmə və gənclərin inkişafında hansı rola malikdir?
- Azərbaycanda güləşə yüksək səviyyəli dövlət qayğısı göstərilir. Bu qayğının nəticəsidir ki, idmançılarımız yüksək nailiyyətlər qazanıblar. Bununla yalnız qürur duymaq olar. Görülən işlərə əsasən demək olar ki, illərlə Azərbaycan güləşində illərlə uğurlar qazaanılacaq. Hər yaş qurupu üzrə mötəbər yarışlarda qızıl medallarımız olacaq. I Avropa Oyunlarında qazanılan 56 medaldan 21-i qızıldır. Bu medallardan 15-i güləş idman növünün payına düşdü. Bu gənclərin sağlam yetişməsi, pis vərdişlərdən uzaqlaşması deməkdir. Onu deyim ki, bu gün hər hansı gənci tapıb idmana cəlb etmək çox çətindir. Hazırda ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının hər biri dövlət qayğısı ilə əhatə olunub. Hər bir federasiya rəhbəri çalışır ki, rəhbərlik etdiyi idman növü qabaqcıllar sırasında olsun. Ailədəki hər iki uşaqdan ən azı biri idmana meyil edir. Onun da fiziki göstəriciləri idmana uyğun olmalıdır. Həmin gəncə bu növü sevidirməlisən. Bəzən məşqçi bir az yükləyən kimi idmançı çətinliyə dözmür və idmanı yarıda qoyur. Bundan əlavə, bildiyiniz kimi, hazırda təhsil sistemi Azərbaycanda çox güclənib. Məktəbdə uşaqların davamiyyətinə xüsusi diqqət yetirilir. İdmançı həm məşqə həm də dərsə lazımi diqqət göstərməlidir. Bu isə bəzən idmançının seçim qarşısında qalması ilə nəticələnir. Bütün bu çətinliklərə baxmayaraq bizim işimiz istedadlı idmançıları üzə çıxarıb, yetişdirməkdir.
- Bundan sonra həyatınızı necə yaşamaq istəyirsiniz?
- Çox xoşbəxtəm ki, şərəfli ömür yaşamışam. Bundan sonra da belə yaşamaq istəyirəm. Dövlətimizə daha da çox qulluq etmək, dövlətçilikdə fəal olmaq istəyirəm. Hazırda Azərbaycan Dövlət Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərirəm. Gələcəyin polis zabitlərindən, müdavimlərdən köməyimi əsirgəmirəm. İdmanda tələbələrimə, gənc hakimlərə gücüm çatdığı qədər köməklik göstərirəm. Yetirmələrimi ölkəmizə layiqli vətəndaş, savadlı kadr, peşəkar idmançı kimi görmək isəyirəm. Şəxsi həyatıma gəlincə, övladlarımı, ailəmi, yaxınlarımı xoşbəxt və firavan görmək istəyirəm.
- Xoşbəxtliyi nədə görürsünüz?
- Mənim üçün ən böyük xoşbəxtlik bir valideyn kimi övladlarımı xoşbəxt görməkdir. Övladların uğuru valideynlərin razılığıdır. İnsan özü xoşbəxt olanda qohumlarının, yaxınlarının da işinə köməklik göstərə bilir. Ətrafdakılara müsbət enerji ötürür. İnsanın öz problemləri olanda başqasının probleminə çarə qıla bilməz.
Aysel Sultanova