Bakı-2015 birinci Avropa Oyunlarında Azərbaycan idmançıları ümumilikdə 56 medal qazanaraq yarışları ikinci sırada başa vurdular. Əldə olunan medallardan 5-i (3 qızıl, bir gümüş və bir bürünc) taekvondoçularımızın payına düşdü.
İdmançılarımızın Oyunlarda çıxışları, qarşıda onları gözləyən yarışlar barədə məlumat əldə etmək üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevlə görüşdük. Təcrübəli mütəxəssisin vaxtı az olsa da, "Olimpiya dünyası” qəzetinə müsahibə verdi.
- Niyaməddin müəllim, taekvondoçularımızın Avropa Oyunlarındakı çıxışları sizə necə təsir bağışladı? - İlk növbədə deyim ki, tarixdə ilk dəfə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ölkəmiz üçün uğurla başa çatdı. Sevinirəm ki, belə bir mötəbər idman yarışında idmançılarımız hesablarına 56 medal yazdıraraq ölkəmizin adını medal siyahısında ikinci pilləyə yüksəltdilər. Taekvondoçularımızın çıxışlarına gəldikdə isə, hesab edirəm ki, Oyunlarda iştirak edən səkkiz taekvondoçumuzdan 5-nin medal qazanması sevindirici haldır. Əldə olunan bu nailiyyət bizə xoş təsir bağışladı.
- Avropa Oyunlarında medal gözlədiyiniz idmançılar ümidlərinizi doğrultdularmı?
- Ümumilikdə, taekvondoçularımız federasiyanın onlara göstərdiyi etimadı yüksək səviyyədə doğrultdular. Düzdür, yarışdan əvvəl mən Fəridə Əzizovanın və Radik İsayevin qızıl medal qazanacaqlarını proqnozlaşdırmışdım. Təəssüflər olsun ki, gənc idmançımız Fəridə qızıl medal əldə edə bilmədi və mübarizənin son saniyələrində 7:6 hesabı ilə məğlub olaraq Avropa Oyunlarının gümüş medalına sahib çıxdı. Lakin hesab edirəm ki, onun güclü rəqiblərini məğlub edərək final mərhələsinə yüksəlməsi böyük uğurdur. Əslində, Fəridənin çempion olmağa gücü çatırdı. Lakin bu idmandır və burada şans da öz sözünü deyir. Onu da qeyd edim ki, Fəridə son vaxtlar uğursuzluqlarla üzləşirdi. Sevinirəm ki, məhz Avropa Oyunlarında o yenidən özünü toplaya bildi. Əlbəttə, belə nüfuzlu bir yarışın gümüş medalçısı olmaq həm Fəridə, həm də bütün federasiyamız üçün yüksək nəticədir. Bundan əlavə, gənc taekvondoçu Ayxan Tağızadənin və Patimat Abakarovanın medal qazanması da bizim üçün sevindirici oldu. Belə mötəbər idman yarışında gənc taekvondoçularımızın inamlı addımlar atması bizi həqiqətən də sevindirir. Qeyd edim ki, bütün idman növlərində olduğu kimi taekvondo yarışlarında da idmançılarımızın rəqibləri güclü idilər. Ayxan Tağızadənin rəqibləri arasında Olimpiya çempionu, Olimpiya oyunlarının mükafatçısı, dünya çempionu var idi. Bir sözlə, gənc və rəqiblərindən təcrübə baxımından geri qalan Ayxanın medalçılar sırasında yer alacağına inansaq da, çempion olacağı bizim üçün gözlənilməz oldu. Taekvondoçumuz gənc olmasına baxmayaraq, çox gözəl və yüksək səviyyəli bir döyüş nümayiş etdirdi. Ayxanın yarımfınal mərhələsində Rusiya idmançısı ilə mübarizəsini həyəcanla izlədik. Ancaq artıq final qarşılaşmasında biz onun çempion olacağına əmin idik. Sevinirəm ki, Ayxan bizim ümidlərimizi doğruldaraq himnimizi səsləndirdi, bayrağımızı dalğalandırdı. 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Milad Beigi Hərcəgani Oyunların üçüncü günü fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq bütün xalqımızı sevindirdi. Avropa və dünya çempionumuz Radik İsayev də ümidlərimizi doğrultdu. Gərgin mübarizənin sonunda Radik çempion adını qazandı. Bu sevinci bizimlə birgə yaşayan ölkə başçımız İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya Azərbaycan Taekvondo Federasiyası adından minnətdarlığımı bildirirəm. Prezidentimizin arenaya gəlməsi, idmançılarımıza yaxından dəstək olması, onlara medalları təqdim etməsi unudulmaz anlar idi.
- İdmançılara azarkeşlər də böyük dəstək oldular...
- Azarkeşlər bu yarışlarda bütün idmançılarımızı alqışlayır, onları ürəkdən dəstəkləyirdilər. Taekvondoçularımızın da medal qazanmasında bu dəstəyin böyük rolu oldu. Azərbaycan Prezidenti İlham Əliyevin idmançılarımızın döyüşlərini izləməsi onları qələbə qazanmağa daha da həvəsləndirirdi. İstər-istəməz məsuliyyət hissləri artırdı.
- Niyaməddin müəllim, təkçə dünya çempionatında uğurla çıxış edən taekvondoçulara Avropa Oyunlarında mübarizə aparmaq imkanı verilmişdi, yoxsa...
- Bildiyiniz kimi, Avropa və dünya çempionatlarının qaydalarına görə, bu yarışlarda səkkiz qız və səkkiz oğlan taekvondoçu mübarizə apara bilir. Lakin Olimpiya oyunlarında bu çəki dərəcəsi 4-ə bərabərdir. Avropa Oyunlarında da dörd qız, dörd oğlan taekvondoçunun mübarizə aparması qərara alınmışdı. Dünya çempionatından əvvəl federasiya rəsmiləri idmançılarla görüşdü. Onlara bildirildi ki, dünya çempionatında yaxşı nəticə göstərən taekvondoçular ölkəmizi Avropa Oyunlarında təmsil etmək şərəfinə layiq görüləcəklər. Lakin dünya çempionatında yer qazanmayan idmançılara da Avropa Oyunlarında iştirak etmək hüququ verildi. Düşündük ki, həmin idmançılar dünya çempionatında medal əldə etməsələr belə, Azərbaycanı şərəflə təmsil etdilər. Hesab edirəm ki, Avropa Oyunlarında idmançılarımızın yüksək nəticə göstərməsində yarışların doğma divarlar arasında keçirilməsinin də böyük rolu oldu. İdmançılarımız azarkeşləri məyus etməmək üçün əllərindən gələni etdilər. Dünya çempionatı və Avropa Oyunlarında müəyyən təzadlı məqamlar baş verdi. Məsələn, Ayxan Tağızadə dünya çempionatının yarımfinal mərhələsində rusiyalı idmançıya məğlub oldu. Lakin Avropa Oyunlarında Ayxan həmin idmançıya qalib gəldi.
- Taekvondoçularımız psixoloji cəhətdən Oyunlara necə hazırlaşırdılar?
- Düzü, taekvondoçularımızla xüsusi psixoloqlar məşğul olmurdular. Lakin məşqçilər və şəxsən mənim tərəfimdən onlara böyük psixoloji dəstək göstərilirdi. Dünya çempionatından qayıtdıqdan sonra idmançılarmızın Avropa Oyunlarına hazırlaşmasına təxminən 16-17 gün müddət var idi. Bu müddətdə, demək olar ki, hər iki gündən bir biz idmançılarla 30-40 dəqiqə Avropa Oyunlarının mahiyyəti ilə bağlı söhbətlər edirdik. İdmançılarımız anlayırdılar ki, bu yarışda mütləq qələbə qazanmaq lazımdır. Ölkəmizdə keçirilən bu mötəbər yarışı medalsız başa vurmaq olmaz. Sevinirəm ki, yetirmələrimiz həm fiziki, həm də psixoloji cəhətdən oyunlara tam hazırlaşaraq, ölkəmizin hesabına medal yazdırmağa nail oldular.
- Taekvondoçular qarşıda hansı yarışlarda iştirak edəcəklər?
- Gözlənilən ən mötəbər yarış Rio-de Janeyroda keçiriləcək yay Olimpiya Oyunlarıdır. Buna görə bütün idmançılarımız əsas güclərini olimpiadaya yönəldiblər. Qeyd edim ki, ötən illərdə keçirilən Olimpiya oyunlarından fərqli olaraq, Rio-2016 Olimpiadasına taekvondoçular xal hesabına görə qatılacaqlar. Komandamız sentyabrın 17-21-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək qran-pri turnirində iştirak edəcək. Ümumiyyətlə, bu ilin sonunadək 3 qran-pri və həmin turnirlərin final yarışları təşkil olunacaq. Dekabrın 5-6-da Meksikada keçiriləcək final mərhələsində ilk altılıqda qərarlaşan idmançılar Rio-2016 Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Yeri gəlmişkən deyim ki, bugünlərdə taekvondoçularımız Koreyada "Koreya Open” turnirində mübarizə aparıblar və 1 qızıl, 2 bürünc medal qazanıblar. Turnirdə mükafat alan idmançılarımız hesablarına 20 xal yazdırıblar. Bugünə qədər idmançılarımız hesablarına Avropa Oyunlarında 40 xal, dünya çempionatında isə 120 xal yazdırmağa nail olublar. Meksikada keçiriləcək finalda Olimpiya oyunlarına lisenziya qazana bilməyən idmançılar lisenziya uğrunda daha bir mübarizəyə qoşulmaq şansı veriləcək. Belə ki, həmin idmançılar 2016-cı ilin fevral ayında Avropa lisenziya turnirində güclərini bir daha sınağa çəkəcəklər.
- Qran-pri yarışlarında kimlər mübarizə aparır? Komandanın tərkibində hansı idmançılar yer alıb?
- Qran-pri yarışlarında taekvondoçularımızdan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Ayxan Tağızadə (68 kq), Mikayıl Əliyev (58 kq), Ramin Əzizov, Milad Beigi Hərcəgani (80 kq) və Radik İsayev (+80 kq) çıxış edəcəklər. Təmsilçilərimiz bu yarışda ilk üçlükdə yer alıb medal qazandıqları təqdirdə, onların hesabına əlavə xal yazılacaq. Hər qran-pri yarışı idmançıya 40 xal qazandırır, final yarışları isə taekvondoçulara 80 xal verəcək. Hazırkı sıralamaya görə, Radik İsayev reytinq cədvəlində 2-ci, Fəridə Əzizova 7-ci yerdə qərarlaşıb. Digər taekvondoçularımız isə bir qədər geridə yer alıblar. Lakin inanıram ki, komandamızın bütün üzvləri qran-pri yarışlarında uğurla çıxış edəcəklər. Əgər onlar xallarının sayını artıra bilsələr və ilk altılıqda yer alsalar, Rio Olimpiadasına vəsiqə əldə edəcəklər. Əminəm ki, belə də olacaq.
- Avropa Oyunlarında məğlub olan taekvondoçulara necə münasibət göstərildi?
- Bilirsiniz ki, idmanda qalib gəlmək də, məğlub olmaq da adi haldır. Şübhəsiz ki, bütün idmançılar qələbə uğrunda yarışırlar. Amma qalib gəlmək həmişə mümkün olmur. Mən Avropa Oyunlarında medal əldə etməyən idmaçılarımıza da təşəkkür edirəm. Təəssüflənmək lazım deyil. Bütün federasiyalar sanki bir ailədir. Buna görə də, həm yaxşı, həm də pis günlərimizdə çalışırıq ki, biri-birimizə dəstək olaq. Avropa Oyunlarında məğlub olan taekvondoçularımıza da dəstək göstəririk. Onlar çalışmalıdırlar ki, daha da yaxşı məşq edib qarşıdan gələn yarışlarda yüksək nəticə qazansınlar.
- Ümumiyyətlə, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini necə qiymətləndirirsiniz?
- Mən idmançı və federasiya rəsmisi kimi, London və Afina Olimpiya Oyunlarında, həmçinin Nankində keçirilən Gənclərin Olimpiya Oyunlarında iştirak etmişəm. Buna görə də, əminliklə deyə bilərəm ki, Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi qeyd etdiyim yarışlardan heç də geri qalmırdı. Azərbaycan uzun illərdir ki, idman ölkəsi kimi tanınır. Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada qazandığı nüfuzu daha da artıracaq. Taekvondo üzrə Avropa və dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti kimi deyil, sadə bir azərbaycanlı kimi sevinirəm ki, ölkəmiz belə bir mötəbər yarışın öhdəsindən şərəflə gəldi. Şübhəsiz ki, Avropa Oyunlarının belə yüksək səviyyədə təşkilində Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın əməyi əvəzsizdir. Oyunların səviyyəsini paytaxtımıza gələn idman rəsmiləri, idmançılar və turistlər də yüksək qiymətləndirdilər.
Türkay Niftəliyeva