Cüdo idman növü üzrə təşkil olunan yarışların əksəriyyətində Azərbaycan idmançıları yüksək nəticələr göstəriblər. Bu növ ölkəmizə iki Olimpiya çempionu, dünya çempionu, Avropa və digər beynəlxaq turnirilərin mükafatçılarını bəxş edib. Təsadüfi deyil ki, dünyanın ən güclü idmançılarının yer aldığı reytinq cədvəlində Azərbaycan cüdoçuları ilk pillələrdə qərarlaşırlar.
17 gün davam edən I Avropa Oyunlarında ölkəmizə medal qazandıran idman növləri sırasında cüdonun da payı oldu. Düzdür, cüdo üzrə yığmamız bu yarışda böyük heyətlə təmsil olunsa da, komandamız cəmi bir gümüş medalla kifayətləndi. Yeganə gümüş medalı ölkəmizə 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov qazandırdı. Dünya çempionatının bürünc mükafatçısı, dəfələrlə "Böyük dəbilqə” və Qran-pri turnirlərinin qalibi olan Orxan Səfərov Bakı-2015 yarışlarında da ona bəslənən ümidləri doğrultdu. Buyaxınlarda cüdoçumuzla görüşüb Bakı-2015-lə bağlı təəssüratlarını öyrəndik. Komandamızın təcrübəli üzvü suallarımızı səmimi cavablandırdı.
- Orxan, istərdik söhbətə Oyunlara hazırlığın barədə başlayaq. Həmin günləri necə xatırlayırsan? - Biz I Avropa Oyunlarına hazırlığa ötən ildən başlamışdıq.
Əvvəlcə onu qeyd edim ki, Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışında olarkən dizimdən zədələndim və buna görə 3 aya yaxın məşqlərdən kənarda qaldım. Zədədən tam sağaldıqdan sonra yenidən məşqlərə qayıtdım. İlk turnirim olan Abu-Dabi Qran-prisində birinci yerə layiq görüldüm. Qran-pri yarışından sonra ardıcıl olaraq bir neçə təlim-məşq toplanışında iştirak etdim, həmçinin bu il bir sıra mötəbər turnirlərdə mübarizə apardım. İlin əvvəlində əvvəlcə Düsseldorfda, daha sonra isə, Tbilisi və Samsun Qran-prisində iştirak etdik. Samsunq Qran-prisində gümüş medala layiq görüldüm. Avropa Oyunlarına qədər Bakıda keçirilən "Böyük dəbilqə” turnirində və Mərakeşdə təşkil olunan "World Masters” turnirində də qüvvəmi sınadım.
- Amma nədənsə Bakıda keçirilən "Böyük dəbilqə” turnirində mükafatsız qaldın.
- Bəli, həmin turniri yeddinci pillədə başa vurdum. İlk görüşümdə qələbə qazandım. İkinci görüşdə isə, irəlidə olduğum halda, görüşün sonuna 10 saniyə qalmış əks fəndə düşdüm və məğlub oldum. Bu yarışa ciddi hazırlaşmışdım və yalnız qızıl medal barəsində düşünürdüm. Sonradan təsəlliverici görüşə çıxsam da, məğlub oldum və yarışı yeddinci pillədə başa vurdum. Lakin bu yarışdan sonra "World Masters” turnirində ikinci yerə layiq görülməklə uğursuzluğu unutdurdum. Onu da qeyd edim ki, "World Masters” turnirində reytinqdə ilk onaltılığa daxil olan ən güclü cüdoçuları iştirak edirdilər.
- Birinci Avropa Oyunları sənin yaddaşında necə qalacaq?
- Bakı-2015-də cüdoçuların üzərinə böyük məsuliyyət düşürdü. Bildiyiniz kimi, aprel ayında Şotlandiyada cüdo üzrə Avropa çempionatı keçirilməli idi. Lakin müəyyən səbəblərə görə Şotlandiya qitə çempionatından imtina etdi və yarışın I Avropa Oyunları çərçivəsində keçirilməsi qərara alındı. Bundan əlavə, cüdo yarışları 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına lisenziya xalları verirdi. Buna görə də Bakıda qitənin ən güclü cüdoçuları iştirak edirdilər. Demək olar ki, hər çəki dərəcəsində 30-dan çox idmançı mübarizə aparırdı. Onlar Avropa Oyunlarında qalib gələrək lisenziya qazanmağa çalışırdılar. Bütün bunlar hər bir cüdoçunun məsuliyyətini ikiqat artırırdı. Məncə, Avropa Oyunlarının cüdo yarışları bu növ üzrə keçirilən digər turnirlərdən çox fərqlənirdi. Oyunlar çox yüksək səviyyədə keçdi. Biz müxtəlif ölkələrdə bir sıra yarışlarda iştirak etmişik. Amma heç bir yerdə belə bir şərait və yüksək diqqət görməmişik. Azərbaycan bir daha sübut etdi ki, Olimpiya oyunlarını da keçirməyə layiqdir. Atletlər Kəndində bizim üçün hər cür şərait yaradılmışdı. İnanıram ki, bütün idmançılar ölkəmizdə yaradılan şəraitdən razı qaldılar.
- Keçirdiyin görüşləri necə xatırlayırsan?
- Avropa Oyunlarında mübarizəyə 1/8 finaldan başladım. İlk görüşüm Belarusu təmsil edən həmyerlimiz Arif Bağırovla oldu. Onu da qeyd edim ki, biz tatamidə bir-birimizə rəqib olsaq da, həyatda dostluq edirik. Avropa Oyunlarından əvvəlki yarışda Arifi məğlub etmişdim. Bu dəfə də ona qalib gəldim. İkinci görüşümdə İsveçrə təmsilçisi Ludovik Çammartini üstələdim. İsveçrəli rəqibimi də ikinci dəfə idi ki, məğlub edirdim. Yarımfinalda ispaniyalı Fransisko Qarriqos ilə qarşılaşdım. Bu görüşə qədər həmin rəqibimə iki dəfə qalib gəlmişdim. Bakıda onu növbəti dəfə məğlub edərək finala yüksəldim. Ən yadda qalan görüşüm həmin qarşılaşma oldu. İspaniyalı rəqibimi məğlub edəndə ən azı gümüş medalı özüm üçün təmin etdiyimi bilirdim. Bu görüş bir qədər də məni ruhlandırdı. Həlledici mərhələdə isə reytinq cədvəlinin 7-cisi olan Beslan Mudranovla qarşılaşdım. Rusiya təmsilçisi ilə görüşüm çox çətin keçdi. Mən həmin görüşdə irəlidə idim. Təəssüf ki, yarışın başa çatmasına 40 saniyə qalmış zədələndim. Rəqib idmançı fənd tətbiq etmək istəyəndə mən müqavimət göstərməyə çalışdım. Həmin vaxtı ayağımda ağrı hiss etdim. Arxa bud əzələm yerindən qopmuşdu. Görüşün bitməyinə 30 saniyə qalırdı. Düşündüm ki, Avropa Oyunlarının medalına görə, ağrılara dözməyə dəyər. Əslində, mən həmin yarışda zədəmin ciddiliyini nəzərə alaraq mübarizəni dayandırmalı idim. Lakin istəmədim ki, zədəni bəhanə gətirərək görüşü yarımçıq qoymağım barədə danışsınlar. Buna görə də mübarizəni sona qədər davam etdirməyi qərara aldım. Bir sözlə, risq etməli idim və etdim. Son saniyələrdə fəndə düşdüm və yarışı gümüş medalla başa vurdum. Buna görə çox təəssüflənirəm. Finalda məğlub olmaq insanı məyus edir. Qızıl medal uğrunda mübarizə apardığın bir görüşdə qarşılaşdığın məğlubiyyətin yaratdığı hissləri sözlə ifadə etmək çətindir. Görünür, Avropa Oyunlarının qızıl medalı qismətimdə yox imiş. Bununla belə, ölkəmizə gümüş medal qazandırdığım üçün çox sevinirəm. Bu medalı anama həsr edirəm. Ümumiyyətlə, mən istənilən yarışda əldə etdiyim qələbələri anama həsr etmişəm. Anam mənim üçün dünyada hər şeydən əzizdir.
- Qazandığın gümüş medal səni reytinq cədvəlinin liderinə çevirdi...
- Bəli. Karyeram ərzində ilk dəfədir ki, reytinq cədvəlinin birinci pilləsinə yüksəlirəm. Bu vaxta qədər ən yaxşı halda ikinci və üçüncü pillələrdə qərarlaşmışdım. Ümumiyyətlə, çox vaxt reytiq cədvəlinin ilk "onluğ”unda yer almağı bacarmışam. Avqust ayında Qazaxıstanda dünya çempionatı keçiriləcək. Zədəli olduğuma görə bu yarışda iştirak edə bilməyəcəyəm. Bu da mənim reytinqdə geriləməyimə səbəb olacaq. Yəqin ki, dünya çempionatından sonra tərtib olunan yeni siyahıda bir qədər geriləyəcəyəm. Amma inanmıram ki, ümumi mövqeyimdə elə də ciddi bir dəyişiklik olsun. Çünki ilk üç pillədəki cüdoçuların reytinq xalları digərlərindən daha yüksəkdir. Fikrimcə, mən artıq hər hansısa bir yarışda ən azı bürünc medal qazanaramsa, bu mənə Olimpiya oyunlarına lisenziya verəcək. Hazırda əsas məqsədim dörd illiyin zirvə yarışında mükafatçılar sırasında yer almaqdır.
- Yəqin ki, aldığın zədə səni xeyli geri atacaq. Necə düşünürsən, yenidən əvvəlki formanı bərpa etmək çətin olmayacaq ki?
- Zədəm ciddi olduğu üçün Oyunlardan sonra Türkiyədə cərrahi əməliyyat keçirdim. Həkimlər əvvəlcə zədəmin müalicə olunmaqla tam sağalacağını deyirdilər. Daha sonra əməliyyat olunmağımı məsləhət gördülər. Acıbadem xəstəxanasında əməliyyat olundum. Əməliyyat çox uğurlu keçdi. Üç həftədən sonra yoxlanış üçün yenidən İstanbula gedəcəyəm. Yəqin ki bir aydan sonra məşqlərə başlayacağam. İnanıram ki, tatamiyə qayıtdıqdan sonra iki-üç həftəyə əvvəlki formamı tam bərpa edə biləcəyəm. Bilirsiniz, nə vaxtsa fəxri kürsüyə qalxan idmançı yenidən həmin kürsüyə qalxmağa çalışacaq. Amma bir idmançı heç vaxt medal qazanmayıbsa, onun fəxri kürsüyə qalxmağı çətin olur. Yəni demək istəyirəm ki, mən fəxri kürsüdə yer almışamsa, yenə də bütün qüvvəmlə çalışacağam ki, mükafatçılar sırasında qərarlaşım. Oktyabr ayında Fransanın paytaxtı Parisdə "Böyük dəbilqə” turniri keçiriləcək. İnanıram ki, həmin yarışa qədər formamı tam bərpa edəcək və bu turnirdə uğurlu nəticə qazanacağam.
- Oyunlar zamanı tamaşaçı dəstəyi qanedici idimi?
- Zaldakı ab-hava inanılmaz dərəcədə yüksək idi. Arena tam dolmuşdu. Tatamiyə çıxarkən möhtəşəm azarkeş dəstəyini görəndə sevincdən gözlərim doldu. Mən Bakıda birinci dəfə idi bu cür azarkeş dəstəyi görürdüm. Bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm.
- Orxan, Oyunlarda sənin də yer aldığın komanda zəif çıxış etdi. Komanda yoldaşlarının fərqlənə bilməməsini necə izah edə bilərsən?
- Əvvəlcə onu qeyd edim ki, Azərbaycan cüdoçularının adları həmişə iştirak etdikləri turnirlərdə favoritlər sırasında yer alıb. Komandamızın heyətində müxtəlif turnirlərin qalibi olmuş çox güclü idmançılar var. Hətta reytinq cədvəlinə də baxarkən cüdoçularımızın ilk pillələrdə qərarlaşdığını görə bilərik. Yəni heyətdə təcrübəsiz idmançı yox idi. Sözün düzü, bu uğursuzluğu tam olaraq mən də başa düşə bilmirəm. Sadəcə, yarışda komandamızın bəxti gətirmədi. Mən belə düşünürəm. Bilmirəm, bəlkə də, yarışların çox olması, cədvəlin sıxlığı bizi yormuşdu. Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmaq üçün bizə reytinq xalları lazım idi. Buna görə də maksimum səviyyədə çalışırdıq ki, bütün yarışlarda iştirak edək. Ola bilsin ki, qeyd etdiyim ki, qitə çempionatı ilə əlaqədar olaraq Bakıya ən güclü cüdoçuların gəlməsi və rəqiblərimizin bizə qarşı ciddi hazırlaşması bu məğlubiyyətdə böyük rol oynadı. Hər halda, mən belə düşünürəm.
- Ölkə başçısı ilə görüşdə sən də yer almışdın. Həmin təəssüratlardan danışardın.
- Əvvəlcə onu qeyd edim ki, 2013-cü ildə dünya çempionatında üçüncü yerə layiq görülmüşdüm. Həmin ərəfədə mən "ilin idmançısı” seçilmişdim. Amma o zaman cənab Prezidentin qəbulunda olmamışdım. Avropa Oyunlarından sonra ilk dəfə idi ki, Prezidentin qəbulunda olurdum. Həmin qəbulda mən "Tərəqqi” medalı ilə təltif edildim. Bu görüş mənim xatirəmdə uzun müddət qalacaq.
- Avropa Oyunlarındakı qələbəni ailə üzvlərin necə qarşıladılar?
- Düzünü desəm, zədələndiyim üçün evdə hamı çox məyus olmuşdu. Buna görə də ürəkdən sevinə bilmirdilər.
- Gələcəkdə çəkini dəyişmək fikrin varmı?
- Bəli. Yəqin ki, Rio-de-Janeyro Olimpiadasından sonra çəki dərəcəmi dəyişəcəyəm. Mən 60 kq çəki dərəcəsində yarışıram. Bu çəkidə olan rəqiblərimə nisbətən boyum hündürdür. Bu isə, mənə çətinlik yaradır. Həm də yaş ötdükcə çəkini salmaq asan olmur. Düşünürəm ki, 2016-cı ildə çəki dərəcəmi dəyişim və 66 kq çəkidə çıxış edim. Bu çəki dərəcəsində komandamızın əsas aparıcı üzvləri Nicat Şıxəlizadə və Tərlan Kərimov mübarizə aparırlar. Məncə, gələcəkdə həmin çəki dərəcəsində əsas heyətdə yer almaq üçün daha ciddi rəqabət olacaq.
- Necə düşünürsən, idmançı üçün ali təhsil lazımdırmı?
- Bəli. Fikrimcə, ali təhsil hər bir idmançı üçün vacibdir. Mən 2009-2013-cü illərdə Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam. Ali təhsil peşəkar idmançının gələcək karyerasında önəmli rol oynayır.
- Bir müddət bundan əvvəl cüdoçular etiraz aksiyası keçirdilər. Problemləriniz həll olunubmu?
- Hamı bilirdi ki, cüdoda problemlər var. Problemlərimiz əsasən təlim-məşq toplanışları ilə bağlı idi. Təsəvvür edin ki, biz İsmayıllıda hazırlıq keçəndə, rəqiblərimiz xarici ölkələrdə beynəlxalq təlim-məşq toplanışlarında iştirak edirdilər. Xarici ölkələrdə təlim-məşq toplanışlarında olanda daha güclü idmançılarla sparrinq məşqləri keçirik. Amma müəyyən səbəblərə görə federasiya bizi xaricə təlim-məşqlərə yollamırdı. Biz də buna görə etiraz etdik. Etirazdan xəbərdar olan Gənclər və İdman Nazirliyi bu məsələ ilə maraqlandı və müəyyən tədbirlər gördü.
- Cüdoda ən çox istifadə etdiyin fənd hansıdır?
- Düzünü desəm, fəndlərdən istifadə rəqiblərin düşdüyü vəziyyətdən asılı olaraq dəyişir. Yarışlarda əsasən burulma fəndinə üstünlük verirəm. Onu da deyim ki, bu fənddən cüdoçular az istifadə edirlər.
Azər Əlizadə