“Böyük idman gərgin zəhmət, peşəkarlıq və iradə tələb edir”

“Böyük idman gərgin zəhmət, peşəkarlıq və iradə tələb edir”


Bakı-2015 Avropa Oyunlarının ulduz səfiri və gümüş medalçısı, ikiqat Azərbaycan çempionu, bədii gimnast Marina Durunda ilə uğurları, arzuları və gələcək planları barədə səmimi söhbət etdik.


- Marina, Avropa Oyunlarının gümüş medalını qazandın. Necə düşünürsən, bu medal qızıl ola bilərdimi?
- İşlədiyi sahədən asılı olmayaraq hər bir insan hər şeyin yaxşısını əldə etməyə çalışır. Yüksək uğurlar qazanmaq və həmişə zirvədə olmaq bir qədər çətindir. Amma mən ölkəmizdə keçirilən bu yarışlarda bacardığımı etdim. Düzdür, müəyyən səhvlərim olsa da, I Avropa Oyunlarının ikincisi olmağı bacardım. Düşünürəm ki, güclü rəqiblərin iştirak etdiyi bu yarışda gümüş medala layiq görülmək heç də pis nəticə deyil. Rusiyalı gimnastlar bədii gimnastikada çox üstündürlər və həmişə birinici yeri tuturlar. Düşünürəm ki, Avropa Oyunlarının gümüş medalı mənim üçün qızıla bərabərdir.

- Yarışda çıxışın barədə nə deyə bilərsən?
- Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi tərəfindən hərtərəfli məşq etməyimiz üçün bizə əla şərait yaradılmışdı, hər şey yüksək səviyyədə idi. Federasiyanın bizə göstərdiyi diqqət və qayğıya görə təşəkkürümü bildirir və rəhbərliyin etimadını doğrultduğum üçün çox sevinirəm. Xoşbəxtəm. Çıxışıma gəlincə, Avropa Oyunlarında bədii gimnastika üzrə yarışlarda inamla mübarizə apardım. İyunun 21-də lentlə hərəkətlərdə çox gərgin mübarizə gedirdi. Yaxşı çıxış etdim, amma finalda cüzi səhvə yol verdim. Hakimlərdən 19.000 xal alan rusiyalı Yana Kudryavtseva Avropa Oyunlarının qızıl medalına sahib oldu, mən isə 18.200 xalla ikinci yeri tutdum. Sevinirəm ki, Avropa Oyunlarında Azərbaycan yığma komandasının qazandığı 15 gümüş medaldan biri mənim payıma düşür.

"Bu, böyük məsuliyyət idi”
- Sən, həm də Bakı-2015 Avropa Oyunlarının idman elçilərindən biri idin...
- Belə gənc yaşda qitədə və ölkədə ilk dəfə keçirilən Avropa Oyunlarının səfiri olmaq mənim üçün böyük şərəf idi. Yarışlara hazırlıq ərəfəsində digər səfirlərlə birgə müxtəlif tədbirlərdə iştirak edirdik və hər dəfə ürəyim qürur hissi ilə döyünürdü. Bakı-2015 Avropa Oyunlarının idman elçisi olmaq məsuliyyət idi və sevinirəm ki, Azərbaycan gimnastı kimi bu yarışları uğurla başa vurdum.



- Qarşıdan bədii gimnastika üzrə dünya çempionatı gəlir. Yarışa hazırlıq necə gedir?
- Dünya çempionatı bu ilin sentyabr ayında Almaniyanın Ştutqart şəhərində keçiriləcək. Komandamız bu yarışa çox ciddi hazırlaşır. Milli Gimnastika Arenasında xarici ölkələrin bədii gimnastları ilə birgə təlim-məşq toplanışları davam edir. Bu gün ilk yoxlama məşqində yaxşı çıxış etdim. Təbii ki, mötəbər yarışlarda mükəmməl çıxış etmək üçün həddindən çox işləmək lazım gəlir. Dünya çempionatı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından üzərimizə daha çox məsuliyyət düşür. Polşada təşkil edilən turnirdən sonra Dünya kubokunda qüvvəmizi sınayacağıq. Bundan sonra isə bizi dünya çempionatı gözləyir. Yığmanın baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi altında məşqlərimiz davam edir. Demək olar ki, gündə 10 saat yorulmadan çalışırıq.

"Qələbə anında bütün yorğunluq yaddan çıxır”

- Gərgin məşq rejimindən bezdiyin günlər olurmu?
- Bakı-2015 Avropa Oyunlarından sonra cəmi 10 gün istirahət etdik və yenidən məşqlərə başladıq. Böyük idman gərgin zəhmət, peşəkarlıq və iradə tələb edir. Əks halda idmanda karyera əldə etmək mümkün deyil. Əlbəttə, yorğunluq var. Amma müəyyən vaxta qədər dözmək lazım gəlir. Qələbə anında bütün yorğunluq yaddan çıxır və əvəzində özünü göyün yeddinci qatında hiss edirsən.


"Gimnastika ən çox sevilən idman növüdür”

- Necə oldu ki, idmana gəldin və səni gimnastikaya bağlayan nədir?
- 4 yaşından idmandayam. Məndə idmana həvəsi atam oyadıb. Düzdür, uşaqlıqda idmançı olmaq istəməmişəm. Amma məni həmişə cəlb edən bu sahə ilə bağlı iş prosesi olub. Gimnastika təbii gözəllik, zəriflik, gözəl musiqinin sədaları altında qeyri-adi elastiklik və plastika deməkdir. Təsadüfi deyil ki, mütəxəssislər sağlamlıq nöqteyi-nəzərindən də gimnastikanı çox vacib sayırlar. Gimnastika həm də ən çox sevilən və hamı tərəfindən qəbul olunan idman növüdür.
Ukraynada döğulmuşam və 2012-ci ildən bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvüyəm. Komandada ilk qızıl medalımı elə həmin il Macarıstanda qazanmışam. Bədii gimnastika üzrə ikiqat ölkə çempionuyam və bir neçə dəfə iştirak etdiyim Dünya kubokunun mərhələ yarışlarında ardıcıl olaraq yaxşı nəticələr göstərmişəm. Hazırda bədii gimnastika üzrə dünya reytinqində 6-cı yerdəyəm.

- Gələn il Rio-2016 Yay Olimpiya Oyunları keçiriləcək...
- Ştutqart şəhərində keçiriləcək dünya çempionatında Rio-2016-ya lisenziya uğrunda yarışacağıq. Bundan sonra isə möhtəşəm idman bayramına hazırlaşmaq lazımdır. Bizi gərgin məşqlər və iş rejimi gözləyir.

- Boş vaxtlarında nə işlə məşğul olursan?
- Yarışlardan və məşqlərdən vaxtım çox az olur. Gərginliyi atmaq üçün rəfiqələrimlə bir yerdə əylənməyi çox xoşlayıram.


"Ünsiyyəti sevirəm və qalmaqaldan uzaq insanam”

- Rəfiqələrin çoxdur?
- Yığma komandada mehriban və yaxşı qızlar yetərincədir. Biz bir ailə kimiyik, çünki doğmalarımızdan daha çox onlarla çox vaxt keçiririk. Boş vaxtlarımızda da bir yerdə gəzməyə gedirik, yemək yeyirik, kinoya baxırıq. Bir sözlə, rəfiqələrimlə istirahət etmək ürəyimcədir. Ünsiyyəti sevirəm və qalmaqaldan uzaq insanam.

- Hansı janrda filmləri xoşlayırsan?
- Komediya filmlərini sevirəm. Çünki bu filmlərə baxdıqca insanın əhval-ruhiyyəsi yüksəlir.

- Dostun varmı?
- Deyirlər, insanın həyatda yoldaşları çox, dostu isə az olur. Bu, həqiqətən, belədir. Əsl dost çətin gündə tanınar və belə dostlar pis günündə də, yaxşı günündə də sənin yanında olurlar.

- Xasiyyətində bəyənmədiyin cəhət hansıdır?
- Əkizlər bürcündən olduğuma görə, xasiyyətimdə bunu hiss edirəm. Bayaq dediyim kimi, şən, enerjili və hərəkətliyəm. Amma qərarsız olduğuma görə davamlı fikrimi dəyişdirə bilirəm. Elə olur ki, deyib güldüyüm bir vaxtda birdən qəmgin oluram.

"Musiqiyə qulaq asmağı sevmirəm”

- Musiqi dinləməyi xoşlayırsanmı?
- Cavabım sizə qəribə gələcək, amma musiqiyə qulaq asmağı sevmirəm. Məşqlərdə və yarışlarda daima musiqinin müşayiəti ilə çıxış etdiyim üçün hərdən musiqidən bezirəm.

- Bəs mütaliə necə?
- Kitab oxumağa böyük həvəsim var. Xüsusilə romanları çox sevirəm.

- Həyatda kumirin varmı?
- Mən Pekin-2008 Olimpiya Oyunlarının qalibi, 7 qat dünya və 9 qat Avropa çempionu Yevgeniya Kanayevaya pərəstiş edirəm. Yevgeniya dünyada tanınmış ritmik gimnastlardandır.

- Xoşladığın şəhər?
- Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərini çox xoşlayıram. Bu şəhəri qarış-qarış gəzmək, dolanmaq istəyirəm. Xüsusilə, karnavallar diqqətimi çəkir.




"Ən böyük arzum Olimpiya çempionu adını qazanmaqdır”

- Ailə həyatı qurmaq haqqında düşünürsənmi?

-Hələlik mənim üçün bu haqda düşünmək hələ tezdir. Hər şeyin öz vaxtı, məqamı var. Bir idmançı kimi karyeramda istədiklərimə nail olduqdan sonra ailə həyatı haqqında düşünməyə dəyər.

- Ən böyük arzun nədir?

- Həyatda ən böyük arzum Olimpiya çempionu adını qazanmaqdır.


Səadət