Oleq Stepko:“Avropa Oyunlarında qazandığım qələbələr yarışlara səylə hazırlaşmağımın nəticəsidir”

Oleq Stepko:“Avropa Oyunlarında qazandığım qələbələr yarışlara səylə hazırlaşmağımın nəticəsidir”



Ölkəmizdə keçirilən I Avropa Oyunlarının idman gimnastikası yarışlarında ümumilikdə beş medal qazanan Azərbaycan idmançısı Oleq Stepko "olimpnews.az” saytına müsahibəsində Avropa Oyunlarında qazandığı nailiyyətlər, yarışla bağlı təəssüratları və gələcək planları barədə danışdı.

- Oleq, Avropa Oyunlarında rezonansa səbəb olan hadisələrdən biri də sənin bir növdə 5 medala sahib olmağın oldu…

-Avropa Oyunları çox məsuliyyətli yarış idi və bu da məni tarixdə ilk dəfə keçirilən qitə yarışına daha ciddi hazırlaşmağa sövq edirdi. Sevinirəm ki, zəhmətim hədər getmədi və Azərbaycan Gimnastika Federasiyasının, məşqçi heyətinin, müəllimlərimin etimadını doğrultdum. Avropa Oyunlarında uğurla çıxış etdim və yarışlarda bir qızıl, iki gümüş və iki bürünc medal qazandım.

- Yarışlardan əvvəl bu nəticəni əldə etməyinə inanırdınmı?

-Gimnastika yarışlarında hakimlər idmançıların çıxışlarını çox sərt, lakin ədalətlə qiymətləndirdilər. Finala çıxacağıma inanırdım, amma medal dəstinə sahib olacağımı düzü, gözləmirdim. Dediyim kimi, qızıl medala iddialı idim. Düşünürəm ki, Avropa Oyunlarında qazandığım qələbələr yarışlara səylə hazırlaşmağımın nəticəsidir.


"Mənə dəstək olduqlarına və inandıqlarına görə onlara dərin təşəkkürümü bildirirəm”

- Oleq, necə düşünüsən, bu uğurunla sən həm də federasiya rəhbərliyinin etimadını doğrultdun?
-Azərbaycan Gimnastika Federasiyasının mənə göstərdiyi etimadı doğrultduğum üçün çox sevinirəm. Rəhbərlik yarışlardan əvvəl mənə böyük ümidlə baxırdı və mən bu ümidləri doğrultdum. Sevinirəm ki, ölkə başçısı cənab İlham Əliyev və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva mənim çıxışımdan razı qaldılar. Mənə dəstək olduqlarına və inandıqlarına görə onlara dərin təşəkkürümü bildirirəm.

-Oleq, necə düşünürsən, Azərbaycan gimnastlarının son illlər qazandığı uğurlar nəyi deməyə əsas verir?

- Ölkədə gimnastika idman növünün sürətli inkişaf dövrü Azərbaycan Gimnastika Federasiyasına ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbər seçilməsindən sonra başlayıb. Bu sahəyə və idmançılara göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Avropa Oyunları da daxil olmaqla, beynəlxalq yarışlar bunu deməyə əsas verir. Düşünürəm ki, idman ictimaiyyəti Azərbaycanın dünya gimnastikasında yeni güc mərkəzinə çevrildiyini bilməlidir. Çalışacağıq ki, bizimlə hesablaşsınlar və ehtiyat etsinlər. Artıq buna nail olmuşuq.


- Avropa Oyunlarında səni dəstəkləyən azarkeşlərə nə deyərdin?

- Yarışlarda azarkeşlərin dəstəyi məni çox ruhlandırırdı. Bu dəstək çıxışımın çətin məqamlarında köməyimə çatdı. Bütün azarkeşlərə təşəkkür edirəm. Bu gün də məni dəstəkləyənlərə minnətdarlığımı bildirirəm.

"İdmana valideynlərimin təkidi ilə gəlmişəm”

-Necə oldu ki, idmana gəldin?

- İdmana valideynlərimin təkidi ilə gəlmişəm. Onlar əvvəlcə mənə bu barədə deyəndə düzü, istəmirdim. Sonra gördüm ki, mən elə idman üçün doğulmuşam. Düşünürəm ki, valideynlərin uşaq və gənclərin tərbiyəsində və onların gələcək həyata hazırlanmasında istisna rolu vardır. Çünki ata və analar hər şeyin yaxşısını bilirlər. Bir də demək istəyirəm ki, zorla uşağa nəyi isə sevdirmək olmaz. Sadəcə, onu müəyyən sahəyə istiqamətləndirmək lazımdır. Bu məsələdə zor da tətbiq etmək yaramır.

"Mən gimnastikanı seçdim”

-Gimnastikanı seçməyin də valideynlərinin arzusu idi?

- Mənim iki idman növü arasında seçim etməyim lazım gəlirdi. Onlardan biri gimnastika, digəri isə üzgüçülük idi. Mən gimnastikanı seçdim və seçimimdə yanılmadım.

-Oleq, qarşıda səni hansı yarışlar gözləyir?

-Qarşıdan idman gimnastikası üzrə dünya çempionatı gəlir. Oktyabrın 25-dən noyabrın 1-dək keçiriləcək bu yarışa ciddi hazırlaşırıq. Bütün diqqət və qüvvəmizi dünya çempionatına hazırlığa yönəltmişik. Bu yarış həm də 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından mühüm əhəmiyyətə malikdir. Ciddi hazırlaşıb uğur qazanmağa çalışacağam.

- Məşqçilərin haqqında nə deyə bilərsən?

- Hər bir idmançi kimi mənim də bu mərtəbəyə gəlib çıxmağımda məşqçiləriminin rolu və zəhməti böyükdür. İşimlə əlaqədar valideynlərimdən uzaqdayam, amma məşqçilərim həmişə mənim yanımdadırlar. Fürsətdən istifadə edərək, şəxsi məşqçim Pavlo Netrebaya təşəkkürümü bildirirəm. O həm də buyaxınlarda kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyin edilib.

"Ancaq güclülər qalib gəlir”

- Sənin üçün gimnastikada ən yüksək zirvə nədir?

- Olimpiya Oyunlarının çempionu olmağı çox istəyirəm və inanıram ki, bu titulu qazanacam. İnsan həyata gəldiyi gündən etibarən daim zirvəyə doğru can atır. Amma bu zirvəyə çatmaq hamıya nəsib olmur. Çünki ora gedən yol çətin və məşəqqətlidir. Bu yolu qət etmək insandan gərgin zəhmət, güclü xarakter və səbr tələb edir. Olimpiya çempionluğuna gedən yol da belədir. Bu yolda ancaq və ancaq güclülər qalib gəlir.


- Oleq, Azərbaycan haqqında nə bilirsən?

- Qısa müddət ərzində Bakıda olmağıma baxmayaraq çalışıram ki, Azərbaycan, onun tarixi, mədəniyyəti və incəsənəti barədə müəyyən məlumatları öyrənim. Bura çox xoşuma gəlir, insanlar səmimi və qonaqpərvərdirlər.

- Necə düşünürsən, sənin idmanda qazancın nədir?

- Gənc olmağıma baxmayaraq, idman sayəsində müəyyən uğurlar qazanmışam. Özümə görə karyeram var. Ən əsası, ailəm, işlədiyim kollektiv və cəmiyyət üçün gərəkliyəm.

- Məşqdən sonra asudə vaxtını necə keçirirsən?

- Demək olar ki, boş vaxtım az olur. Günümün çox hissəsini gimnastikaya sərf edirəm, daim məşqlərdə oluram. Hazırda dünya çempionatına hazırlıqla bağlı ümimiyyəylə, boş vaxtımız olmur.

- Kumirin varmı?

- Xeyr, çünki mən heç kimə oxşamaq istəmirəm.

- Hobbin necə?

- Kartinq, bilyard oynamağı çox xoşlayıram.

- Musiqi dinləməkdən xoşun gəlir?

- Əlbəttə, əhval-ruhiyyədən asılı olaraq musiqi parçalarını dinləməkdən zövq alıram.

- Avtomobillərə marağın necə?

- "BMW” və "Mitsubishi” markalı avtomibillərə üstünlük verirəm və sürürəm.

- Səni nəyə isə məcbur etmək asandırmı?

- Ailənin tək uşağıyam və bilirsiniz ki, tək uşaqlar da bir qədər eqoist olurlar. Nə gizlədim, bunu öx xarakterimdə hiss edirəm. Demək olar ki, xasiyyətim tünddür (gülür). Özüm istəməyəndən sonra hansısa işi mənə gördürmək və yaxud nəyi isə tələb etmək qeyri-mümkün bir məsələdir. Bir sözlə, əgər istəmirəmsə, eləməyəcəyəm, vəssalam.

- Ailədən uzaq yaşamaq sənin üçün çətin deyilmi?

- Peşəmlə əlaqədar tez-tez yarışlarda oluram. Demək olar ki, ailəmlə çox nadir hallarda görüşürəm. İndi 21 yaşım var və 14 yaşımdan valideynlərimdən uzaqda yaşayıram və buna artıq öyrəşmişəm.

"İnsanda istək olmalıdır”

- Yaşının az olmasına baxmayaraq idmanda müəyyən uğurlar əldə etmisən. Özünü qəhrəman hesab edirsənmi?

- Əsla, mən özümü qəhraman hesab etmirəm. Mən də hamı kimi adi insanam. Sadəcə, allahın bizə verdiyi imkanlardan düzgün istifadə etmək lazımdır və bir də insanda istək olmalıdır. İmkan və istək bir-birini tamamlayanda mütləq nəticə ürəkaçan olur. Bu həyatda nəyə isə nail olmaq üçün əlinin əlinin üstünə qoymaq yox, çalışmaq lazımdır. Bu, istənilən sahədə belədir.

- Həyatda sevdiyin insanlar çoxdurmu?

- Həyatda sevdiyim insanlar çoxdur. Məni bu həyata gətirən, tərbiyə verən insanları – valideynlərimi sevirəm. Dostlarımı, məşqçimi sevirəm və gələcəkdə həyat yolunda mənimlə birgə addımlayacaq insanı sevirəm.


Səadət Hakıyeva