Eldar Səfərov: “Ölkəmizin ev sahibliyi yarışlarda layiqincə çıxış etməyi qarşıma məqsəd qoymuşdum”

Eldar Səfərov: “Ölkəmizin ev sahibliyi yarışlarda layiqincə çıxış etməyi qarşıma məqsəd qoymuşdum”



Azərbaycanlı gimnast Eldar Səfərov iyunun 12-28-də tarixdə ilk dəfə ölkəmizdə keçirilən I Avropa Oyunlarında komanda hesabında bürünc medala layiq görüldü. Həmyerlimiz "olimpnews.az” saytına müsahibəsində bu uğuru, onu qarşıda gözləyən yarışlar və həyatının bəzi maraqlı məqamlarına toxundu.


- Eldar, necə oldu ki, idmana gəldin?

- Mən idmanla 6 yaşımdan məşğul oluram. Valideynlərimə təşəkkür edirəm ki, məni bu sahəyə cəlb eləyiblər. Uşaqlıqda çox nadinc idim, bir yerdə durmurdum. Ora-bura qaçır, nəsə bir dəcəllik edirdim. Gimnastikaya yazılandan sonra mən həmin enerjini məşqlərə sərf etdim. Yaxşı ki, bu gün idmandayam və müəyyən uğurlar qazanmışam.

- Səni gimnastikaya bağlayan nə oldu?

- Gimnastika bədənə çeviklik, güc verir, insanın gözəl bədən quruluşuna sahib olmasına imkan yaradır. Həmişə kişi və qadın gimnastların qədd-qamətinin gözəlliyinə heyran qalmışam. Bu növ insanda həm də igidlik və nəciblik hissləri aşılayır.

"Güləşi və boksu çox sevirəm”

- Gimnastikadan başqa daha hansı idman növlərinə marağın var?

- Sevimli idman növündən başqa, ənənəvi döyüş növlərindən olan güləşi və boksu çox sevirəm. Güləşçi və boksçularımızın Olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində biri-birinin ardınca qazandığı möhtəşəm qələbələr hər birimizin qəlbini qürur hissi ilə doldurur. Elə buyaxınlarda ölkəmizdə keçirilən I Avropa Oyunlarında da təmsilçilərimiz öz layiqli sözlərini dedilər.

- İyunun 12-28-də Azərbaycan, paytaxt Bakı şəhəri Avropa Oyunlarının məkanına çevrildi. Bu hadisə ilə bağlı bir idmançı kimi sənin təəssüratlarını bilmək maraqlı olardı.

- Artıq Avropa Oyunları geridə qalıb, amma qitə tarixində ilk dəfə keçirilən bu mötəbər yarışın xoş sorağı dillər əzbəridir. Ölkəmiz ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə Avropa idmanı tarixində yeni bir səhifə yazdı. Azərbaycan dünyada idman ölkəsi olduğunu bird aha nümayiş etdirdi. İdmançılarımız gimnastika da daxil olmaqla, proqramda nümayiş etdirilən əksər idman növlərində yüksək nəticələr əldə etdilər. Götürək elə, həmkarım Oleq Stepkonu. O, I Avropa Oyunlarında 5 medal qazanmaqla böyük nailiyyət qazandı.

- Yeri gəlmişkən, Avropa Oyunlarında əldə olunan medallardan biri də sizin komandanın payına düşür. Bu haqda nə deyə bilərsən?

- Digər təmsilçilərimiz kimi mən də bu əhəmiyyətli yarışa məsuliyyətlə hazırlaşırdım. Əlbəttə, əvvəldən də ölkəmizin ev sahibliyi yarışlarda layiqincə çıxış etməyi və komandanı sevindirməyi qarşıma məqsəd qoymuşdum. Şükür ki, yarışlarda mükafarsız qalmadım və komanda hesabında bürünc medala layiq görüldüm.


"Çətin məqamlarda çıxış yolu tapmağı bacarıram”

- Adətən, yarış günündə özünü çox sakit və təmkinli aparırsan. Emosiyalarını cilovlamağı necə bacarırsan?

- Təbiətən çox sakit və təmkinliyəm. Adi həyatda özümü idarə etməyi və çətin məqamlarda çıxış yolu tapmağı bacarıram. Yarışlara gəlincə, özümü təmkinli aparmağımın səbəbi məşq prosesinə ciddi yanaşmağım və hazırlıqlı olmağımdır.

- Eldar, necə düşünürsən, idmanda uğur qazanmaq üçün vacib olan nədir? Məsələn, götürək, elə gimnastikanı.

- Sevdiyin idman növünə maraq olanda çəkilən əziyyət insana xoş gəlir və davam etmək istəyirsən. Digər tərəfdən, inam, səbr və iradə kimi keyfiyyətlərə malik idmançı sonunda mütləq qələbə qazanır. Bir sözlə, hər bir idman növündə güclü iradə və istək mütləq vacibdir. Qarşıya məqsəd qoymaq, yorulmadam məşq etmək və nəhayət qazanmaq istəyi bu sahədə mühüm şərtlərdəndir.

-Peşəkar idmanla məşğul olmaq gimnastlar üçün nə dərəcədə təhlükəlidir?

-Hər bir idman növündə zədə təhlükəsi vardır. Gimnastika da təbii ki, istisna deyil. Lakin növdən asılı olaraq zədələnmə halları müxtəlif cür olur. İdmançı zədə almamaqdan ötrü, ilk növbədə bütün fikrini məşqlərə yönəltməlidir.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

-Bu, heç də asan deyil. Hər gün məşqlərim var. Demək olar ki, gimnastikadan kənar işlərə vaxt qalmır. Çalışıram ki, hərdən valideynlərimə, dostlarıma da vaxt ayıra bilim.

"Valideynlərim bütün yarışlarda mənim yanımdadırlar”

- Valideynlərinə nə demək istəyərdin?

- Atama, anama demək istəyirəm ki, sizin qarşınızda baş əyirəm, əllərinizdən öpürəm. Valideynlərim bütün yarışlarda mənim yanımdadırlar və bu mənə ruh verir.

- Bəs məşqçilərinə?

- Məşqçilər idmançının karyerasında çox mühüm rol oynayırlar. Orta məktəb illərində əlimizdən tutub bizə ilk dəfə "ana” və "vətən” sözlərinin yazdıran və elmin sirlərini öyrədən müəllimlərimiz kimi məşqçilərimizin də bizim yüksək uğurlar qazanmağımızda zəhməti böyükdür. İdmançılara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Gimnastika Federasiyanın rəhbərliyinə, bütün məşqçi heyətinə və idman gimnastikası üzrə məşqçim Rza Əliyevə öz təşəkkürümü bildirirəm.

-Eşitdiyimizə görə, ailənizdə daha bir gimnast yetişir?

-(gülür) Mənim balaca bacım var və o da gimnastikanı çox sevir. Gələcəkdə gimnast olmaq arzusundadır.

"Onların dəstəyi mənim üçün çox vacibdir”

-Tribunadan səni dəstəkləyən azarkeşlərə sözün varmı?

- Hər bir idmançının azarkeş dəstəyinə ehtiyacı vardır. Onlara demək istəyirəm ki, məni dəstəklədiklərinə görə çox sag olsunlar. Onların dəstəyi mənim üçün çox vacibdir.

- Boş vaxtlarında nə edirsən?

- Məşqlərdən demək olar ki, boş vaxt olmur. Demək olar ki, hər gün məşq edirik. Fürsət düşəndə dostlarımla əylənməyə üstünlük verirəm.

- İdmandan başqa, nəyə həvəsin var?

- Bütün oğlanlar kimi mən də futbolu çox sevirəm. İspaniyanın "Barselona” klubuna azarkeşlik edirəm.

- Musiqini və kinonu sevirsənmi?

- Döyüş filmlərinə baxmağı xoşlaylram. Musiqi dinləmək isə mənə zövq verir.

- Şübhəsiz ki, bütün idmançılar kimi sən də Olimpiya çempionu olmaq arzusundasan?

- Dünyanın mötəbər idman yarışlarından olan Olimpiya Oyunlarında iştirak etmək və bu yarışlarda fəxri kürsünün ən yüksək pilləsində dayanmaq hər bir idmançının arzusudur. Düşünürəm ki, idmanda bundan böyük zirvə yoxdur.



Səadət Hakıyeva