Dilqəm Quliyev: “Həyatı xoşbəxt yaşayanda ruh cavan qalır, bədən qocalmır”

Dilqəm Quliyev: “Həyatı xoşbəxt yaşayanda ruh cavan qalır, bədən qocalmır”

Dahilərdən biri deyib ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir. O kitabın müəllifi isə ən etibarlı kapitandır. Bunu yalnız öz ömrünü elmə, insanların maariflənməsinə, illərlə topladığı təcrübəni gələcək nəsillərə çatdıranlara şamil etmək olar. Ölkəmizdə bu cür elm adamlarının sayı yetərincədir. Onların hər biri öz fəaliyyət sahəsində kifayət qədər uğur qazanmış mütəxəssislərdən biridir.
Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra idman sahəsində baş verən sürətli inkişaf, Azərbaycan idmanının tarixi, bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğı Dilqəm Quliyevin qələmə aldığı 100-dən çox kitabda, 300-ə yaxın elmi-pedoqoji və publisistik qəzet məqaləsində öz əksini tapıb. Bu heç də təsadüfi deyil ki, Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 1997, 2005, 2006-cı illərdə "İlin ən yaxşı tədqiqatçı jurnalisti”, 2007, 2008, 2009-cu illərdə isə ən yaxşı "İdman tarixi yazarı” adına layiq görülüb. O, həmçinin Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının, idmanın təbliği üzrə məqalə və kitablarına görə 2008-ci ilin idman laureatı adını alıb.
Dilqəm Quliyev uzun illərdir ki, "Olimpiya dünyası” qəzeti ilə də sıx əməkdaşlıq edir. Oxucularımız onun qəzetimizin səhifələrində çap olunan "Azərbaycan idman tarixində Heydər Əliyev mərhələləri”, "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu”, "Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişaf tarixi” və s. məqalələrini böyük maraqla oxuyublar. Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyevin 65 yaşı tamam olur. Bu yubiley münasibəti ilə Dilqəm müəllimlə görüşüb, onun ömür səhifələrinə birlikdə nəzər saldıq.


- Dilqəm müəllim, bir qədər özünüz barədə, tərcümeyi-halınızdan danışardınız.
- Mən 1950-ci ildə Naxçıvanın Şərur (indiki Kəngərli) rayonunda anadan olmuşam. Orta təhsilimi 1958-1967-ci illərdə Şahtaxtlı kənd orta məktəbində (akademik Zərifə Əliyeva adına orta məktəb) almışam. 1968-ci ildə Culfa rayonunun yol nəqliyyatında fəhlə işləmişəm. 1969-1970-ci illərdə Rusiyanın Lipetski şəhərində hərbi xidmətdə olmuşam. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikumunu bitirmişəm. 1970-ci ildə çoxnövçülük, 1972-ci ildə isə sərbəst güləş üzrə idman ustası adını almışam. 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedoqoji fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Təyinatla həmin institutun "Güləşmə və onun metodikası” kafedrasında baş laborant vəzifəsində fəaliyyətə başlamışam.
1994-cü ildə "Kiçikyaşlı məktəblilərdə və yeniyetmələrdə bədən tərbiyəsi üzrə işin sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1996-cı ildə dosent vəzifəsinə seçilmişəm. Hazırda ADBTİA - nın idman işləri və xarici əlaqələr üzrə prorektoru vəzifəsində çalışıram. ADBTİA-da fəaliyyətimlə yanaşı, 3 dərslik, 24 monoqrafiya, 7 dərs vəsaiti, 7 tədris vəsaiti, 21 metodik vəsait, 10 metodiki göstəriş (1-i ingilis dilində), 3 metodiki tövsiyə, 29 jurnal məqaləsinin müəllifiyəm.
Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Olimpiya Akademiyasının kütləvi idman bölməsinin sədri, ADBTİA-nın "İdmançı” qəzetinin baş redaktoru, Təhsil Nazirliyinin elmi-metodik şurasının üzvü, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsinin tərtibatçısıyam. Azərbaycan Respublikasının əməkdar məşqçisi, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüyəm.

- Dilqəm müəllim, uşaqlıq illəri hamının həyatında silinməz izlər qoyur. Ömrün bu səhifələrində neçə-neçə xoş xatirələr yada düşür. Bəs siz geri qayıdanda həmin illrdən hansı xatirələri yada salardınız?
- Uşaqlıqda arzum tarixçi olmaq idi. Sənədlərimi tarixə sahəsi üzrə versəm də, bu istəyim baş tutmadı. Müsabiqədən keçə bilmədim. Sonra qərara aldım ki, həyatımı idmana həsr edim. Uşaqlıqdan idmanı çox sevmişəm. Tay-tuşlarımla küçədə rastlaşanda, "Gəl, güləşək” deyirdim. Bu məndə alınırdı. Hətta özümdən böyüklərlə qurşaq tutmağa meyilli idim. Ümumiyyətlə güləşə böyük marağım var idi. 7-ci sinifdə oxuyanda bu idman növünə bağlamışam. O vaxtlar yaşıdlarım arasında heç kimə məğlub olmamışdım. İdmana bağlılığım bu gün də, özünü göstərir. Mən özümü gümrah və sağlam hiss edirəm.

- İdmana olan həvəsiniz sizi Bədən Tərbiyəsi və İdman İnstitutuna qəbul olmağa sövq etdi.
- İdmana həvəsim məni bu instituta gətirib çıxardı. İnstituta qəbul olduğum gün həyatımda ən xoşbəxt günlərdən biri yaddaşıma yazılıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdiyimə görə ayrı-ayrı vaxtlarda institutun komsomol təşkilatının katibi, kadrlar şöbəsinin müdiri və institutun baş mühasibi vəzifəsində işləməyimə baxmayaraq, düz 11 il baş laborant kimi çalışdım. Mən o vaxtlar fəaliyyət göstərən inşaat dəstələri ilə də işləyir, tələbələrlə birgə bölgələrə gedirdim. Ömrümün 15 ilini tələbə-inşaat dəstələri ilə ayrı-ayrı yerlərdə keçirmişəm. Qarabağda, xüsusilə döyüş bölgələrində də çox olmuşuq. Biz 25 nəfər tələbə ilə öz doğma yurdundan didərgin düşən soydaşlarımıza yardım məqsədi ilə gecə-gündüz işləyirdik, yaşayış evləri tikirdik. Yadıma gəlir, Bərdədə evlərin inşasından əmək haqqı kimi 30 min manat pul qazanmışdıq və onun hamısını həmin insanlar üçün ayrılan fonda təhvil verdik. Biz həm də Bakıda müxtəlif xəstəxanalarda yerləşdirilən xəstə və yaralılara da maddi yardım göstərirdik.

- Həyat sizə nə verib? Uğurlarınızla kifayətlənirsinizmi?
- Həyatda hər şey ürəyimcə olub. Əldə etdiyim uğurlar məni daha iddialı edib. Məqsədimə çatmaq üçün hər bir çətinliyə sinə gərmişəm. Uğurdan güc alıb, uğursuzluğa təslim olmamışam. Hərdən özümdən narazı olduğum vaxtlarım da olur. Düşünürəm ki, çox işin öhdəsindən gələ bilərəm. Amma...

- Çətin anlardan sıxılan vaxtlarda çıxış yolunu nədən tapırısız?
- Bakıya oxumağa gələndə cavan, təcrübəsiz idim. Həyatın sınağ məngənəsi çox sıxırdı. Lakin qısa zaman ərzində ətrafıma toplanan insanlar mənə dayaq oldular. Hiss etdim ki, məngənədə yalnız aciz və tək insanlar sıxılır. Mənə dayaq verən insanlardan biri də hörmətli rektorumuz Ağacan Abıyev oldu. O, sədaqətli dost və mehriban insandır. Ağacan müəllimin köməyi ilə qarşıya çıxan çətinliklərin öhdəsindən gələ bildim. Onun qayğısı nəticəsində 11 illik laborantlıqdan sonra institutda müəllim işləməyə başladım. Mənə kömək, dayaq olan bütün insanlara və xüsusilə Ağacan müəllimə borcluyam. Mənim həyatımda onların yeri dəyişməzdir.

- Siz həm də jurnalist və yazar kimi tanınırsınız. Jurnalistika sahəsində bir sıra uğurlarınız var. Qələm nə vaxtdan düşüncələri ağ vərəqə köçürməyə başladı?
- Tələbə vaxtı üçüncü kursda pedaqoji təcrübə keçərkən dərsin gedişatını əvvəldən axıra kimi yazdım. Yaxşı yadımdadır, fəlsəfə dərsi idi. Fəlsəfədən mərhum Vəkil müəllim dərs deyirdi. Zəng vurulanda tənəffüsə kimi dərsdə nə baş vermişdisə, hamısını dəftərə köçürdüm. Sonra yazdıqlarımı bir-bir oxudum. Vəkil müəllim birdən mənə yaxınlaşdı və dəftəri əlimdən aldı. Yəqin fikirləşdi ki, kiməsə sevgi məktubu yazmışam. Dərs qutarandan sonra yazdıqlarımı da götürüb kafedraya getdi. Mən müəllimə başa salmağa çalışdım ki, məqsədim onun dərsinə nəzarət etmək yox, tamam başqadır. Hiss edirdim ki, yazmaq həvəsim mənə kömək olacaq. Tədricən cızma-qaralarım daha peşəkar hal aldı. Daha da təkmilləşdi. İndi elmi fəaliyyətimlə, idman tarixi ilə bağlı nəsə yazmasam rahat olmuram. Beynimdə çox fikirlər var. Ömür qısa olsa da, düşüncələr hədsizdir. Çalışıb, hər məqamı dəyərləndirməyə çalışmalısan. Yazılanlar isə bir tarix, bir etibarlı mənbədir.

- Bu müddət ərzində idman sahəsinə dair dəyərli elmi-publisistik məqalələrin, tədqiqatçı alim və jurnalist kimi bir sıra kiatbların müəllifi olmusunuz.
- İdman akademiyasında tələbələr üçün bədən tərbiyəsi və müxtəlif idman növlərinin tarixinə, taktika və texnikasına istinad edərək dərsliklər hazırlayıram. Bununla bağlı tədqiqatlara uyğun elmi-pedoqoji ədəbiyyatlar araşdırmış, bu və ya digər mövzularda "Şəhid idmançılar” (1995), "XX əsrin qan yaddaşı” (1998), "Azərbaycan ulduzları Olimpiya Oyunlarında” (1996), "Bədən tərbiyəsi və idmana dövlət qayğısı” (2001) və başqa kitabları xalqımızın ümummilli lideri Heydər Əliyevə, "Azərbaycanda cüdo” (2002), "Azərbaycan idmanının dünəni və bu günü” (2003), "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007) və başqa kitabları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şəxsən təqdim etmişəm, milli güləşin ölkəmizdə ənənələrini dirçəltmək, milli xalq oyunlarının əhali arasında daha geniş miqyasda yayılmasına nail olmaq üçün radio, televiziya və mətbuatda çıxışlarımda və yazılarımda bu sahənin təbliğinə xüsusi diqqət yetirirəm. Bu məqsədlə "Milli güləş” adlı dərslik hazırlamışam. Dərslik 2003-cü ildə çapdan çıxıb.
Müəllifi olduğum "Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi”, "Bədən tərbiyəsi və idman tarixi” dərsliklərindən orta, orta ixtisas və ali məktəblərdə istifadə etmək olar. "Ailədə uşaqların fiziki tərbiyəsi”, "Çətin tərbiyə olunan uşaqların bədən tərbiyəsi və idmana marağın tərbiyə edilməsində məktəb, ailə və ictimaiyyətin əlbir işi”, "Məktəbəqədər yaşlı uşaqların həyatında bədən tərbiyəsi”, "Güləşlə məşğul olanlara yarış qaydalarının öyrədilməsi yolları”, "Azərbaycan idmançılarının hərbi vətənpərvərlik tərbiyəsinin pedoqoji əsasları” və s. kitab və metodik vəsaitlərdə Azərbaycan idmanının təbliği, gələcəyimiz olan gənc nəsildə bədən tərbiyəsi və idmana marağın tərbiyə edilməsi ön plana çəkilib.
"Şair qəlbli qəhrəman”, "Tələsmə könlüm” adlı elmi məqalələrim rus bölməsi üzrə məktəblər üçün nəzərdə tutulmuş dərsliklərdə çap olunub. Müəllifi olduğum "Azərbaycanın ustad pəhləvanları”, "İdman və Olimpiya Hərəkatında İlham Əliyevin rolu”, "Azərbaycanda idmanın dünəni və bu günü”, "Helsinkidən başlanan yol”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitablarım Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyat siyahısına salınıb.

- Siz həm də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə həsr etdiyiniz geniş əsərlərin müəllifisiniz. Bu sahədə daha hansı işlər görmüsünüz?
- Bu gün görülən işlər, həyata keçirilən tədbirlər üçün sağlam, cəsarətli, vətənpərvər oğulların tərbiyə edilməsi böyük əhəmiyyətə malikdir. Müəllimlərimiz auditoriyalarda vətənpərvərliklə bağlı mühazirələr oxumaqla kifayətlənməməlidirlər. Onlar özləri də vətənpərvərlik nümunəsi göstərməlidirlər. Gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı yazdığım əsərlər, monoqrafiya və məqalələrdə çalışmışam ki, gənclərimizə vətənə məhəbbət ruhunu aşılayım. "Tələbə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi”, "XX əsrin qan yaddaşı”, "Tələbə gənclərin vətənpərvərlik və hərbi fiziki tərbiyəsinin təşkili”, "Şəhid idmançılar”, "İlqar İsmayılovun şəhidlik zirvəsi-50”, "Xocalı sağalmaz yaram mənim, Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım (Etibar və Aytən Quliyevlərin müəlliflikləri ilə birlikdə)” və başqa kitablar və monoqrafiyalar həm də Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yazılıb. Həmin kitablara görə general Həzi Aslanov adına fəxri diplom (1995) və "Nailiyyət” (1995) mükafatı ilə təltif olunmuşam.
Milli qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün fotostendlərin hazırlanmasına və xatirə turnirlərinin keçirilməsinə, milli qəhrəmanlarla görüşlərin təşkilində və başqa tədbirlərin keçirilməsində fəal iştirak etmişəm. Ermənistanda öz dədə-baba yurdunu tərk edib gəlmiş soydaşlarımıza kömək məqsədilə 1989-cu ildə rəhbərliyim altında 25 tələbədən ibarət yaradılan dəstə Bərdə rayonunda təmənnasız olaraq işləmiş və əldə edilən vəsait (30 min rubl) köçkünlərin hesabına köçürülmüşdür. 1990-1992-ci illərdə rəhbərliyim altında bir qrup tələbə üç ay ərzində Bərdə, Şuşa, Ağdam, Xocalı və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə kömək ediblər.

- Dilqəm müəllim, xaricdə çap olunmuş məqalələriniz barədə nə deyə bilərsiniz?
- Bədən tərbiyəsi və idman haqqında, ölkəmizdə idmanın inkişafı, tarixi və s. barədə Türkiyə, Yunanıstan, Rusiya, Bolqarıstan, Polşa və digər ölkələrin nüfuzlu jurnallarında bir sıra məqalələrim çap olunub. "Bədən tərbiyəsi və şagirdlərin asudə vaxtı” ("Narodnoe obrazovanie” jurnalı), "Uşaq və yeniyetmələrin gündəlik məişətinə bədən tərbiyəsi və idmanın daxil edilməsində məktəb, ailə və ictimai təşkilatların qarşılıqlı əlaqəsinin sosial-pedoqoji prinsipləri” (rus dilində), "Əhali arasında kütləvi sağlamlıq və bədən tərbiyəsi işlərinin əsasları” (ümumittifaq elmi praktiki konfransının tezisləri Tallin 22-25.IV.1986), "About the History of the scientific Researches Development of Azerbaijan State Academy of Physical Cultute and Sport” (ingilis dilində, Yunanıstan, Afina şəhəri, elmi-praktik jurnal, dekabr, 2009), "The Development of the physical culture and sport between the women in 1920-1990 years in Azerbaijan” (1970-1982) ingilis dilində), "De histoire du developement du sport et de la culture physque en Azerbaijan” (les Annees, 1991-2003, fransız dilində, Polşa), Azərbaycanın Spor Tarihində Haydar Aliyev Aşaması (türk dilində) və s. məqalələrimdə idman sahəsi, ölkəmizdə idmanın inkişaf tarixi və s. geniş məlumatlar öz əksini tapıb.

- İdmandan kənarda qalmayan, yarışlarda və tədbirlərdə yaxından iştirak edirsiniz.
- 2003-cü ildən atletika ilə məşğul olmağa başlamışam. Bu idman növü üzrə beynəlxalq arenalarda ilk nailiyyətlərimi 2005-ci ildən qazanmışam. 2005-ci ildə Bakıda Zəhmətkeşlərin Beynəlxalq İdman Oyunlarında (9 ölkə arasında 1145 atlet) veteranlar arasında (50-60 yaş), (100 m. 14.80; 800 m. 3.21.51; yerindən uzununa tullanma 2.17) birinci yeri tutmuşam. Dəfələrlə atletika üzrə veteranlar arasında keçirilən paytaxt, respublika çempionatlarında, xatirə turnirlərində birinci yerlərə sahib olmuşam.

- Dilqəm müəllim, doğrusunu desək, sizə 65 yaş verməzdik. Uzun müddət sizi tanıdığım üçün, bilirəm ki, aktiv və həyata müsbət baxışlı insansınız. Gümrah olmağınız ilk baxışdan sezilir. Bunu təkcə idmanla əlaqələndirirsiniz?
- Mən daim hərəkətdə olmağı sevən bir insanam. Piyada gəzməyi xoşlayıram. Lazım olanda ictimai nəqliyyatdan istifadə edirəm. Ümumiyyətlə, təmiz havada çox oluram. Səhər saat 6-da yuxudan dururam. Səhərlər mütləq qaçıram. Məncə, insanı cavan, gümrah saxlayan onun ürəyinin saflığı, təmizliyidir. İnsan ürəyi xoş hisslərlə dolu olanda paxıllığa yer qalmır. Həyatı xoşbəxt yaşayanda ruh cavan qalır, bədən qocalmır. Ən əsası yaşamağın necə gözəl olduğunu anlayırsan.

- Həyat hər məqamında gözəldir. Xüsusilə, onu hər məqamında mənalı yaşayanda. Dilqəm müəllim, istirahətinizi necə təmin edirsiniz. Nədən zövq alırsınız?
- Mən təbiəti çox sevirəm. Ondan ilham alıram. Ovçuluqla məşğul oluram. Boş vaxtlarımda balıq tuturam, ova gedirəm. Təbiətin gözəlliyinə məftunam. Qeyd edim ki, ilin bütün fəsillərində təbiətin qoynunda dincəlməyi və ov etməyi hər şeydən üstün tuturam. Belə anlarda mənəvi cəhətdən sakitlik tapıram. Onu da qeyd edim ki, ova gedirəmsə, əliboş qayıtmıram (gülür). Musiqidən daha çox zövq alıram. Saz havalarını sevirəm. İş otağımda iki sazım var. Biri milli, digəri türk sazıdır. Hər iki sazda aşıq havalarını ifa edirəm. İş vaxtından sonra aşıq dostlarımla saz-söz məclisi qurub, musiqi ilə dincəlirik.

- Ən yaxın dostunuz kimdir?
- Mən nəvəm Ayanı özümə ən yaxın sirdaş və dost seçmişəm. O mənim etibarlı və sadiq dostumdur.

- 65 il ərzində təqvimdə ən yaddaqalan gün hansı olub?
- Bu müddət ərzində təqvimin hər bir günü özünəməxsus hadisələrlə yadda qalıb. Amma bu sualı mənə verəndə, düşünmədən deyirəm ki, oğlumun doğulduğu gün.

- Dilqəm müəllim, bir müddət əvvəl Azərbaycan tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Həmin anlar yaddaşınızda necə qaldı?
- Azərbaycan idmanı daimi yüksəlişdədir və müstəqillik illərində böyük inkişaf yolu keçib. Perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Avropa Oyunları isə Azərbaycanın qüdrətini, gücünü nümayiş etdirdi. Bu idman bayramı hər kəsdə ruh yüksəkliyi yaratdı. Təmsilçilərimiz 56 medalla ikinci pilləni tutdular. 50 dövlət arasında ikinci yeri qazanmaq 24 yaşlı bir ölkə üçün, əlbəttə böyük uğurdur. Bu fakt bir daha sübut etmiş oldu ki, Azərbaycanda idman sahəsinə və idmançılara qayğı və diqqət dövlət siyasətinin prioritetidir. Eyni zamanda, Azərbaycanda bu yarışlarda 21 dəfə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşa bildi. Qızıl medal qazanan idmançılarımızın Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tərəfindən mükafatlandırılması atletlərimizə əlavə stimul verirdi. I Avropa Oyunları ölkəmizin qüdrətini, inamını daha da artırdı.

Anar Əhmədov

P.S. Avqustun 6-da ADBTİA-nın prorektoru, professor, tədqiqatçı alim və jurnalist Dilqəm Quliyevin 65 yaşı tamam oldu. Dilqəm müəllimi bu yubileyi münasibətilə ölkəmizin idman ictimaiyyəti, çoxsaylı oxucularımız və "Olimpiya dünyası” qəzetinin kollektivi adından təbrik edir, ona cansağlığı, uzun ömür və səmərəli yaradıcılıq fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.