Ölkəmizdə keçirilən I Avropa Oyunları artıq tarixə qovuşdu. Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etməklə öz gücünü dünyaya bir daha nümayiş etdirdi. İdmançılarımızın yüksək səviyyəli çıxışı isə Oyunları əsl bayrama çevirdi. Azərbaycana I Avropa Oyunlarının ilk qızıl medalını karateçimiz Firdovsi Fərzəliyev qazandırdı. Bu uğuru ilə idmançımız adını nəinki Azərbaycan, eləcə də, Avropa idmanı tarixinə yazdırdı. Bugünlərdə karateçimizlə görüşərək onun yarışlara hazırlıq prosesi, Oyunlarda iştirakı, əldə etdiyi uğurlar barədə söhbət etdik. Maraqlı müsahibəni oxucularımıza təqdim edirik.
- Söhbətimizə idmana gəlişindən başlayaq. Necə oldu karate ilə məşğul olmaq qərarına gəldin?
- 1993-cü il iyulun 10-da Bakıda anadan olmuşam. Bakının Ceyranbatan qəsəbəsində doğulub, böyüyüb boya-başa çatmışam. İdmanla 6 yaşından məşğul oluram. Karateyə sinif yoldaşımın sayəsində gəlmişəm. Məhlədə uşaqlar tez-tez deyərdi ki, qonşuluqda karate üzrə məşqlər keçirilir. Bir gün mən də məşqlərə baxmağa getdim. Onlara tamaşa edərkən, düzü, daxilimdə məşq edənlərə yaxşı mənada paxıllığım tutdu (gülür). Evə gələrək valideynlərimə dedim ki, karate ilə müşğul olmaq istəyirəm. 1999-cu ildən indiyədək bu idman növünün sirlərinə yiyələnirəm. İlk məşqçim Eldar Hacızadə olub. O, Sumqayt şəhərində yaşayır. Hazırda məşqçim yığma komandanın baş məşqçisi Rəhman Hətəmovdur. Məşqçilərimin mənim üzərimdə böyük zəhməti var. Rəhman müəllim mənə çox köməklik göstərib. Yarışa hazırlıq dövründə əlavə vaxtlarda da məşqlərimə köməklik göstərib. Buna görə məşqçilərimə dərin minnətdarlığımı bildirmək istəyirəm.
- Ailənizdə idmana maraq var idimi?
- İdmana ən çox atamın marağı var. Düzü, ailəmizdə mənim idmanla məşğul olmağıma əvvəlcə etiraz edirdilər. 3 qardaş 1 bacıyıq. Bacım ibtidai sinif müəlliməsidir. Böyük qardaşım Azərbaycan Memarlıq və İnşaat İnstitutunu bitirib.
- Nəyə görə evdən karate ilə məşğul olmağına etiraz edirdilər?
- Böyük qardaşım musiqiyə həvəsi çox idi. Qarmon dərslərinə gedirdi. O biri qardaşım isə nağarada ifa edirdi. Onlar istəyirdilər ki, məndə tarda ifa edim və bir musiqi ansamblı yaradaq. Amma mənim musiqiyə bir o qədər də həvəsim yox idi. İndi qardaşlarım tamamilə fərqli sahədə çalışırlar. Həm də uşaqlıqda çox cılız idim. Valideynlərim deyirdilər ki, idmanda əzilərəm. Atam zarafatla deyərdi ki, soğanlı yeməklər yemirsən, səndən idmançı olmaz. Hətta məni məşqdən çıxarmaq istəyirdilər. Bir dəfə məşqçim Eldar müəllim evə gələrək istedadlı olduğumu deyərək, mənim idmanda qalmağımı valideynlərimdən xahiş etmişdi. Sonradan elə oldu ki, idmana bağlandım və bu sahədə uğurlar qazandım. Şükürlər olsun ki, idmanı atmamışam.
- İdmanda uğurların çox olub?
- Uzun illər karate ilə məşğul olsam da, 2009-cu ilədək ölkə çempionu adını qazana bilmirdim. İkinci və üçüncü olsam da, 9 il ölkə çempionu ola bilmədim. 2009-cu ildə bu "tilsimi” qıraraq birinci oldum. 2010-cu ildə də ölkə çempionatında birinci yeri tutdum. 2011-ci ildə hərbi xidmətə yollandım. 2013-də hərbi xidmətdən qayıtdım. İl yarım idi ki, məşq etmirdim. Formaya düşmək üçün ciddi məşqlərə başladım. Sonra yenidən yığma komandanın bir nömrəli idmançısı kimi özümü təsdiqlədim. Sonradan Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə uğurlar qazandım. Qətərdə və Hollandiyada keçirilən yarışlarda mükafaftalayiq yerlər tutdum. Yarışlarda neçənci olmağımdan asılı olmayaraq, bu mənim üçün böyük təcrübə idi.
- I Avropa Oyunlarına hazırlıq prosesini necə keçmişdin?
- Keçən ilin noyabrında Almaniyanın Bremen şəhərində keçirilən dünya çempionatından sonra yoxlama yarışı keçirildi. Mən həmin yarışda birinci oldum. Sonra dünya çempionatına yollandım. Dünya çempionatında medal qazana bilməsəm də, bu mənim üçün böyük təcrübə oldu. Yeni ildən məşqlərimiz daha da intensivləşdi. Döyüşlərdə birinci olduğumu sübut etdim və Avropa Oyunlarında ölkəmizi təmsil etmək hüququ qazandım.
- Yarışqabağı sənə ən çox kim dəstək olurdu?
- Məşqçilərimlə yanaşı mənə ən çox komandamızın lideri Rafael Ağayev dəstək olurdu. Yarışa 6 ay qalmış Rafaellə birgə məşqlər etdim. Onunla Bakıda birgə kirayədə qalırdıq. Evim çox uzaq olduğu üçün Rafael mənə şəhərdə qalmağı məsləhət gördü. Məşqlərə çatmaq üçün iki saat əvvəldən evdən çıxmalı olur, neçə marşrut dəyişirdim. Gündə iki məşq olanda vaxtımın böyük hissəsini yollarda itirirdim. Avropa Oyunlarına bir ay qalmış, demək olar ki, evə getmirdim. Məqsədim Avropa Oyunlarında qalib gəlmək idi. Mənə göstərdiyi maddi və mənəvi dəstəyə görə Rafael Ağayevə minnətdarlığımı bildirirəm.
- Karatenin Avropa Oyunlarının proqramına salınması xəbərini necə qarşılamışdın?
- Karate qeyri-Olimpiya idman növü olsa da, dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Bu növün Avropa Oyunlarının proqramına salınması elə bu diqqətin nəticəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdaram ki, karatenin proqramma salınmasına dəstək verdi. Qeyd edim ki, bu yarışlardan sonra karateyə axın daha da çoxalacaq.
- Avropa Oyunlarının ilk qızıl medalçısı adını qazananda hansı hissləri keçirdin?
- Avropa Oyunlarında ilk medal qazanan azərbaycanlı idmançı İlahə Qasımova oldu. Ölkəmizə ilk qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm. Həmin vaxt keçirdiyim hissləri sözlərlə ifadə etmək qeyri-mümkündür. Qalib olanda etdiyim hərəkətləri belə xatırlamıram. Sonra öz-özümə baxıb deyirdim ki, bu mənəm? Mənə mükafatı ölkə başçısı təqdim etdi. Bu, mənim üçün böyük şərəfdir. İndi hər şey mənə yuxu kimi gəlir. İyunun 29-da keçirilən görüşdə qızıl medalçılara cənab Prezident tərəfindən "Şöhrət” ordeni, gümüş və bürünc medalçılara "Tərəqqi” medalı təqdim edildi.
Gənc yaşda belə bir mükafat qazanacağımı ağlıma belə gətirmirdim. Bu, mənim üçün gözlənilməz hədiyyə oldu. İndi üzərimdə böyük məsuliyyət hissi var. Qarşıdakı yarışlarda daha böyük nəticələr əldə etməliyəm.
- Bir qədər səni bu uğura aparan yoldan danışaq. Avropa Oyunlarında çıxışlarını necə xatırlayırsan?
- Mənim üçün ən çətin görüş yarımfinal qarşılaşması oldu. Rəqibimə 4:3 hesabı ilə uduzurdum. Makedoniyalı rəqibiminə cərimə xalı ilə qalib gəldim. İlk döyüşüm İspaniyadan olan Avropa çempionu ilə oldu. İkinci döyüşü italiyalı rəqibimə qarşı keçirdim. Avropa çempionatında bu rəqibə uduzmuşdum. Burada onu qrupda 4:2 və finalda 4:0 hesabı ilə məğlub etdim. Üçüncü döyüşdə albaniyalı rəqibimi 6:0 hesabı ilə uddum. Çətin döyüşlər keçsəm də, Allahın köməkliyi ilə qalib gəldim.
- Qələbə qazanmağında əsas hansı keyfiyyət rol oynadı?
- Fiziki hazırlığım daha yüksək oldu. Ayaq əzələlərim zəif olanda istədiyim döyüşü qura bilmirdim. Döyüşün əvvəlinə templə başlasam da, sonadək dözmürdüm. Belə olanda rəqiblərim üçün daha asan olurdu və onlar üstünlüyü ələ alırdılar.
- Yarışlara psixoloji cəhətdən necə hazırlamışdın?
- Hələ əsgərliyə yola düşməzdən əvvəl Avropa Oyunlarının keçiriləcəyini bilirdim. Amma karatenin proqramda yer alması hələ dəqiqləşməmişdi. Karatenin proqrama daxil olduğunu biləndə qəlbimdən belə bir hiss keçdi ki, bu yarışda iştirak edib qalib ola bilərəm. Bu daxili hiss yarışadək məni müşayiət etdi. Düzdür, hazırlıq prosesində çətinliklər çox oldu. Amma özümə inanırdım. Tanrıya şükürlər olsun ki, Avropa Oyunlarında çempionluq mənə nəsib oldu.
- Avropa Oyunlarında sənə verilən pul mükafatını hara xərcləməyi düşünürsən?
- O barədə heç düşünməmişəm. Kasıb bir oğlan üçün o məbləği xərcləmək elə də asan deyil (gülür). Ağılla hərəkət etmək lazımdır ki, sonra peşman olmayım. Yəqin ki, gələcək karyeram üçün sərf edəcəyəm. İdmanda daha böyük nəticələr qazanmaq istəyirəm.
- Sənin üçün örnək olan idmançı varmı?
- Karatenin "brilyantı” adını qazanan Rafael Ağayev mənim üçün nümunədir. Yarışqabağı Rafael kimi peşəkar idmançı ilə bir yerdə olmaq mənim üçün böyük şərəf hissi idi. Hətta xarici ölklərədən belə insanlar var ki, Rafaellə görüşməyə can atırlar. Rafaellə dostluq münasibətlərimiz var. Arzulayıram ki, dosttluq münasibətlərimiz uzunömürlü olsun.
- Nə üçün məhz Rafael səninlə məşq etməyə üstünlük verdi? Bəlkə bu sənin məsuliyyətli idmançı olmağından irəli gəlirdi?
- Rafael də idmanda mənim kimi çətin yol keçib. O da uzaqda yaşayıb və hər gün məşqlərə çətinliklə gəlib. Məncə o məndə necə deyərlər özünü gördü və mənə dəstək olmaq qərarına gəldi. Əsl idmançı məncə belə olmalıdır. Öz biliklərini gənclərə ötürməli, onlarla paylaşmalıdır.
- İdman elə bir sahədir ki, burada rəqabət hissi mütləq olur. Səndə hər hansı idmançıya həsəd aparmısanmı?
- Bizim yığma komanda bir ailə kimidir. Bu ailənin böyük qardaşı baş məşqçi Rəhman Hətəmovdur. Biz-birimizə daim dəstək oluruq və bir-birimizə qarşı paxıllıq hissi keçirmirik. İstəyirik ki, bir-birimizə xeyrimiz dəysin. Hər birimizin amalı, məqsədi bayrağımızı qaldırmaq, himnimizi səsləndirməkdir.
- Federasiya rəhbərliyi tərəfindən hazırlıq üçün hansı şərait yaradılmışdı?
- Yanvar ayından gərgin məşqlər keçirdik. "Şəfa” stadionunda təlim-məşqlərimiz oldu. Bəzən oradakı təlim-məşq bazasında qalırdıq. Qəbələ şəhərində də məşq prosesi keçdik. Gündə iki dəfə fiziki məşqlər edirdik. Bundan əlavə, texniki məşqlərimiz də olurdu. Komandadakı inkişafın nəticəsidir ki, karateçilərimiz Avropa Oyunlarında öz sözlərini dedilər. Azərbaycan Milli Karate Federasiyası tərəfindən hərtərəfli şərait yaradılmışdı. Federasiya rəhbərliyi çox istəyirdi ki, biz nəticə qazanaq. Buna görə də əlindən gələn köməyi əsirgəmirdi.
- Bəs qızıl medalını evdə necə qarşıladılar?
- Evə yarış gününün axşamı gecə 3-də çatdım. Həmin gün çəkilişlər çox olduğundan evə gec getməli olduq. Rafael Ağayevlə birlikdə ev gedirdik. Əvvəlcə Rafael Ağayevin dostları 20 Yanvar metrosu qarşısında bizi təntənə ilə qarşıladılar. Sonra məhəlləmizdə siqnal səsləri ilə bizi evədək müşayiət etdilər. Qonşularımız bizim səsimizə ayıldılar və hamısı məni təbrik etdi. Bu dəstəyə görə onlara da öz minətdarlığımı bildirirəm. Valideynlərimin, qonşularımın, hər kəsin gözündə sevinc hislərini görürdüm. Həmin anlar mənim üçün hər şeydən qiymətlidir.
- Avropa Oyunlarından sonra həyatında bir boşluq yaranmayıb ki?
- Xeyr. Hər kəs yenə də mənə qarşı gözəl münasibət bəsləyir. Sevinirəm, fəxr edirəm ki, Avropa Oyunlarının çempionu adını qazana bilmişəm. Yaşadığım Ceyranbatan qəsəbəsinin sakinləri mənimlə fəxr edir. Bu mənim üçün böyük fəxrdir.
- Karate idman növü digər idman növlərindən nə ilə fərqlənir?
- Bu fəlsəfi idman növüdür. Hər idman növünün fərqliliyi var. Bu idmana təsadüfən gəlmişəm. Yəni seçim imkanım olmayıb.
- Belə bir seçim imkanın olsaydı karateni. Olimpiya növünə dəyişərdinmi?
- Xeyr. Karateyə ürəkdən bağlıyam.
- Necə düşünürsən, yaxşı karateçidə hansı keyfiyyətlər olmalıdır?
- İlk növbədə ağıllı olmalıdır. Məncə, bu hər idmanda lazımdır. Əgər karateçinin ağlı itidirsə, deməli ondan yaxşı idmançı yetişəcək. Fiziki keyfiyyətlərə gəlincə, karateçi sürətli olmalıdır. Əl və ayaq hərəkətlərinin cəldliyinə diqqət yetirməlidir.
- Qeyd etdin ki, sənin üçün örnək olan idmançı Rafael Ağayevdir. Onun döyüş üslubu nə ilə sənin diqqətini çəkib?
- Rafael Ağayev çox ağıllı idmançıdır. Tez düşünmə qabiliyyətinə malikdir. Bir saniyə ərzində o çox şey düşünə bilir. Bundan əlavə zəhmətkeş idmançıdır. Ola bilər ki, kənardan onun idmanda çəkdiyi zəhmət o qədər də görsənmir. Amma biz və məşqçilər bunu yaxşı görürük. Həmişə məşqdən sonra qalır və digərlərindən artıq məşq edir. Uşaqlıqda ona baxır və tanınmış bir karateçi kimi onunla fəxr edirdim. Sevinirəm ki, indii onunla birgə məşq etmək imkanı qazanmışam.
- Rafael Ağayevdən nə öyrənmisən?
- Mən ondan əzmkarlığı öyrənmişəm. Hər hansı bir işin dalınca gedirsənsə, ona nail olmalısan. Rafael, həqiqətən də, məqsədyönlü insandır. 2 saat məşq etməyi qarşısına məqsəd qoyubsa, o qədər də edir. Görəndə ki, yorğunluq yoxdur əlavə məşqlərə üstünlük verir. Amma iki saat məşq etməyi məqsəd qoyubsa heç vaxt az məşq etməz. Belə məsuliyyət hissi hər bir idmançıda olmalıdır.
- Qarşıdakı planlar nədən ibarətdir?
- Bərpa prosesi keçdi. Yenidən məşqlərə başlamışam. Ən böyük arzum dünya və Avropa çempionu adını qazanmaqdır. İslam Həmrəyliyi Oyunlarının proqramında karate idman növü var. Həmin yarışda da uğurlu nəticə qazanmaq istərdim. İndiyədək Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Niyazi Əliyev kimi karateçilərimiz İslam Həmrəyliyi Oyunlarında uğurlar qazanıblar. Avropa Oyunlarındakı qələbəmi unutmalı, yeni uğurlar barədə düşünməliyəm. Peşəkar idmançı arxayınçılığa yol verməməlidir. Mən adımı idman tarixinə yazdırdım. Amma bütün bunlar geridə qaldı. Yeni uğurlar qazanmaq üçün gələcəyə baxmalıyam.
- Boş vaxtlarını necə keçirirsən?
- Allaha ibadət edir, namaz qılıram. Dostlarımla vaxt keçirirəm. Onlarla görüşəndə o qədər deyib gülürük ki, bütün stress və həyəcanımız çıxır. Ən yaxın dostlarım Elvin Əli, Tərlan Ülfətdir. Onlar məni Avropa Oyunları zamanı çox dəstəklədilər.
Aysel Sultanova