Velosipedçimiz növbəti lisenziya xalı qazandı

Velosipedçimiz növbəti lisenziya xalı qazandı


Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku” növbəti Avropa turunda mübarizə aparıb. Velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürən və Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük "Klassik Xorvatiya-Sloveniya” yarışında iştirak ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku” üzvlərindən Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi, demək olar ki, eyni vaxtda keçsələr də (4 saat, 5 dəqiqə, 6 saniyə), fotofinişə əsasən yarışın qalibi Sloveniyanın "Adria Mobil” komandasının üzvü Marko Kumpla olub.
Velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdur - 7-ci yer. Bu, təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksim Averin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların sayını 148-ə çatdırıb.