“Uğurlu nəticələrin qazanılmasında azərbaycanlı mütəxəssislərin rolu danılmazdır”

“Uğurlu nəticələrin qazanılmasında azərbaycanlı mütəxəssislərin rolu danılmazdır”



Bu gün vətəndən kənarda yaşayan, lakin ürəyi Azərbaycanla döyünən mütəxəssislərimiz az deyil. Onların hər biri ölkəmizi sərhədlərimizdən kənarda layiqincə təmsil edir. Onlardan biri də Üzeyir Hacıyevdir. Xatırladaq ki, Türkiyənin Amasya-Merzifon vilayətində yaşayan həmyerlimiz bu ölkənin ağırlıqqaldırma üzrə gənclər və yeniyetmələrdən ibarət yığma komandasının məşqçisidir.
Türkiyəli idmançıların azərbaycanlı mütəxəssisin rəhbərliyi altında çıxış etməsi bizim uğurumuzdur. Hər il olduğu kimi, Üzeyir müəllim bu dəfə də Bakıya gələndə "Olimpiya dünyası” qəzetinin qonağı olub. Onunla redaksiyamızda görüşüb, söhbət etdik.

- Üzeyir müəllim, Türkiyədəki fəaliyyətiniz necə davam edir? Əvvəlki kimi idmançılar yetişdirə bilirsinizmi?

- Bir mütəxəssis kimi qeyd etməliyəm ki, orada işləri tam səhmanla aparıram. Hər il yetirmələrim Türkiyənin müxtəlif yaş üzrə keçirilən yarışlarında mükafatalayiq nəticələr əldə edirlər. Necə deyərlər, hər şey düz xətlə gedir. Qeyd edim ki, bu ilin yanvar ayından etibarən pensiyaya çıxmışam. Lakin buna baxmayaraq, əvvəlkindən də həvəslə işləyirəm. Çünki bu, mənim işimdir. Mən işimə görə cavabdehəm. İstəyirəm ki, bir məşqçi kimi bu idman növündə daha böyük nailiyyətlər əldə edim. Həmin nailiyyətlər isə yetirmələrimin medallarıdır.

- Ötən səfərinizdən bəri Azərbaycanda mühüm idman hadisələri baş verdi, xüsusilə I Avropa Oyunları. Həmin vaxt bu mötəbər hadisəni Türkiyədə izləyirdiniz. Sizə necə təsir bağışladı?

- Hər bir azərbaycanlı kimi mən də böyük qürur hissi keçirdim. Ölkəmdən uzaq olsam da, ürəyim vətənlə döyünürdü. Oyunların açılış mərasimini görəndə heyrətdən özümə yer tapa bilmirdim. Qısa zaman ərzində belə bir mötəbər tədbirin öhdəsindən layiqincə gəlməyi yalnız bizim ölkəmiz bacara bilərdi. Oyunların hər bir yarışını diqqətlə izləyirdim. Ağırlıqqaldırma idman növü Oyunların proqramına salınmasa da, digər idman növlərindəki mübarizə mənə xüsusi zövq verdi. Azərbaycanla yanaşı, ölkəmizin milli komandası da Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışdı. Demək olar ki, bu yarışda hər gün Azərbaycan himni səslənir, bayrağımız yüksəkdə dalğalanırdı. Bu, adi bir məsələ deyil. Qitənin ən güclü idmançıları ilə eyni səviyyədə mübarizə aparıb, medallara sahib olmaq Azərbaycan idmanının inkişafından, bu sahəyə olan dövlət qayğısından xəbər verir.

- Oyunlar Türkiyədə necə, maraqla izlənilirdi?

- Oradakı NTV kanalı gün ərzində Oyunlardan birbaşa yayım həyata keçirirdi. Türkiyədəki dostlarımla birlikdə həmin kanala baxırdım. Onlara deyirdim ki, bu, mənim ölkəmdir. Həmin hissləri heç bir sözlə ifadə etmək olmaz. Türkiyəli idmansevərlər daha çox güləş və voleybola üstünlük verirdilər. Həmin idman növləri Türkiyədə digərlərinə nisbətən daha çox sevilir, təbii ki, futbol və ağırlıqqaldırmanı unutmamaq şərtilə...

- Türkiyə idmanından söz düşmüşkən, bu ölkədə Rio Olimpiadasına hazırlıq hansı səviyyədə gedir?

- Bütün dünyada olduğu kimi, Türkiyədə də Rio Olimpiadası əsas diqqət mərkəzindədir. Dövlət tərəfindən olimpiada üçün xüsusi plan tərtib edilib, maliyyə ayrılıb. Türkiyəli idmançılar bu yarışa yüksək səviyyədə hazırlaşırlar. Rioya gedən yol lisenziyalardan başlayır. Məhz bu səbəbdən də idmançılar müxtəlif yarışlarda həmin lisenziyaları əldə etməyə çalışırlar. Bildiyiniz kimi, Türkiyə millisi takevondo, voleybol, ağırlıqqaldırma, güləş və bir sıra idman növlərində daim mükafatalayiq nəticələr əldə edirlər. Ağırlıqqaldıranlar isə Hyüstonda keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlaşırlar. Çünki Türkiyə idmançıları əksər Olimpiya Oyunlarında bu idman növündə medal əldə ediblər. Düzdür, son vaxtlar bu növ üzrə milli komandanın adı dopinqlə bağlı qalmaqalda hallandı. Əksər idmançılar diskvalifikasiya olundular. Bu isə yığmanın vəziyyətini xeyli dəyişdi. Güman etmirəm ki, bu hadisə yığma komandanı sarsıdar. Hər şey okeanın o tayında keçirilən yarışlardan sonra öz həllini tapacaq.



- Bəs bizim milli komandamız barəsində nə deyə bilərsiniz?   

- Hər zaman mən eyni sözü deyirəm: "Azərbaycanın böyük idman tarixi və ənənələri var”. Bunu bütün Olimpiya idman növlərinə şamil etmək olar. Hər Olimpiya Oyunlarından sonra Azərbaycan medal sayını xeyli artırır. Yeni növlərdə mükafat əldə edir. Deməli, çəkilən zəhmət hədər getmir. Ağırlıqqaldırma üzrə milli komandanın heyətində gənc və perspektivli idmançılar yer alıb. Onların hər biri qələbə və medal əldə etmək əzmindədir. Uğurlu nəticələrin qazanılmasında azərbaycanlı mütəxəssislərin rolu danılmazdır. Hesab edirəm ki, Cənubi Amerikada təşkil olunacaq yay Olimpiya Oyunlarında bu idman növü üzrə çıxış edən idmançılar ümidləri doğruldacaqlar.

Anar Əhmədov