Oktyabrın 6-da Qətərin paytaxtı Dohada 73 ölkədən 260 idmançının iştirak edəcəyi boks üzrə dünya çempionatı başlayacaq.
Çempionatda dünyanın ən güclüləri mübarizə aparacaqlar. Avropa Oyunlarında I, III yerləri, Bolqarıstanda keçirilən qitə çempionatında isə I, VI yerləri tutan idmançılar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar.
Dünya çempionatı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bu çempionatdan 23 boksçu Rio-2016 Oyunlarına lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, 91 kq) titullarını qorumağa çalışacaqlar. M.Məcidov qalib gəlsə, üç qat dünya çempionu tituluna yiyələnəcək.
Yarışda 49 kq, 52 kq və 81 kq çəki dərəcələrində 1-ci və 2-ci, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq çəki dərəcələrində 1-3-cü yerləri tutan idmançılar, 91 kq və 91-dən çox kq çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.