Adil Əliyev: “Bu mötəbər yarışda idmançılarımızdan böyük əzm və qələbə gözləyirik”

Adil Əliyev: “Bu mötəbər yarışda idmançılarımızdan böyük əzm və qələbə gözləyirik”


Aprelin 11-də Azərbaycan Kikboksinq Federasiyasının iclası keçirildi. İclası giriş sözü ilə açan federasiya prezidenti, millət vəkili Adil Əliyev qeyd etdi ki, iclasın keçirilməsində məqsəd mötəbər bir tədbirin - ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışa hazırlığın təmin olunması, kikboksçularımızın bu mötəbər yarışda iştirakına nail olmaqdır.  "Ümummilli liderimizin, respublikamızın qurucusu Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarış Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Bu mötəbər yarışda idmançılarımızdan böyük əzm və qələbə gözləyirik. Ulu öndərin xatirəsinə həsr olunan bu önəmli, məsuliyyətli yarış idmançılarımızın qələbəsi ilə yadda qalmalıdır. Bunun üçün hər birimiz əlimizdən gələni əsirgəməməli, üstümüzə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik”, - deyə federasiya prezidenti Adil Əliyev bildirdi. O, belə bir yarışın ilk dəfə keçirildiyini və ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər yarışın böyük əhəmiyyət daşıdığını vurğuladı. Federasiya prezidenti kikboksçularımız arasında titullu, güclü idmançılarımız çox olduğunu, onların Avropa idmançılarından heç də geri qalmadıqlarını bildirdi.
İclasda çıxış edən kikboksinq üzrə yığma komandanın rəisi Sadıq Bağırov, komandanın baş məşqçisi Ehram Məcidov bu mötəbər yarışa böyük həvəslə, əzmlə hazırlaşacaqlarını bildirdilər. Qeyd olundu ki, yarışda 11 idmançı mübarizə aparacaq. İclasda çıxış edən İdman və Gənclər Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov da kikboksçularımızın bu nüfuzlu yarışdan üzüağ çıxacaqlarına əmin olduğunu dedi.
Sonra yarışla bağlı diğər məsələlər müzakirə olundu. Federasiya prezidenti Adil Əliyev qeyd etdi ki, hər bir idmançı yarışlara məsuliyyətlə hazırlaşmalı, qələbə uğrunda mübarizə aparmalıdır. Qeyd edək ki, yarış may ayının 9-10-da keçiriləcək.
İclasdan sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevlə səmimi söhbət etdik. Söhbətimizin məzmununu oxucuların diqqətinə çatdırırıq.

- Adil müəllim, bu gün uşaqlar və yeniyetmələr arasında idmana maraq artmaqdadır. Populyar idman növlərindən olan kikboksinq uşaq və yeniyetmələrin ən çox müraciət etdiyi idman növüdür...
- Sevindirici haldır ki, bu gün ölkəmiz idman sürətlə inkişaf edir. Uşaq və gənclər arasında idmala məşğul olanların sayı getdikcə çoxalır. Mən bir idmançı və federasiya rəhbəri kimi buna çox sevinirəm. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi diqqət, qayğı idmançılarda böyük ruh yüksəkliyi yaratmaqla bərabər, cəmiyyətdə idmana olan marağın artmasına da səbəb oldu. Ölkə başçımızın idmanı inkişaf etdirməsi, Azərbaycanda beynəlxalq normalara cavab verən idman arenalarının, Olimpiya komplekslərinin tikilib istifadəyə verilməsi idmana olan marağı daha da artırıb. İndi bütün ailələr övladlarının idmanla məşğul olmasını istəyirlər. İdmanla məşğul olmaq insanların sağlam yaşamasına xidmət etməklə bərabər, yeni idmançıların kəşfinə da gətirib çıxardır. Bir çox idman növləri var ki, onlar yeniyetmə və gənclərin marağını daha çox çəkir. Kikboksinq idman növü də belələrindəndir. Bu gün kikboksla məşğul olan idmançıların sayı minlərlədir. Fəxrlə deyə bilərəm ki, kikboksinq milli komandasının tərkibində əcnəbi rəqiblərini qorxuya salan, güclü idmançılarımız var. Onlar beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. İdmançılar, həm də sağlam ruhda böyüyən vətəndaşlardır. Kikboks idman növü ilə məşğul olan oğlanlar, vətənin layiqli keşikçiləridir. Kikboksçular vətənimizə hazır əsgərlər, yüksək döyüş qabiliyyətinə malik igidlərdir. Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Vətənimizə igid, döyüşkən əsgərlər gərəkdir. Biz torpaqlarımızın müdafiəsinə hər an hazır olmalıyıq. Bu günün gənc idmançısı sabahın igid əsgəridir.

- İdmançılarımızın narkomaniya və uşaq cinayətkarlığına qarşı mübarizə aparması da sevindirici haldır...
- Ümumiyyətlə, idmançılarımız özlərini və ətraflarındakı insanları pis vərdişlərdən qorumağı bacarmalıdırlar. Hazırda bütün dünya narkomaniya bəlasına qarşı mübarizə aparır. Bu mübarizə uşaqlara psixoloji cəhətdən öz müsbət təsirini göstərməkdədir. Onlar bilirlər ki, pis vərdişlədən, neqativ hallardan uzaq olmalıdırlar və ətraflarındakı insanları da bu bəladan qorumağı bacarmalıdırlar. Bu mübarizə cəmiyyətimizin narkomaniya kimi böyük bəladan uzaq olmasına və gənclərin sağlam ruhda böyüməsinə xidmət edir.


"Hazırda kikboksçularımız
ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
möhtəşəm yarışa hazırlaşırlar”

- Adil müəllim, kikboksinq yarışları ölkəmizdə olduğu kimi, dünyada da böyük maraqla qarşılanır. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanır, yaddaqalan çıxışlar edirlər...
- Kikboksçularımız arasında güclü, təcrübəli olanlar az deyil. Onlar əzmlə çalışırlar ki, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edib, bayrağımızı yüksəltsinlər. Hazırda kikboksçularımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş möhtəşəm yarışa hazırlaşırlar. Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək bu yarışda kikboksçularımızın üzərinə böyük məsuliyyət düşür. Belə bir mötəbər yarışda idmançılarımız mütləq qələbə qazanmalıdırlar. Belə bir mötəbər yarış dünyanın, Avropanın, eləcə də Azərbaycanın diqqət mərkəzində olacaq. Ulu öndər Heydər Əliyevin doğum günündə keçiriləcək bu yarış idmançılarımızın üstünlüyü, qələbə qazanması ilə yadda qalmalıdır. Bu yarışın yüksək səviyyədə keçirilməsinə nail olmaq bizim mənəvi borcumuzdur. Kikboksinq idman növü Avropada çox populyardır. Orada güclü idmançılar çoxdur. Buna baxmayaraq, Azərbaycan kikboksçuları heç də onlardan geri qalmırlar. Bizim peşəkar, güclü texnikaya malik olan idmançılarımız az deyil. Bu yarış Avropanın məşhur "Eurosport” telekanalı ilə yayımlanacaq. İstərdik ki, yerli telekanallarımız da bu yarışı tamaşaçılarımıza çatdırsınlar. Təşkilatı işlərdə Azərbaycanın Avstriyadakı səfirliyi məşğul olacaq. Ölkəmizdəki bir neçə nazirlik, şirkət və təşkilatlar isə Avstriyadakı səfirliyimizə görüləcək işlərədə dəstək olcaqlar. Belə bir mötəbər yarışda ölkəmizi təmsil etmək bizim üçün böyük şərəfdir. Əsas məsuliyyət idmançılarımızın üzərinə düşür. Bu mötəbər yarışdan qələbə ilə qayıtmaq hər bir idmançının amalı olmalıdır.
- Adil müəllim, yarışqabağı idmançılarla görüşməyiniz onlarda ruh yüksəkliyi yaradır. Hər bir idmançı federasiya rəhbərinin qayğısını hiss edəndə qəlbə əzmi artır...
- İdmançının psixolgiyasını yaxşı bilmək, onlara hər zaman diqqət göstərmək lazımdır. Onlar hiss etməlidirlər ki, diqqət və qayğı əhatəsindədirlər. Belə halda idmançılarda qələbə əzmi, özlərinə inam daha da artır. İdmançıların mənəvi dəstəyə hər zaman ehtiyacları var. Biz bilməliyik ki, bir məqsədə, bir amala qulluq edirik : müstəqil Azərbaycanımızı layiqincə təmsil etmək, bayrağımızı zirvələrə qaldırmaq. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin səyi, diqqət və qayğısı nəticəsində bu gün olkəmiz dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz mötədər idman yarışlarına ev sahibliyi edir. Təsadüfi deyil ki, I Avropa Oyunları məhz ölkəmizdə keçiriləcək. Bu, xalqımız üçün çox böyük nailiyyət və tarixi hadisədir. İlk Olimpiya oyunlarının Yunanıstanda keçirildiyini bütün dünya bilir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də belə yaddaqalan və tarixi hadisə olacaq. Bu, ölkəmizin idman sahəsində əldə etdiyi ən böyük uğurlardan biridir.

"Bu gün respublikamız ölkərəhbərinin məqsədyönlü 
və uzaqgörən siyasıəti nəticəsində gündən-günə inkişaf edir”

- Belə mötəbər yarışlar dunya ölkələrinin diqqətini ölkəmizə çəlb etməklə bərabər, qədim Azərbaycanımızın tarixinin, mədəniyyətinin tanınmasına da səbəb olur....
- Ölkəmizdə mötəbər yarışların keçirilməsinin bir başqa tərəfi də budur: tariximizi, mədəniyyətimizi dünya ölkələrinə tanıtmaq. Bu baxımdan, ötən il paytaxtımızda keçirilən "Avroviziya” mahnı müsabiqəsini ölkəmizin qazandığı nailiyyətlərdən hesab edirəm. Bu müsabiqə bütün dünaynın diqqətini Azərbaycana yönəltdi. Müsabiqədə iştirak edən ölkələr bu yarışı birbaşa yayınladılar. Televiziyalar, mətbuat orqanları bu barədə geniş məlumatlar yaydılar. Şəhərimizə axın edən çoxlu sayda əcnəbi qonaqlar Azərbaycanımızın tarixinə, mədəniyyətinə və bugünkü inkişafına şahid oldular. Bu gün respublikamız ölkə rəhbərimizin məqsədyönlü və uzaqgörən siyasıəti nəticəsində gündən -günə inkişaf edir. Gənc nəslin hərtərəfli inkişaf etməsi üçün hər çür şərait yaradılıb. Bu gün hər bir gənc öz bacarığı ilə ölkəmizə xidmət etməyi özünə borc bilməli, bayrağımızı, vətənimizi ürəkdən sevməlidir .
Jalə Rzabəyli