Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı start götürəcək. Çempionatda 73 ölkədən 260-a qədər dəri əlcək ustası mübarizə aparacaq. Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prosesində 9 boksçumuz iştirak edəcək. Belə ki, Bakıda keçirilmiş birinci Avropa Oyunlarında ağır zədə alan ikiqat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) da heyətə daxil edilib. Onunla yanaşı, ölkəmizin idman şərəfini Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Teymur Məmmədov (81 kq) qoruyacaqlar. Xaybula Musalov (75 kq) isə gözündə cərrahiyyə əməliyyatı aparıldığı üçün dünya çempionatında iştirak edə bilməyəcək. Çempionatda çıxış edəcək doqquz boksçumuz Qətərdə keçiriləcək yarışa vəsiqəni Avropa Oyunlarında qazanıb. Digər idmançımız - 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında əldə etdiyi bürünc medal sayəsində çempionata vəsiqə əldə edib.Məlumat üçün bildirək ki, Qətərdə Bakıda keçirilən I Avropa Oyunlarının mükafatçıları və Bolqarıstanda təşkil olunan qitə çempionatında ilk 6 yeri tutan boksçular yarışacaqlar. Rio-2016-ya lisenziya verən bu yarışda 23 boksçu Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaq. Qeyd edək ki, dünya çempionatına qədər yığma komandamız İtaliyada İrlandiya və ev sahibi İtaliya komandaları ilə birgə təlim keçəcək.