Sahib Ələkbərov ölkəmizi beynəlxalq konqresdə təmsil etdi

Sahib Ələkbərov ölkəmizi beynəlxalq konqresdə təmsil etdi



ABŞ-ın Riçmond şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) illik konqresi və Avropa Velosipedçilər İttifaqının (UEC) Rəhbər Komitəsinin iclası olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən "Olimpnews.az”-a verilən məlumata görə, iclasda çıxış edən UEC prezidenti David Lappartien komitə üzvlərinin sonuncu dəfə Avropa Oyunları zamanı Bakıda bir araya gəldiyini xatırladıb.
David Lappartien məruzəsində Bakı-2015 Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, UEC İttifaqı adından Oyunları çərçivəsində keçirilmiş velosiped yarışlarının təşkilində yüksək fəallıq nümayiş etdirən AVİF-ə dərin təşəkkürünü bildirib.
Daha sonra UCİ-nin illik Konqresində Avropa qitəsi adından səsvermə hüququna malik nümayəndələr seçilib. 50 milli federasiyanı özündə birləşdirən UEC UCİ-nin Konqresində səsvermə hüququna malik 14 nəfərlə təmsil olunur. Bu il seçilmiş 14 nümayəndədən biri də AVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub.
Qeyd edək ki, konqres ərəfəsində ABŞ-ın Riçmond şəhərində keçirilən şose velosipedi üzrə dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək idmançılardan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil edib. Qadınlar arasında komanda ötüşündə isə Sloveniyanın "Lyublyana” komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina 8-ci yerə çıxıb.