Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtını dəyişdirib. Paytaxt küçələrində təşkil olunacaq yarış gələn ilin iyunun 19-na təyin olunub.
Halbuki ilkin məlumata görə, siyahıda bu yarışın iyulun 17-də təşkil ediləcəyi bildirilirdi. FİA bu addımı 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.
Qeyd edək ki, "Formula-1"də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq.