Hotellər və Restoranlar Assosiasiyasının, həvəskarlardan ibarət "CycleMania” velosiped klubunun və "Baku Guide” jurnalının birgə təşkilatçılığı, eləcə də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) texniki dəstəyi ilə " İki təkərlə özünü və ətrafı kəşf et” adı altında veloyürüş keçirilib. 35 velosipedçidən ibarət qrup yürüşə Dövlət Bayrağı Meydanından start verib. Velosipedçilər "İntourist” hotelində yürüşə qısa müddət fasilə verdikdən sonra Azneft meydanından "İstiqlaliyyət” küçəsinə çıxıblar və Qoşa Qala Qapısından İcərişəhərə daxil olublar.
Ekskursiya bələdçisinin müşayiəti ilə velosipedçilər Qız Qalasında, Şirvanşahlar Sarayında və Karvansarayda olublar. Veloyürüşün finiş nöqtəsi olan "Boulevard” hotelində isə velosipedçilər və təşkilatçılar tədbirin əsas məqsəd və vəzifələrini açıqlayıblar. Şəhər küçələrində velosipedçilər üçün müvafiq infrastrukturun olmaması, hotellərin, restoranların, turizm obyektlərinin qarşısında velosiped dayanacaqlarının yaradılması əsas müzakirə edilən məsələlərdən olub.
Hotellər və Restoranlar Assosiasiyası yerli və xarici turistlər üçün bir neçə marşrut hazırlanmasını təklif edib. Şəhərin tarixi-memarlıq və digər turizm məkanlarını velosipedlə gəzmək istəyən turistlər üçün velosipedlərin alınması müzakirə edilən məsələlər arasında olub. Bakı şəhəri Səbail rayonunun rəhbərliyinə rayon ərazisində pilot layihə kimi velosipedçilər üçün infrastruktur yaradılması ilə bağlı müraciətin ünvanlanması da məsləhət edilib. Belə ki, xarici qonaqlar və yerli turistlər arasında populyar olan əksər turizm obyektləri məhz bu rayonun ərazisində yerləşir.
Azərbaycan Velosiped İdmanı Federasiyası velosipedçilər tərəfindən irəli sürülən təşəbbüsləri dəstəklədiyini və bu cür tədbirlərin təşkilinin ölkədə velosiped mədəniyyətinin formalaşmasında əhəmiyyətli rola malik olduğunu bildirib.
Tədbirin sonunda veloyürüş iştirakçılarına diplomlar təqdim edilib.