AIBA İcraiyyə Komitəsinin Qətərdə keçirilən iclasında 2017-ci ildə boks üzrə böyüklər arasında dünya çempionatını qəbul edəcək şəhərin adı açıqlanıb.
Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu növbəti dünya çempionatının iki il sonra Almaniyanın Hamburq şəhərində keçiriləcəyini deyib.
"Dünya çempionatını keçirmək üçün 3 federasiya namizədliyini vermişdi. Uzun sürən araşdırmadan sonra Hambur şəhərinə üstünlük verdik. Hamburq sentyabrda APB - AIBA peşəkar boks yarışlarının finalını yüksək səviyyədə qəbul edərək bu cür yarışların keçirilməsində təcrübəsi olduğunu göstərdi. Uzun fasilədən sonra boks üzrə dünya çempionatı yenidən Avropada təşkil olunacaq”, - deyə Çinq-Kuo Vu qeyd edib.
Almaniya Boks Federasiyasının prezidenti Yurqen Kyas bu qərarla bağlı deyib: "Qətər Boks Federasiyası Dohada böyük işlər gördü. AIBA-nın növbəti yarışı bizə həvalə etməsi böyük etimaddan xəbər verir”.
Bununla da Hamburq Münhen (1982-ci il) və Berlindən (1995-ci il) sonra dünya çempionatına ev sahibliyi edəcək Almaniyanın 3-cü şəhəri olacaq.