Boksçumuz Elvin Məmişzadə dünya çempionu oldu

Boksçumuz Elvin Məmişzadə dünya çempionu oldu



Oktyabrın 15-də Azərbaycan boksçusu Elvin Məmişzadə Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatının qalibi adını qazanıb.
Millimizin üzvü I Avropa Oyunlarının çempionu Elvin Məmişzadə (52 kq) həlledici qarşılaşmada kubalı boksçu Yosbani Veitia ilə gərgin keçən döyüşdə böyük üstünlüklə qalib gəlib. İdmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, bayrağımız ucaldılıb.
Qeyd edək ki, E.Məmişzadə oktyabrın 12-də finala çıxmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziyanı özü üçün təmin etmişdi.
Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda mübarizə aparan digər boksçumuz dünya və Avropa çempionu Albert Səlimov (60 kq) isə çempionatının gümüş medalına sahib olub. A.Səlimov finalda Kubanın digər təmsilçisi, dünya çempionu Lazaro Alvares ilə qüvvəsini sınayıb. Boksçumuz birinci raundda üstün olmasına baxmayaraq, ikinci raundda zədələndiyindən döyüşü davam etdirə bilməyib.
Birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) yarışları bürünc medalla başa vurub. P.Bağırov yarımfinalda Qazaxıstan nümayəndəsi Daniyar Yeleusinova uduzsa da, 69 kiloqram çəki dərəcəsində finala adlayan Muhammed Rabii bu turnirdən əvvəl WSB liqası turnirində Olimpiadaya lisenziya qazandığından həmyerlimiz çempionatın üç vəsiqəsindən birinə yiyələnib.
Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara AİBA prezidenti Çinq Kou Vu, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov təqdim ediblər.
Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü Abdulqadir Abdullayev (91 kq) bu dünya çempionatında bürünc medal qazanıb.
Beləliklə, boks üzrə Azərbaycan yığması dünya çempionatından vətənə 1 qızıl, 1 gümüş və iki bürünc medalla qayıdır.