Leysan yağışlar "Formula-1” üzrə ABŞ Qran-pri yarışlarının proqramında dəyişiklik edilməsinə səbəb olub. Belə ki, yağışlı hava şəraiti Texas ştatının paytaxtı Ostində keçirilən yarışın təsnifat mərhələsini təşkil etməyə mane olub. Şənbə günü güclü leysan səbəbindən yarışlar 5 dəfə yarım saatlığa dayandırılıb. Yürüşləri davam etdirmək mümkün olmadığından yarış bazar gününə keçirilib. Hava imkan verərsə, pilotlar trasa oktyabrın 25-də yerli vaxtla saat 9:00 da (Bakı vaxtilə 19:00) çıxacaqlar.
Uzun fasilələrə və leysan yağışa baxmayaraq, tamaşaçılar yerlərini tərk etməyiblər. Pilotlar isə bu müddətdə onları əyləndiriblər.
Xatırladaq ki, "Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarətdir. Qaliblər ilin sonunda toplanan bütün xalların əsasında müəyyənləşdirilir. Yarışların Bakı Qran-prisi 2016-cı il iyunun 19-da keçiriləcək.