Adil Əliyev: “İşinə məsuliyyətlə yanaşan insan istənilən zirvəni fəth edə bilər”

Adil Əliyev: “İşinə məsuliyyətlə yanaşan insan istənilən zirvəni fəth edə bilər”


Adil Abış oğlu Əliyev 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1987-ci ildə Respublika Olimpiya İdman Liseyini bitirib və həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994-cü ildən Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə - Bakı şəhəri Səbail rayonu 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə Keçid bölməsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Ali Polis Akademiyasını bitirib. 2003-cü ilin dekabrında Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin rəisi vəzifəsində işləyib. Ehtiyatda olan polis polkovnik-leytenantıdır. 2005-ci il iyulun 2-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İgidliyə görə” dövlət mükafatı ilə təltif edilib. Hüquq üzrə fəlsəfə doktorudur. Polis əlaçısıdır. İdman ustasıdır. 2001-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2007-ci il noyabrın 10-da "Azərbaycan İdmanının Azarkeşləri” və 2008-ci ilin sentyabrında "Azərbaycanın Veteran İdmançıları” ictimai birliklərinin hüquqi təsisçisi və prezidenti seçilib. 2008-ci ildə kikboksinq üzrə veteranlar arasında dünya çempionu olub. Milli Məclisin deputatı, Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komitəsinin üzvüdür.


Adil Əliyevin həyatı özünəməxsus maraqlı məqamlarla zəngindir. Hələ kiçik yaşlarında olarkən o, peşəkar idmançı kimi dünya və Avropa çempionatları, Olimpiya oyunlarında iştirak etməyi arzulayırdı. Amma taleyin, qismətin öz seçimi, öz hökmü var. İdmana bir qədər gec gəlişi, ailədə təhsilə daha çox diqqət yetirilməsi ona bu arzunu reallaşdırmaq imkanı verməyib. Deyirlər ki, uşaqlıq arzuları çoxsaylı, sonsuz və rəngarəng olur. Bu baxımdan gəncin daxilində daha bir gizli istək-dənizçi olmaq arzusu yaranmışdı. Bu istək ondan əsl cəsarət və hünər tələb edirdi. O, öz istəyinə doğru inamla irəlilədi. İdmanda keçən uzun illər gənc oğlana dözümlülük, mübarizlik və əzmkarlıq kimi xüsusiyyətləri aşılamışdı.
Bu keyfiyyətlər sayəsində o daha böyük uğurlar qazandı. O, Daxili İşlər Orqanlarında işlədiyi dövrlərdə də bir çoxlarına nümunə idi.
Daxilində olan böyük enerji və inam hissi ona siyasi fəaliyyətə başlamağa həvəs yaratmışdı. Hazırda Milli Məclisin deputatıdır. Özünün dediyinə görə, millət vəkili kimi fəaliyyətində və gördüyü işlərdə idmançı olmasının ona böyük köməyi dəyib. Çünki məhz idman vasitəsilə hadisələrə düzgün yanaşmaq və onları qiymətləndirmək, vaxtında qərar qəbul etmək bacarığı, güclü iradə, özünəinam kimi keyfiyyətlərə sahib olub. Qeyd edək ki, Adil Əliyev üçüncü dəfədir ki, Nərimanov rayonu 20 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür.
Onunla uşaqlıq dövrünün kövrək xatirələri, çılğın gənclik, tələbəlik illəri, dostların əhatəsində keçən günlər, idmanda qazandığı uğurlar, siyasi fəaliyyəti barədə söhbət etdik.

"Valideynlərim mənim daha çox təhsilin arxasınca getməyimi istəyirdilər”

- Adil müəllim, hər bir kəsin uşaqlıq arzusu olur. Bildiyimizə görə, idmana kiçik yaşlarınızdan maraq göstərmisiniz. Bu sahəyə sevginiz necə yaranıb?
- Ailədə 8 uşaq olmuşuq. Evin ən kiçiyi mənəm. Məndən böyük qardaşlarım güləşə və boksa maraq göstəriblər. Ailəmizdə idmana olan maraq mənim də bu sahəyə həvəsimi artırırdı. Buna görə də orta məktəbin 7-ci sinfini bitirdikdən sonra idman təmayüllü Respublika Olimpiya İdman Liseyinə (ROİL) qəbul olundum. Orada məşqçilər Ruslan Abdullayev və Ağayar Axundzadənin rəhbərliyi altında cüdo ilə məşğul olmağa başladım. Yaxşı məşq edirdim. Amma dərslərimə daha ciddi yanaşırdım. Klublararası yarışlar, şəhər və respublika birincilikləri, Həzi Aslanovun xatirəsinə həsr olunmuş turnirlərdə qüvvəmi sınayırdım. Respublika birinciliyində gümüş medal qazanmışam. Bakı şəhər birincilikləri və klublararası yarışlarda da medal əldə etmişəm.
- Yəqin ki, idmanla məşğul olan bütün uşaqlar kimi siz də Avropa və dünya çempionatları, Olimpiya Oyunlarında iştirak etməyi arzulamısınız. Bəs niyə sonradan idmanı peşəkar şəkildə davam etdirmədiniz?
- 1987-ci ildə ROİL-i bitirdim. Nə vaxtsa Olimpiya Oyunlarında iştirak etmək mənim uşaqlıq arzularımdan idi. Amma idmanı peşəkar şəkildə davam etdirə bilməməyimin bir sıra səbəbləri var idi. Valideynlərim mənim daha çox təhsilin arxasınca getməyimi istəyirdilər. Bəlkə də, ailəmizdə peşəkar idmançı olmağımı israr etsə idilər, mən də bu sahə ilə ciddi məşğul olardım. O dövrlərdə idmana münasibət də fərqli idi. Bu sahəyə indiki kimi dövlət səviyyəsində diqqət və qayğı göstərilmirdi.
Sonra tale məni Sankt-Peterburqdakı Ali Hərbi Dənizçilik Məktəbinə bağladı. Orada əlbəyaxa döyüş növləri ilə məşğul olurdum. Bildiyiniz kimi, hərbidə ciddi rejim mövcuddur. Məktəbdə bizə yalnız həftənin sonunda istirahət verilirdi. Səhər idmanı bir qayda olaraq məcburi idi. İdmanla yalnız məktəb daxilində məşğul ola bilərdin. Həftədə üç-dörd dəfə məşq edirdim. Məktəbdaxili yarışlarda qüvvəmi sınasam da, bu, idmanı peşəkar şəkildə davam etdirməyə kifayət etmirdi.

"Dənizçi olmaq mənim uşaqlıq arzularımdan biri idi”

- Maraqlıdır, niyə məhz hərbi dənizçilik məktəbini seçdiniz?
- Dənizi çox sevirəm. Dənizçi olmaq mənim uşaqlıq arzularımdan biri idi. 1987-ci ildə "Azərbaycan gəncləri” qəzetində mənim haqqımda bir məqalə dərc olunmuşdu. Həmin yazıda dənizçiliyə olan marağıma geniş yer ayrılmışdı. Bu arzuma qismən də olsa, Sankt-Peterburqdakı Ali Hərbi Dənizçilik Məktəbində çatdım. 1992-ci ildə məktəbi bitirib təyinatla Azərbaycana qayıtdım. 20 yaşım var idi. Bir il yarım zabit kimi Hərbi Dəniz Qüvvələrində xidmət etdim. Həmin dövrdə nəinki idmanda, həyatın bütün sahələrində mövcud olan xaos və hərc-mərclik respublikaya böyük ziyan vururdu. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyatın bütün sahələri kimi, idman da yüksək sürətlə inkişaf etməyə başladı. 1993-cü ildə Daxili İşlər Nazirliyinə sağlam qüvvələr cəlb olunurdu. Mən də nazirlikdə işə başladım. 2005-ci ilədək Daxili İşlər Nazirliyində çalışdım. İşlədiyim dövrlərdə nümunəvi işçi kimi bir çox mükafatlara layiq görüldüm. Bakı şəhərinin müxtəlif rayonlarında işləmişəm. Bir müddət Nərimanov rayon 16-cı polis bölməsinin rəisi vəzifəsində çalışmışam. İşinə məsuliyyətlə yanaşan insan istənilən zirvəni fəth edə bilər.

"Millət vəkili daha dözümlü və güclü olmalıdır”
- Bəs siyasətə gəlişiniz necə oldu?
- Özümü siyasətdə sınamaq istəyirdim. İnanırdım ki, bu sahədə də uğur qazana bilərəm. Əvvəlcə deputatlığa namizədliyimi irəli sürdüm, təbliğatımı qurdum. Uğurla mübarizə aparıb qalib gəldim.
- Yeri gəlmişkən, üçüncü dəfədir ki, deputatlığa namizədliyinizi irəli sürürsünüz. Budəfəki təbliğatınız nə ilə fərqlənir?
- Artıq üçüncü dəfədir ki, eyni dairədən deputatlığa namizədliyimi irəli sürmüşəm. Təbliğat-təşviqat kampaniyam uğurla davam edir. Birinci seçki dövrü ilə indiki arasında böyük fərq var. Birinci dəfə namizədliyimi irəli sürəndə təbliğat kampaniyası üçün mənə cəmi 3 ay vaxt verilmişdi. Onda məhəllə-məhəllə gəzib seçicilərim arasında təbliğatımı aparırdım. Maraqlıdır ki, birinci seçki vaxtı apardığım təbliğat kampaniyasının bəhrəsini bu gün də görürəm. Qapılarını döydüyüm, görüşlər keçirdiyim insanlar məni artıq yaxşı tanıyırlar. Xatırladım ki, birinci dəfə namizədliyimi irəli sürdüyüm vaxt 7000 səs toplamışdım. 2010-cu ildə keçirilən seçkilərdə məni dəstəkləyənlərin sayı daha çox oldu. 10000-dən yuxarı səs qazandım. Budəfəki kampaniya çərçivəsində dairə tərəfindən təbliğat üçün 2 yer ayrılıb. Bunlardan biri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalı, digəri isə "Cıdır” meydanıdır. Bundan əlavə, mütəmadi olaraq seçicilərlə görüşlər keçirirəm. Seçicilərin kütləvi şəkildə dəstəyi məni ruhlandırır, mənə daha da qüvvət verir. Təbliğat kampaniyası uğurla gedir və hesab edirəm ki, böyük səs çoxluğu ilə qələbəni qeyd edəcəyik.
- İdmançılar sizi necə dəstəkləyirlər?
- Qeyd edim ki, idmançılar seçkilərdə məni daha çox dəstəkləyirlər. Nərimanov rayonu ərazisində yaşayanların əksəriyyəti idmanla bağlı insanlardır. Bu da ondan irəli gəlir ki, biz idman sahəsinin təbliği ilə də məşğul oluruq.
- Necə düşünürsünüz, polis kimi qanun keşiyində dayanmaq çətindir, yoxsa millət vəkili kimi xalqın hüquqlarını müdafiə etmək?

- Hər iki sahənin öz çətinlikləri var. Məsuliyyətli və vətənpərvər insan seçdiyi peşədən asılı olmayaraq, öz işinə ciddi yanaşmalıdır. Çətinliklərə baxmayaraq, hər hansı işin öhdəsindən gəlmək istəyirsənsə, ilk növbədə, məsuliyyətli olmalısan. Polis sisteminin öz çətinlikləri var. Polis işçiləri çox əziyyət çəkirlər. Bir də görürsən, hər hansı hadisə ilə bağlı səni gecə yarısı işə çağırırlar. Millət vəkili isə daha dözümlü və güclü olmalıdır. Çünki daim insanlarla işləyirsən. Vətəndaşlar sənə müxtəlif problemlərlə bağlı müraciət edirlər və sən də onlara mümkün qədər kömək etməyə çalışırsan. Bəzən qanundan xəbərsiz insanlar millət vəkilinə daha çox şəxsi problemlərlə bağlı müraciət edirlər. Ərazi üzrə 41 min seçici var. Sözsüz ki, onların hamısına kömək etmək mümkün deyil. Millət vəkilinin vəzifəsi hər hansı qanunsuz işi həll etməyə çalışmaq, incidilən vətəndaşların hüquqlarını müdafiə etmək, problemləri Milli Məclisdə qaldırmaq və lazımi tədbirlərin görülməsinə çalışmaqdır.
- İnsanlar sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?
- Bu gün mənə daha çox işsizlik problemi ilə bağlı müraciət olunur. Əlbəttə ki, əlimdən gələn köməyi əsirgəmirəm. Amma bəzən gün ərzində bir neçə insan eyni xahişi edir və onların hamısına kömək etmək qeyri-mümkündür.

"Elə bilirdim ki, mənim artıq 70 yaşım var və həyatımın sonudur”

- Görünür, idmanın sizin siyasi fəaliyyətinizdə də böyük rolu var.
- Təkcə siyasi fəaliyyətimdə yox, ümumiyyətlə, həyatımda idmanın böyük rolu var. Həyatımı idmansız təsəvvür etmirəm. Birvaxtlar onurğa sütunumdan ciddi zədə almışdım. Buna görə idmandan uzaqlaşmaq məcburiyyətində qalmışdım. Həmin vaxtlar elə bilirdim ki, mənim artıq 70 yaşım var və həyatımın sonudur. Mənə elə gəlirdi ki, daha heç vaxt idmanla məşğul ola bilməyəcəyəm. Xəstə olduğum dövrdə heç bir həkim mənə kömək edə bilmədi. Hətta həkimlər mənim iflic olacağımı belə deyirdilər. Amma mən yenidən məşqlərə başladım və idman vasitəsilə sağaldım. Bu problemlə rastlaşan bir çox insanlara da idmanla məşğul olmağı tövsiyə etmişəm.
- Neçə yaşında ailə həyatı qurdunuz?
- 25 yaşında evləndim. Həyat yoldaşım sinif yoldaşım və yaxın dostumun dayısı qızıdır.
- Neçə övladınız var?
- 2 oğlum, 1 qızım var. Böyük oğlum Əlinin 18 yaşı var. Ortancıl qızım Nərgiz 15, kiçik oğlum Məhəmməd isə 11 yaşındadır. Əli Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyur.
- Bildiyimizə görə, oğlunuz Əli güləşlə məşğul olub.
- Əli əvvəllər cüdo və güləşlə məşğul olub. Hazırda kikboksinqin sirlərinə yiyələnir. Digər övladlarım isə üzgüçülüyə gedirlər.

"Keçmişini unudan insan bu gününə və gələcəyinə qiymət verə bilməz”
- Həyatınızın ən çətin anı hansı olub?
- Uşaqlıq illərimdə çətin günlərim çox olub. Həmin anları tez-tez yadıma salıram. Məncə, keçmişini unudan insan bu gününə və gələcəyinə qiymət verə bilməz. Allahın qarşısında hamı eynidir. Amma hər kəsin bir qisməti var. Yəqin, millət vəkili olmaq mənim qismətimdə idi. Bir də ki, alnımıza yazılanı Allahdan başqa heç kim bilmir. Sabah başımıza nə gələcək, sabah kim olacağıq? Bunun cavabını biz verə bilmərik.
- Necə düşünürsünüz, sadə dənizçi olsa idiniz ətrafınızda bu qədər insanlar, dostlarınız olardımı?
- Dənizçi olsa idim, qapalı şəraitdə yaşayan adi bir insan olardım. Düzdür, bu gün imkanı çox olan, vəzifə sahibi olan insanın başına yığışanlar çoxdur. Amma bir qədər çətinə düşən kimi yaxşı gündə səni dost adlandıran insanlar, necə deyərlər, yoxa çıxırlar. Əlbəttə, hər hansı insanın səninlə hansı məqsədlə münasibət qurmaq istəməsini əvvəlcədən bilmək olmur. Dost dar gündə tanınır və məncə, əsl dostları zaman özü sınaqdan çıxarır. Bu gün mənim yaxın dostlarım idmana bağlı insanlardır. İdmanla məşğul olan insanlar isə sağlam düşüncəyə malik olurlar. ROİL-də, hərbi məktəbdə, Polis Akademiyasında, Bakı Dövlət Universitetində mənimlə birgə oxuyan tələbə yoldaşlarımla sıx dostluq əlaqələrim var. Əlbəttə ki, millət vəkili olandan sonra tanıdığım insanlar da var. Başqa ölkələrdə - Rusiya, Türkiyə, Avropanın digər ölkələri və Amerikada da dostlarım var.
- Özünüzü nə dərəcədə xoşbəxt hiss edirsiniz?
- Bugünkü günümə görə Allahıma çox şükür edirəm.
- İndi ən böyük arzunuz nədir?
- Millətimi həmişə xoşbəxt görmək arzusundayam. Beynəlxalq aləmdə Azərbaycanı ən yüksəklərdə görmək istəyirəm. Bu gün ən böyük problemimiz torpaqlarımızın düşmən tapdağından azad olunması ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır. Bu gün Azərbaycan iqtisadi inkişafına görə bir çox ölkələri geridə qoyub. İnanıram ki, tezliklə torpaqlarımız düşmən tapdağından azad olunacaq.

"Heyvanları ovlamağın əleyhinəyəm”
- Adil müəllim, yəqin ki, balıq ovuna da gedirsiniz?
- Əvvəllər balıq ovuna gedərdim. İndi vaxtım az olur. Ümumiyyətlə, heyvanları ovlamağın əleyhinəyəm. Həyatımda bir dəfə ova getmişəm. Onda da atdan yıxıldığım üçün peşman olub geri qayıtmışam.
- Hobbiniz nədir?
- İdman mənim üçün həm həyat tərzi, həm də hobbidir. Hər hansı məşğuliyyətə gəlincə, əvvəllər nərd taxtalarını kolleksiya edirdim. Təxminən 200-yə yaxın nərd taxtası yığmışdım.
- İncəsənətlə aranız necədir?
- Bir çox tanınmış incəsənət nümayəndələri ilə dostluq əlaqələrim var. Xalq mahnılarına, muğamlarımıza qulaq asmağı çox xoşlayıram. Köhnə Azərbaycan filmlərinin hamısını bəyənirəm. Amma çox təəssüf ki, bu gün Azərbaycanın kino həyatında yenilik azdır. Məncə, Rusiya, Türkiyə kinomatoqrafları ilə birgə çox yaxşı filmlər çəkmək olar. Ölkəmizdə vətənpərvər ruhlu, eləcə də idmanla bağlı filmlərin çəkilməsinə daha çox ehtiyac var. Çünki bu gün idmançılarımız dünya və Avropa çempionatlarında, eləcə də, Olimpiya oyunlarında möhtəşəm uğurlar əldə edirlər.
- Yeri gəlmişkən, buyaxınlarda yenidən növbəti müddətə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmisiniz. Bu sahənin inkişafını necə qiymətləndirirsiniz?
- Kikboksinqin son dövrlərdə inkişafı göz qabağındadır. Bu növ paytaxt və bölgələrdə yüksək səviyyədə inkişaf edir. İdmançılarımız onlara bəslənilən etimadı doğruldurlar. Azərbaycan Kikboksinq Federasiyasının yenidən prezidenti seçildim. Üzərimə düşən məsuliyyəti hiss edir və bu sahənin inkişafı üçün əlimdən gələn köməyi əsirgəmirəm. Hazırda komandamız Serbiyada keçirilən dünya çempionatına yola düşüb. İlk dəfədir ki, yığmamız bu yarışda böyük heyətlə iştirak edir. İnanıram ki, idmançılarımız yüksək nəticələr qazanacaqlar.
- Bildiyimizə görə, boş vaxtlarınızda futbol oynayırsınız.
- Səhərlər qaçır, axşamlar isə futbol oynayıram. Həmişə formada qalmağa çalışıram. Veteran futbolçularla mütəmadi futbol oynayırıq. Oqtay Abdullayev, Maşallah Əhmədov, İsgəndər Cavadov, Yunis Hüseynov, Tərlan Əhmədov kimi veteran futbolçularla oynamaq insana xüsusi zövq verir. Həm oyunda zədə almırsan, həm də futbolun incəliklərinə bələd olursan. Mövsümlərarası fasilələrdə bəzi gənc futbolçularımız da bizə qoşulurlar.
- Hansı mövqedə oynayırsınız?
- Yalnız hücumda. Bir sıra təcrübəli qapıçıların qoruduğu qapılara qol da vurmuşam. Etiraf edim ki, komanda yoldaşlarım ötürməni elə edirlər ki, topu qapıya vurmaya bilmirsən.
- Yeri gəlmişkən, azarkeşlik etdiyiniz komanda hansıdır?
- Xarici klublardan Türkiyənin "Fənərbağça” klubuna azarkeşlik edirəm. Yerli klublardan "Neftçi”ni dəstəkləyirəm.
- Adil müəllim, idmanda hansı uğurlarınız olub?
- Cüdo və kikboksinq üzrə veteranlar arasında yarışlarda iştirak etmişəm. 2008-ci ildə kikboksinq üzrə Kiprdə keçirilən dünya çempionatının qalibi olmuşam. 2009-cu ildə Belçikada keçirilən cüdo üzrə dünya çempionatında komanda hesabında üçüncü yerə çıxmışıq.

Aysel Sultanova