Klassik bodibildinqçimiz dünya çempionatının mütləq qalibidir

Klassik bodibildinqçimiz dünya çempionatının mütləq qalibidir

Ölkəmiz 82 ölkə arasında üçüncü yerə layiq görülüb
Noyabrın 5-dən 9-na qədər İspaniyanın Benidorm şəhərində bodibildinq üzrə 69-cu, klassik bodibildinq üzrə isə 10-cu dünya çempionatı keçirilib. 82 ölkənin iştirak etdiyi yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunub. Dünyanın ən yaxşı bodibildinqçilərinin mübarizəsində Əziz Fərəməz (70 kq), Şəhriyar Nemətmirzə (95 kq), Rza Kakavənd (+100 kq), klassiklərin yarışında isə Əli Əmrə (180 sm) və Kaveh Yazani (boyu 180 sm-dən yuxarı) yığmamızın şərəfini qoruyublar. 5 gün davam edən yarışda bodibildinqçilərimizdən Şəhriyar Nemətmirzə (95 kq) 10-cu yerlə kifayətlənib. Klassik bodibildinq üzrə yarışlarda isə hər iki idmançımız uğurla çıxış edib. Belə ki, boyu 180 sm-ə qədər olan idmançılar arasında Əli Əmrə bütün rəqiblərini qabaqlayıb. Bir müddət əvvəl I Avropa Oyunlarına dəstək verən yarışda qalib olan Əli Əmrə dünya çempionatının mütləq qalibi adına layiq görülüb. Həmin növdə çıxış edən digər idmançımız Kaveh Yazani isə bürünc medalla kifayətlənib. Yarışıların komanda hesabında yekun nəticələrinə əsasən iki idmançı ilə təmsil olunan Azərbaycan üçüncü yeri tutub.
Benidormda keçirilən dünya çempionatında yığma komandamıza rəhbərlik edən Azərbaycan Bodibildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyatəliyevlə görüşüb onun yarış təəssüratlarını öyrəndik. O dedi: "Dünya çempionatına çox güclü heyətlə yollanmışdıq. Bodibildinq və klassik bodibildinq üzrə yarışlarda ən yaxış idmançılar çıxış edirdi. Bodibildinqçilərimizdən uğurlu nəticə gözləyirdik. Lakin buna müəssər olmadıq. Klassik bodibildinqdə isə özümüzü sübut etdik. Mən əminliklə deyə bilərəm ki, bu növdə dünyanın ən yaxşı idmançısı Azərbaycanı təmsil edir. Beynəlxalq federasiya tərəfindən mənə "Diamond Award” mükafatı verildi. Amma məni mütləq çəkidə Əli Əmrənin çempionluğu daha çox sevindirdi. Biz bununla sübut etdik ki, Azərbaycanda hər bir idman növünə diqqət və qayğı var. Bunu əldə olunan nəticələrdən aydın görmək olar”.


Anar Əhmədov