Hazırda dünyada bütün idman növləri sürətlə inkişaf edir. Bu idman növlərinin arasında bütün dünyada populyar olan bodibildinq də xüsusi yer tutur. Dünyanın əksər ölkələrində bu idman növü ilə həm kişilər, həm də qadınlar məşğul olur. Əlbəttə, həm kişilər, həm də qadınlar hər hansı bir idman növü ilə məşğul olmaq üçün öz seçimlərində azaddırlar. Müasir zamanda öz sağlamlığına və cazibədar xarici görnüşünə biganə qalmayan qadınlar da bəzən bodibildinqə böyük maraq göstərirlər. Lakin zərif cinsin nümayəndələrinin bu idman növünə maraq göstərməsi heç də birmənalı qarşılanmır. Qadın bədəni öz incəliyini qorumalıdır. Çünki bodibildinq bədəni bərkidir və qadının həddən artıq əzəələli bədəni sanki ona kobud görkəm verir. Bu da yuxarıda qeyd etdiyimiz kimi cəmiyyətdə heç də birmənalı qarşılanmır. Beləliklə, qadın bodibildinqi haqqında bəzi məlumatları çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq.
Görkəmini dəyişmək arzusunda olmayan qadınlara rast gəlmək çox çətindi. Əlbəttə ki, söhbət, ilk növbədə artıq çəkidən azad olmaqdan gedir. Əfsus ki, ehtiyatsızlığın əvəzini hərdən sağlamlıqla da ödəməli oluruq. Qadınlar bəzən artıq çəkidən qurtarmaq üçün bodibildinqə üz tuturlar. Lakin bu işdə mübahisəli məqam var. Qadın bodibildinqi nədir - gözəllik, yoxsa kobudluq?
Əvvəlcə bodibildinqin nə demək olduğunu anlamaq lazımdır. Ümumi tərif bu cür səslənə bilər: bodibildinq (kulturizm) insanın əzələ kütləsinin mükəmməlləşməsinə və inkişafına yönəldilmiş yüksək enerji təchizi ilə bağlı olan idman məşğələlərindən ibarətdir. "Qadın bodibildinqi - gözəllik, yoxsa çirkinlik?" sualını tam işıqlandırmaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır.
Qadın bodibildinqinin üstün cəhətləri: - Maksimal qısa müddətə artıq çəkidən azad olma;
- Əzələ kütləsinin lokal yolla təkmilləşdirilməsilə uyğun bədən forması əldə etmək;
- Orqanizmdə metabolizm prosesini sürətləndirmək;
- Qadın bodibildinqinin nöqsanları;
- Xeyli vaxt və güc alan həddən artıq fiziki yük;
- Ürək-damar fəaliyyəti pozğunluğu və hipertonik tutmalara meyllilik zamanı məşğələlərə əks təsirlərin olması;
- Əzələ kütləsinin tez bir zamanda gücləndirilməsi.
Bu məsələdə əsas problem yüksək fiziki yükə və karbohidrogen-zülal əsaslı qidaların yüksək sərfinə əsaslanaraq əzələ kütləsinin nəzarətsiz qaydada artmasıdır. Bununla belə, söhbət bölgülü qidalanmadan gedir: məşqə qədər karbohidtratlar, məşqdən sonra zülal. Güc tələb olunan işlərdə bu cür bölgüdən imtina etmək orqanizmin normal işinin pozulmasına səbəb ola bilər. Ona görə də, "qadın bodibildinqi - gözəllik, yoxsa kobudluq?" sualı yeni bir sual ortaya çıxarır: qadın bədənində əzələ gözəl görünürmü?
Qərbdə qadın kulturizmi hələ ötən əsrin ortalarından tətbiq edilməyə başlayıb
Qadınların bir çoxu bədən quruluşunu bodibildinqlə «nizamlamağa» tənqidi yanaşırlar. Bəziləri şeypinqlə, yaxud da step-ayrobika ilə məşğul olur, digərləri isə qaçışa üstünlük verirlər. Ən cəsarətlilər bodibildinqlə məşğul olmağa başlayırlar.
Bodibildinq 90-cı illərin əvvəllərindən geniş yayılmağa başlayıb. Qadınlar bodibildinqi uzun zaman ancaq kişilərə aid məşğələ kimi qəbul edirdilər, lakin vaxt keçdikcə özləri də maraq göstərməyə başladılar. Qərbdə qadın kulturizmi hələ ötən əsrin ortalarından tətbiq edilməyə başlayıb. Qadın bodibildinqi ilə bağlı fotolar ötən əsrin 50-ci illərində "İron Man" və "Strength and Health" kimi jurnallarda nəşr edilmişdi. Qızlar 1975-ci ildə ilk qadın kulturist Layz Layonun fotosu jurnallarda dərc edildiyi vaxtlar bodibildinqi təcrübədən keçirməyə başladılar. Həmin vaxt Layz yüksək əzələ kütləsinə malik deyildi, buna baxmayaraq, onun şəkillərinin yayılması həm mənfi, həm də müsbət rəylərə səbəb oldu.
Qadın bodibildinqi əzələləri mütləq şəkildə gücləndirir. Buna görə də, çəki ilə bağlı problemi olan əksər qızlar bodibildinqlə məşğul olmağa başladılar və vaxt keçdikcə gözəl bədən quruluşuna malik oldular.
Bodibildinqlə həddindən artıq məşğul olan qadınlar əzələlərini gücləndirən zaman, orqanizmin yağ ehtiyatı bitir, onlar isə bədəni yükləməkdə davam edirlər. Bu zaman orqanizm pozulmağa doğru gedir.
Hər şey qadının öz əlindədir
Uzun illər ərzində qadınların ideal bədən quruluşu bardə müxtəlif fikirlər səsləndirilib. 19-cu əsrdə kök qadın bədən quruluşu ideal sayılırdı. 21-ci əsrin əvvəlində isə arıq bədən quruluşu diqqətləri daha çox cəlb edir. Bu gün idmançılara malik bədən quruluşlu qızlara üstünlük verilir. Bodibildinqlə məşğul olan qızlar ilk baxışdan çox gözəl görünürlər. Lakin bu cür bədən quruluşu anadangəlmə olmur: belə bədən quruluşuna malik olmaq üçün uzun müddət və səylə çalışmaq lazımdır. Qidalanmaya nəzarət etmək, müntəzəm şəkildə fitneslə məşğul olmaq çox vacibdir.
Hər şey qadının öz əlindədir. Əksər qadınlar üçün həftədə bir neçə dəfə fitnes zalına getmək və trenajorun pedalını fırlatmaq kifayət edir. Bəziləri üçün isə bu, kifayət etmir, onlar tez-tez zala baş çəkməli və tədricən yüklərini artırmalı olurlar. Sonra isə bu, sistem şəklini alır və qızlar zala getməyəndə özlərini narahat hiss etməyə başlayırlar. Lakin bu, ciddi şəkildə bodibildinqlə məşğul olmağa başlayan istənilən qızın nəzərəçarpacaq nəticələrə nail ola biləcəyi demək deyil.
Kişi və qadın bodibildinqində fərq
Əksər kişilər bodibildinqə o qədər pərəstiş edirlər ki, sadəcə, əldə etdikləri nəticə üzərində dayana bilmirlər. Sonra məşq prosesində elə məqam yetişir ki, qarşıya qoyulan hansısa məqsədə nail olmaq çətin olur və steroidlərə üstünlük verilir. Eyni şey qadınlarda da baş verir. Yalnız fərq ondadır ki, qadınlar üçün ciddi nəticələrə nail olmaq daha çətindir. Qadınların qanında testosteronun səviyyəsi kişilərlə müqayisədə 25 dəfə azdır. Şübhəsiz, qadınlar da məşqlərə kişilər qədər vaxt sərf etsələr, daha güclü olacaqlar, lakin əzələləri müqayisə etmək mümkün deyil. Əzələləri böyütmək üçün böyük çəki ilə işləmək lazımdır. Həm kişilər, həm də qadınlar eyni məşğələni yerinə yetirə bilərlər, hətta yükləri də eyni ola bilər. Bədənlərində gedən kimyəvi proseslər isə fərqlənir. Belə olan halda da qadın əzələləri həcminə görə kişi əzələlərindən geri qalacaq.
Bodibildinqə gedən qadının ilk addımları
"Dəmir"i ələ almazdan öncə bəzi məqamları yaxşı yadda saxlamaq lazımdır:
* tələsmədən başlayın, böyük yüklərdən istifadə etməyin, səbrli olun:
* bədəninizin yüklərə necə reaksiya verdiyini hiss edin:
* məşq edərkən nəyi və necə etdiyinizi yadda saxlayın:
ağırlığı artırmaqda tələsməyin:
* əvvəlcə düzgün nəfəs almağı öyrənin, əsas tapşırıqları mənimsəyin və onları düzgün yerinə yetirməyə çalışın:
* tədricən yeni məşğələlərə başlayın:
* əlinizin vəziyyətini diqqətlə izləyin:
* məşğələlərə trenajorlardan başlayın, onların köməyi ilə əsas texnikanı mənimsəmək asandır.
Hər bir işdə həddi aşmaq lazım deyil
Zala ilk dəfə gələndə yanınızda dərhal saysız-hesabsız "məşqçilər" peyda olacaq, sizə tər tökənə qədər məşq etməyə və məşqdən sonra proteinli qida yeməyi məsləhət etməyə başlayacaqlar. Lakin ilk məşqdən özünüzü yormaq mütləq deyil. Onu bilin ki, əsas yükün miqdarı deyil, onun düzgün bölünməsidir. Alimlərin sübut etdiyi kimi, qadın üçün məşq prosesindəki orta yük fiziki imkan dairəsində yükün nəticəsi ilə bərabər tutulur.
Məşq üçün ən optimal vaxt gündüz saat 3-dən 4-ə kimidir. Məşqin davametmə müddəti həftədə 2-3 dəfədən çox olmamaq şərti ilə 40-45 dəqiqə nəzərdə tutulur. Ağır güc sərf olunan məşqlərdən sonra bədənin bərpası üçün 1-2 gün lazımdır. Ciddi şəkildə məşqlərin nəticələri artıq bir neçə aydan sonra hiss olunacaq. Əgər məşğələlərdə həftədən çox fasilə olubsa, yenidən fiziki forma toplamalı olacaqsınız. Əksər mütəxəssislər güc sərfi ilə müşayiət olunan yükləri üzgüçülük, aerobika, şeypinq və ya qaçışla uyğunlaşdırmağı məsləhət görürlər. Bir-birini əvəz edən yüklər əzələlərin işinə müsbət təsir edir. Bununla belə ehtiyatlı olun. Unutmayın ki, qadın bodibildinqi səhvi bağışlamır. Hər bir işdə həddi aşmaq lazım deyil. Qadın bodibildinqi gözəllik və çirkinliyin bir arada yer almasına bənzəyir. İstənilən qız bodibildinqlə olan həvəsini aradan qaldırmaq üçün bodibildinqçi qadınların şəklinə nəzər salsın. Təkcə bu kifayətdir ki, gənc, cazibəli qız öz bədənini «dəmir» kimi etməkdən əl çəksin.
Hazırladı:
Leyla Əsədova